Fərid Şahbazlıdan AXCP Gənclər komitəsinin müraciətinə sərt cavab - AÇIQLAMA

GƏNCLİK
01:43 11.05.2012
1733
Fərid Şahbazlı: 'AXCP Gənclər komitəsinin 'Eurovision'a olan bu ögey münasibəti təəssüf doğurur' Xəbər verdiyimiz kimi, AXCP Gənclər Komitəsi 'Eurovision'da Bakıya gələcək turistlərə müraciət edib. Müraciətdə qeyd olunur ki, Azərbaycan hökuməti paytaxtdakı taksilərə göstəriş verib ki, "Eurovision" ərəfəsində Bakıya gələn əcnəbi jurnalist və ayrı-ayrı şəxsləri yalnız şəhərin mərkəzindəki abadlaşdırılmış küçələrlə aparsınlar. AXCP Gənclər Komitəsi bu haqda  beynalxalq təşkilatlara, əcnəbi və yerli mediaya  müraciət göndərib. AXCP Gənclər Komitəsinin müraciətinə münasibət açıqlayan "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, bu addım öz ölkəsinə və xalqına qarşı düşmən münasibətindən başqa bir şey deyil: "Kimin nə deməsindən asılı olmayaraq, onsuzda Azərbaycan dövləti bu müsabiqəni ən yüksək səviyyədə təşkil edəcək. Sadəcə olaraq, Azərbaycana öz mədəniyyətini, dəyərlərini, tarixi həqiqətlərini dünyaya yaymaq üçün mühüm şans tanıyan bu müsabiqəyə qarşı öz içimizdə olanların belə düşməncə yanaşması məni çox üzür və narahat edir. Bu qüvvələr hər fürsətdəcə ölkəmizin adını ləkələməyə, beynəlxalq nüfuzuna zərbə vurmağa çalışırlar. Bütün müraciətlərində də xalqa deyil, məhz onların himayədarı rolunda çıxış edən və Azərbaycana qarşı qərəzli mövqedə olan xarici dairələrə xitab edirlər. Ancaq unudurlar ki, Azərbaycan hakimiyyəti yalnız və yalnız onu formalaşdıran xalq qarşısında hesabatlıdır və heç bir xarici təşkilatın mövqeyi iqtidarın siyasətinə təsir edəcək gücdə deyil. Bundan başqa, Avropa ölkələri yarışmada Azərbaycanı təsadüfən dəstəkləməyib və onlar ölkəmizdə mədəniyyətlə yanaşı, insan hüququları və demokratiyanın səviyyəsindən də yaxşı məlumatlıdır. Əgər belə olmasaydı, bu dövlətlər müxalifətin həftə səkkiz mən doqquz onlara göndərdikləri qərəzli hesabatların fonunda belə Azərbaycan təmsilçilərini dəstəkləməzdilər. Bu mənada baxmayaraq ki, bu qara-piar kampaniyasının heç bir məntiqi nəticəsi olmayacaq, ancaq bütün hallarda AXCP Gənclər komitəsinin ümumxalq qələbəmizə olan bu ögey münasibəti təəssüf doğurur".

OXŞAR XƏBƏRLƏR