FIFA yarışları ölkə iqtisadiyyatına necə təsir edəcək? – AÇIQLAMA

FIFA yarışları ölkə iqtisadiyyatına necə təsir edəcək? – AÇIQLAMA
SOSİAL
15:16 29.09.2026
184

Xəbər verdiyimiz kimi, FIFA prezidenti Canni İnfantino Azərbaycana səfərə gəlib. 

İnfantinonun Bakıya səfəri və Azərbaycanda beynəlxalq futbol turnirlərinin keçirilməsi yalnız idman baxımından deyil, ölkə iqtisadiyyatı və turizm sektoru baxımından da diqqət çəkir. 

Oktyabrın son həftəsində Azərbaycanda U-15-lər arasında FIFA Dünya Çempionatının keçirilməsi, həmçinin 2027-ci ildə FIFA U-20 Dünya Çempionatının ölkəmizdə təşkili nəzərdə tutulur. Beynəlxalq yarışların keçirilməsi ilə Azərbaycana xarici idmançıların, azarkeşlərin, məşqçilərin və digər qonaqların gəlməsi gözlənilir. 

Bəs bu cür beynəlxalq idman yarışları Azərbaycan iqtisadiyyatına hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, beynəlxalq futbol yarışlarının keçirilməsi ölkədə bir sıra xidmət sahələrində əlavə iqtisadi aktivlik yarada bilər:

"Azərbaycanda FIFA U-15 Dünya Çempionatının keçirilməsi və 2027-ci ildə FIFA U-20 Dünya Çempionatına ev sahibliyi edilməsi ölkə iqtisadiyyatı üçün bir neçə istiqamətdə əlavə imkan yaradır. Belə beynəlxalq yarışlar ilk növbədə turizm, mehmanxana, restoran, nəqliyyat, pərakəndə ticarət və digər xidmət sahələrində əlavə tələb formalaşdırır. Xarici komandaların, məşqçilərin, futbolçuların, azarkeşlərin, FIFA nümayəndələrinin və media heyətinin ölkəyə gəlməsi xidmət sektorunda əlavə dövriyyə yarada bilər”. 

İqtisadçının sözlərinə görə, yarışların iqtisadi faydasını müəyyən edən əsas amillərdən biri xarici qonaqların ölkədə qalma müddəti və xərcləridir: 

"İqtisadi baxımdan burada yalnız ölkəyə gələn turistlərin sayı əhəmiyyət daşımır. Əsas məsələ onların Azərbaycanda neçə gün qalması və ölkə daxilində nə qədər xərcləməsidir. Turist oteldə qalır, restoranda qidalanır, nəqliyyatdan istifadə edir, alış-veriş edir və müxtəlif xidmətlərdən yararlanır. Bu xərclərin hər biri iqtisadiyyatın ayrı-ayrı sahələrində gəlir və məşğulluq yaradır. Ona görə də idman tədbirlərinin turizm strategiyası ilə əlaqələndirilməsi vacibdir”.

 

 

A. İbrahimov qeyd edib ki, beynəlxalq turnirlər Azərbaycanın xarici ölkələrdə tanıdılması baxımından da əhəmiyyət daşıya bilər:

"Bu yarışların Azərbaycan üçün digər mühüm təsiri beynəlxalq tanıtımdır. FIFA kimi qlobal auditoriyaya malik təşkilatın keçirdiyi yarışlar ölkənin adını beynəlxalq futbol ictimaiyyətində daha geniş auditoriyaya çıxarır. Əgər turnir çərçivəsində Azərbaycana gələn qonaqlar üçün Bakı ilə yanaşı digər turizm məkanlarına səfər imkanları yaradılarsa, iqtisadi faydanı paytaxtdan regionlara da yaymaq mümkündür. Yerli biznesin bu prosesə cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır. Otellər, restoranlar, nəqliyyat şirkətləri, turizm agentlikləri, tədbir təşkilatçıları, pərakəndə ticarət obyektləri və digər xidmət müəssisələri turnirlərin yaratdığı iqtisadi dövriyyədən maksimum istifadə etməlidir. Böyük beynəlxalq tədbirlər zamanı əsas məqsədlərdən biri pulun ölkə daxilində mümkün qədər çox biznes subyektinə çatmasını təmin etmək olmalıdır”. 

A. İbrahimovun sözlərinə görə, 2027-ci ildə keçiriləcək FIFA U-20 Dünya Çempionatı daha geniş iqtisadi və turizm imkanları yarada bilər:

"2027-ci ildə keçiriləcək U-20 Dünya Çempionatı Azərbaycan üçün daha böyük iqtisadi və turizm potensialına malikdir. U-20 turniri ölkədə beynəlxalq futbol tədbirlərinin təşkilində təcrübənin artırılması, idman turizminin inkişafı, könüllülük və insan kapitalının formalaşması baxımından da əhəmiyyətlidir. Bu tədbirlər gələcəkdə Azərbaycanın digər beynəlxalq idman yarışlarını cəlb etmək imkanlarını da genişləndirə bilər. FIFA U-15 və U-20 dünya çempionatlarına yalnız stadionlarda keçirilən futbol yarışları kimi yanaşmaq düzgün olmaz. Bu tədbirlər turizm, xidmət sektoru, nəqliyyat, ticarət, reklam, media və kiçik biznes üçün əlavə iqtisadi aktivlik yaradır. Əsas nəticə yarışların keçirildiyi günlərdə əldə olunan gəlirlə məhdudlaşmamalıdır. Azərbaycan bu tədbirlərdən istifadə edərək yeni turist axını formalaşdıra, yerli biznesi beynəlxalq xidmət zəncirinə qoşa və ölkənin idman turizmi potensialını uzunmüddətli iqtisadi üstünlüyə çevirə bilər”. 

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR