Bu gün Litvada 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunan Palanqa turnirində final oyunu keçirilib. Həlledici oyunda qalib adı uğrunda Azərbaycan millisi də mübarizə aparıb.Təbriz Həsənovun yetirmələri son görüşünü meydan sahiblərinə - Litva yığmasına qarşı keçirib. Hansı ki, millimiz kimi, bu komanda da qrup mərhələsini birinci pillədə başa vurmuşdu. Təəssüf ki, həlledici oyun yığmamız üçün uğursuz alınıb. Görüşün ilk yarısında qapısında qol görən Həsənovun futbolçuları bunun əvəzini çıxa bilməyiblər və görüşü minimal hesablı məğlubiyyətlə bitiriblər. Nəticədə Azərbaycan millisi turniri ikinci yerdə başa vurmalı olub.Qeyd edək ki, Azərbaycan millisi bu turnirdəki ilk oyununu Latviyaya qarşı keçirmiş və 2:0 hesabıyla qalib gəlmişdi. Qrupun digər matçında Belarus ilə 1:1 hesablı heç-heçə millimizin finala çıxması ilə nəticələnmişdi.