Fransa mətbuatı Senatın qərarını tənqid edir.
AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, “Liberation” qəzetinin iki səhifədən verdiyi xəbərdə bildirilir ki, həm sağda, həm də solda ikiyö bölünən senatorlar dekabrın 22-də Milli Assambleyanın qəbul etdiyi qərarı təsdiqləyib. Qərarın iqtidar və müxalifət partiyası içərisində çatlara səbəb olduğu, yalnız radikal solçular və yaşılların blok halında layihəyə qarşı çıxdığı bildirilib. “Liberation” Türkiyə rəsmi dairələrinin Fransaya qarşı cavab adımlarına hazırlaşdığını yazır. Qəzet Türkiyənin səfirini müddətsiz olaraq geri çəkməsinin, ticarət və iqtisadiyyat sahələrində sanksiyalar tətbiq etməsinin gözlənildiyini bildirir. Fransanın böyük bazarlardakı iş həcmini itirməkdən qorxduğunu yazan qəzet bu işlər arasında atom elektrik stansiyası inşaatının və “Nabukko”nun olduğunu vurğulayır.
Fransanın digər qəzeti “Le Monde” isə keçən şənbə günü türklərin Parisdə keçirdiyi aksiyanı xatırladır. Qəzetin internet saytında yer alan xəbərdə isə Nikola Sarkozi tərəfindən dəstəklənən qanun layihəsinin Türkiyə ilə gərginliyə səbəb olduğu bildirilir. Xəbərdə Türkiyənin artıq Fransa parlamenti qanunu geri çəkənə qədər təzyiq göstərməyə hazırlaşdığı qeyd edilir: “Qanunun qəbul olunmasından dərhal sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bunun daimi nəticələr doğuracağını bildirdi. Bir hökumət sözçüsü isə “Fransa strateji müttəfiqini itirmək üzrədir” dedi. Fransa indi Türkiyədən gələcək reaksiyaları gözləyir”.