Albaniyada müxalif Demokrat Partiyasının deputatları əllərində fişənglər, tüstü qumbaraları və küçə etirazları zamanı xəsarət alan aksiya iştirakçılarının fotoları ilə parlamentin tribunasına çıxaraq iclasın gedişini pozublar.
AZXEBER.COM oxu.az-a istindən xəbər verir ki, bu barədə "Shqiptarja" nəşri məlumat yayıb.
İclasdan yayılan kadrlarda deputatların yeni qanun layihəsi üzrə səsvermə zamanı tribunaya çıxaraq fişənglər yandırdıqları görünür. Müxalifət nümayəndələri Baş nazir Edi Rama zala daxil olarkən fişənglər və mavi tüstü qumbaraları yandırıblar.
Nəşrin məlumatına görə, bundan bir qədər əvvəl Demokrat Partiyasının lideri Sali Berişa hakimiyyəti nümayişçilərlə qəddar davranmaqda ittiham edib. Buna görə də ona həmin günün sonunadək parlamentdə çıxış etmək hüququ verilməyib.
Qeyd edək ki, Albaniyada tələbə etirazları oktyabrın 13-də başlayıb. Etirazlara təhsil haqlarının yüksək olması, universitetlərdəki şərait və iş imkanları ilə bağlı narazılıq səbəb olub. Sonradan nümayişçilər hökuməti korrupsiyada ittiham edərək Edi Ramanın istefasını tələb etməyə başlayıblar. Aksiyalara müəllimlər də qoşulublar.
Albaniyanın Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 13-dən 18-dək davam edən etirazlar zamanı 303 nəfər xəsarət alıb. Nümayişçilər dövlət binalarına da hücum edib, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşublar.











































