Fərid Şahbazlı yeni layihəyə başlayır - AÇIQLAMA

Fərid Şahbazlı yeni layihəyə başlayır - AÇIQLAMA
MEDİA
01:50 26.11.2012
1381

Fərid Şahbazlı: “Daha güclü bir informasiya resursu üzərində işləyirik”

Qaynar.info xəbər portaının baş redaktoru F.Şahbazlı AZXEBER.COM-a açıqlamasında bildirib ki, saytdan ayrılır. O  bildirib ki, saytı əvvəlki sahibinə qaytarır: “Mən hazırda Qaynar.info portalının baş redaktoruyam, bu postdan gedəndə sizin də xəbəriniz olacaq. Ona görə, indi Qaynar.info-nun siyasi xəttində hansısa dəyişikliklərin olduğunu demək sadəcə məntiqsizdir. O ki qaldı elanlara, o elanı elə mən özüm Facebook profilimdə yazdığım statusda bəyan etmişəm. Yəni burda xüsusi gizli bir məsələ yoxdur. Qaynar.info-nun mənim jurnalistika fəaliyyətimdə mühüm rolu olub. Doğrudur, mən Qaynar.info-nun rəhbərliyinə keçəndə bu portalın internet media sahəsində özünəməxsus nüfuzu var idi.  Amma biz  də Qaynar.info vasitəsilə sübut etdik ki, gənclərdən formalaşmış bir komandayla ortaya real nəticələr qoymaq və ölkənin ictimai-siyasi dairələri tərəfindən ciddi informasiya resursu kimi qəbul olunmaq olar. Amma mən gəncəm, daima yenilik, dəyişiklik axtarışındayam. Artıq 3 ildir ki, bu sayta rəhbərlik edirəm. Hesab elədim ki, indi sıfırdan yeni bir portal yaradıb və onu cəmiyyətə bir brend kimi təqdim etmək gücündəyəm. Eyni zamanda çoxdan milli “AZ” domeni altında bir informasiya resursu yaratmaq arzusundaydım. Həm də yeni ad yeni manevrlər imkanı verir. Belə olan halda əlbəttə ki, saytı yenidən çox böyük hörmətlə yanaşdığım dostum Zahir Əzəmətə təhvil vermək qərarı verdim”.

“Bəziləri deyir ki, Zahir bəy saytı sizə işlətmək üçün vermişdi, bəziləri də deyir ki, sizə satmışdı. Hər kəsə maraqlıdır. Saytı işlətmək üçün sizə vermişdilər, yoxsa almışdınız?” sualına Şahbazlı belə cavab verib: “Hamı çox şey deyə bilər. Mən barəmdə müsbət və mənfi düşüncədə olan hər kəsin fikrinə hörmətlə yanaşıram. Əslində belə reaksiya bolluğu, bəzilərinin narahatlığı bizim nüfuzumuzdan xəbər verir. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, mənim Qaynar.info-ya baş redaktor gəlməyim də media üçün ciddi xəbər olmuşdu, indi getməyim haqqında informasiya da cəmiyyət tərəfindən maraqla izlənilir. O ki qaldı suala, bu sualın cavabını Zahir Əzəmət Qaynar.info-nu bizə təhvil verərkən vermişdi. Zahir bəy rəsmi bəyanatında qeyd etmişdi ki, saytın yeni komandaya verilməsi heç bir ticari anlaşma üzərində deyil. Bildirmişdi ki, təskinliyi sadəcə, portalın bundan sonra da yaşamasını görmək olacaq. Biz də sözümüzün üstündə dayandıq, fəaliyyətini dayandırmaqda olan Qaynar.info-nu nəinki yaşatdıq, hətta daha da inkişaf etdirib ölkənin ciddi xəbər portallarından birinə çevirdik. Bu mənada indi yeni layihəmizlə bağlı portalı Zahir Əzəmətə təhvil veririk. Bizim Zahir bəylə münasibətlərimiz çox yüksək səviyyədədir və əməkdaşlığımız bundan sonra da davam edəcək. Hətta bir neçə ay ərzində Qaynar.info bizim yeni yaradacağımız portala yönlənəcək”.

F.Şahbazlı yeni layihəsindən də danışıb: “Bəli, yeni və daha güclü bir informasiya resursu üzərində işləyirik. Hələ bəzi dəqiqləşdirilməmiş məqamlar olduğu üçün layihənin tam detalların açıqlamıram. Amma çox qısa zamanda bununla bağlı geniş məlumatları ictimaiyyətə açıqlayacağıq. Yeni portalımız ən gec dekabrın ayının əvvəlində fəaliyyətə başlayacaq. Həmişəki kimi məqsədimiz kəmiyyət deyil, keyfiyyət olacaq. Ciddi oxucu uğrunda mübarizə aparacağıq. Əminəm ki, yeni yaradacağımız portal internet media sahəsində özünəməxsus yer tutacaq”.

Qeyd edək ki, 3 il bundan öncə oxucular arasında geniş rəğbət qazanmış Qaynar.info saytının rəhbərliyində dəyişiklik olmuşdu. Həmin vaxtdan bəri sayta Fərid Şahbazlı baş redaktorluq edirdi. 

OXŞAR XƏBƏRLƏR