"Filankəs müəllimin məktəbi”, "filankəs xanımın məktəbi” yaxşı anlayış deyil. Burada biz yaxşı məktəbdən yox, ayrı-ayrı şəxslərin arzularından danışmış oluruq. Əslində 1, 2, 3 nömrəli məktəblər arasında fərq olmamalıdır. Hamı çalışmalıdır ki, protokolu eyni şəkildə tətbiq etsin”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün əvvəl keçirdiyi təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, hər bir direktor məktəbin inkişafı üçün eyni cür çalışmalıdır: "Yaradıcılıq göstərib özündən protokol yazmağa ehtiyac yoxdur. Hərə bir protokol yazanda təhsil yaxşı olmur. Onlar sadəcə protokolun hazırlanmasında iştirak edə bilərlər”.
Nazirin bu açıqlamasına Milli Məclisin deputatı Razi Nurullayev münasibət bildirib.
Deputat AZXEBER.COM-a açıqlamasında deyib ki, məktəblər direktor və ya müəllimlərin adı ilə deyil, öz fəaliyyəti, təhsil keyfiyyəti və nəticələri ilə tanınmalıdır:

"Zənnimcə, hər hansı məktəbin "filankəs xanımın məktəbi”, "filankəs müəllimin məktəbi” kimi tanınması normal hal olmamalıdır. Məktəb ilk növbədə direktorunun adı ilə deyil, öz adı, fəaliyyəti, təhsil keyfiyyəti və qazandığı nəticələrlə tanınmalıdır. Dünyanın inkişaf etmiş təhsil sistemlərində məktəblər, universitetlər və digər təhsil müəssisələri, bir qayda olaraq, konkret şəxsin şəxsi mülkü və ya şəxsi brendi kimi təqdim olunmur. Direktor dəyişə bilər, müəllimlər dəyişə bilər, amma məktəbin institusional kimliyi və adı qalır. Bu, sağlam idarəçilik və institusional mədəniyyətin göstəricisidir.
Əslində məsələ təkcə təhsilə aid deyil. Bizdə uzun illər bir çox sahələrdə institutların deyil, şəxslərin önə çıxması ənənəsi olub. Siyasi partiyaların bir çoxu proqramından və institusional kimliyindən daha çox sədrinin adı ilə tanınır. Dövlət qurumlarında da bəzən eyni mənzərəni görmək mümkündür. Halbuki güclü dövlət və güclü cəmiyyət şəxslərdən asılı olmayan, öz qaydaları və nüfuzu olan institutlar üzərində qurulur.
Son illərdə isə dünyada və ümumən idarəçilik mədəniyyətində şəxsiyyət faktorunun əvvəlki qədər dominant olmaması müsbət tendensiyadır. İnsanlar getdikcə daha çox qurumun özünə, brendinə, reputasiyasına, nəticələrinə və yaratdığı dəyərə baxırlar.
Millət vəkili həmçinin qeyd edib ki, direktor həmin məktəbin rəhbəridir, onun siması ola bilər, amma məktəbin özü direktorun şəxsi adı ilə eyniləşdirilməməlidir:
"Məktəbin də öz brendi, öz reputasiyası, öz ənənəsi və öz adı olmalıdır. Direktor həmin məktəbin rəhbəridir, onun siması ola bilər, amma məktəbin özü direktorun şəxsi adı ilə eyniləşdirilməməlidir. Əgər bir məktəb uğurludursa, "bu filankəsin məktəbidir” deməkdənsə, "bu məktəb güclü təhsil nəticələri ilə seçilir” demək daha doğru yanaşmadır. Çünki şəxs dəyişir, institut qalır. Məncə, nazir Emin Əmrullayevin bu məsələyə diqqət çəkməsi məhz bu baxımdan vacibdir. Biz tədricən "şəxsiyyət mərkəzli” yanaşmadan "institut və nəticə mərkəzli” yanaşmaya keçməliyik. Bu, yalnız təhsilin deyil, bütün idarəçilik sisteminin inkişafı üçün vacibdir”.
Günel Hüseynli












































