Xalid KazımlıFutbol nədir axı? Belə baxanda heç nə. Oyundur. Əyləncədir. Tamaşadır. 22 kişi yuvarlaq meşini ora-bura qovur, bir-birindən 7 metr aralıda basdırılmış iki dirəyin arasından keçirir. Vəssalam. Futbolun gerçək mahiyyəti budur.
Ancaq insanlar bu oyunu elə fetişləşdirib, elə ideallaşdırıblar ki, bu gün futbol ölkələrarası, şəhərlərarası, məhəllələrarası müharibənin simvoluna çevrilib.
Çex yazıçısı Yaroslav Qaşekin 100 il əvvəl futbol azarkeşliyi barədə yazdığı qara yumorla dolu hekayəsi var, iki şəhərin əhalisinin futbola görə bir-birini şil-şikəst etməsindən, qırıb çatmasından bəhs edir.
Bu xüsusda vəziyyət nəinki dəyişməyib, hətta artıq müharibənin özünə çevrilib.
Artıq neçə vaxtdır futbola görə dünyanın hər tərəfində adam öldürürlər.
Sıra bizə də çatdı. Futbol ehtirası bir gənc jurnalistin canına qıyılmasına səbəb oldu. Yazdığı bir kəlmə sözə görə adamın ən böyük cəzası telefonla deyiləsi “özünsən!” olmalıydı. Ancaq o, amansız sui-qəsdə məruz qaldı və bu gün həyatda yoxdur.
Uzun illər öncə “Mançester Yunayted”in, “Liverpul”un, digər ingilis komandalarının azarkeşlərinin Avropanın müxtəlif şəhərlərində futbola görə kütləvi dava-dalaşlar salmaları, ölüb-öldürmələri barədə xəbər oxuyanda onları dəli sayardıq.
İtalyan tiffozilərini manyak hesab edərdik. Moskva “Spartak”ının fanatik azarkeşlərini spirtli içkilərin təsirindən anlaqsızlaşmış kütlə kimi qəbul edərdik.
Onlara qibtə etməzdik. Onlar kimi olmaq istəməzdik. Bəlkə stadiona bir az çox tamaşaçı, azarkeş gəlməsini istəyərdik, amma gələnlərin futbol ehtirasına qapılıb bir-birini döyüb-zədələməsini arzu etməzdik.
Qardaş Türkiyədə “Qalatasaray” və “Fənərbağça” klublarının azarkeşləri arasında ildə bir neçə dəfə keçirilən və “derbi” adlandırılan matç ərəfəsində və sonrasında yaşanan kütləvi qarşıdurmanı, az qala vətəndaş müharibəsi həddinə çatan düşmənçiliyi heç vaxt təqdir etmirdik, belə bir futbol rəqabətinin, əndazəsini aşmış futbol ehtirasının ölkəmizə transfer etməsini istəmirdik.
Fəqət bütün zərərli şeylər yoluxucu olduğu kimi, maniakal futbol ehtirası, fanatik klub təəssübkeşliyi bizim ölkəmizə də sirayət edib.
Bunun işartıları hələ bir neçə il öncədən görünürdü. Paytaxt komandaları ilə əyalət komandalarının arasında keçirilən oyunlarda zaman-zaman azarkeşlərin söyüşmələri, əlbəyaxa davaya girişmələri halları baş verirdi.
Amma xoşbəxtlikdən, ağır yaralanan, ölən olmurdu.
Budur, ölkə futbolu ilk qurbanını aldı. Jurnalist Rasim Əliyev futbol ehtirasının güdazına getdi.
Əgər o, “Qəbələ”nin kapitanını sosial şəbəkədə tənqid (bir az da təhqir) etməsəydi, futbolçunun qohumlarını və ya fanatlarını qəzəbləndirməsəydi, onunla kimin nə işi ola bilərdi? Heç kimin.
Rasim təxmin edə bilməzdi ki, futbol ehtirasının şiddəti bu ölkəyə də çatıb və bu, onun qətlinə səbəb ola bilər.
Bu ölkədə jurnalistlər yüksək ranqlı vəzifə adamlarını, oliqarxları, adlı-sanlı, imkanlı şəxsləri zaman-zaman daha sərt şəkildə tənqid ediblər və edirlər. Hər tənqidə görə onların qohum-əqrəbası tökülüb jurnalisti döysəydi, öldürsəydi, indi ayrıca bir jurnalist qəbristanlığı salınmış olardı.
Maraqlıdır, jurnalistə hücum edənlər nə fikirləşiblər? Düşünüblər ki, köməkləşəcək, çəlimsiz bir jurnalisti döyəcəklər və heç bir cəza almadan həyatlarına davam edəcəklər?
Belə bir düşüncədə olmaq üçün sağlam mühakimə qabiliyyətini itirmək lazımdır. Təəssüf ki, futbol fanatikləri çılğınlaşdıqları halda bu qabiliyyətdən məhrum olur, hərəkətlərinin nəticəsini fikirləşmirlər.
Kim nə deyir, desin, aşırı futbol fanatizmi dəliliyin bir növüdür, bunu psixiatriya elmi öyrənməlidir.
Yoxsa yuvarlaq dəri iki şalbanın arasından keçəcək, ya keçməyəcək, nə dəxli var. Cəhənnəmə keçsin-keçməsin, bu, insan həyatından önəmlidirmi?
Klub rəhbərləri, məşqçilər, futbolçular bu təsərrüfatdakı fəaliyyətlərinə görə milyonlar qazanırlar, villalarda yaşayır, superbahalı avtomobillər sürürlər, onların futbol ehtirasının motivi bəllidir, ancaq cibinə bir manat girməyən, əksinə, ciblərindəki olan-qalan pullarını da çəkib aparan, vaxtlarını, enerjilərini sümürən bu oyundan ötrü özlərinin və başqalarının sağlamlıqlarına ağır zərbə vurmalarının heç bir mənası yoxdur.
10 il əvvəl hesab olunurdu ki, siyasi jurnalistika təhlükəli peşədir, indi məlum olur ki, idman jurnalistikası da təhlükəli imiş. Bir kəlmə sözə görə adam öldürdülər. Ta nə olsun? /// musavat.com