Futbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salındı.
Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çərşənbə günü Trend-ə bildirib ki, şaxtalı-qarlı və güclü küləkli hava şəraiti ilə əlaqədar Unibank Premyer Liqasının həftəsonu təşkil edilməli olan oyunları təxirə salınaraq martın 7-nə keçirilib.
Unibank Premyer Liqasının ikinci dövrəsinin ilk oyunları fevralın 10-11-də baş tutmalı idi.
XIX tur çərçivəsində fevralın 10-da AZAL (Bakı) - "Sumqayıt" (Sumqayıt), "Qarabağ" (Ağdam) - "Simurq" (Zaqatala), fevralın 11-də isə "Turan" (Tovuz) - "Xəzər Lənkəran" (Lənkəran), "İnter" (Bakı) - "Rəvan" (Bakı), "Kəpəz" (Gəncə) - "Qəbələ" (Qəbələ), "Bakı" (Bakı) - "Neftçi" (Bakı) oyunları keçirilməli idi.
Qeyd edək ki, dünəndən Azərbaycan ərazisində havanın temperaturu kəskin düşüb. Bakıda çovğun başlayıb və havanın temperaturu səhər saatlarında mənfi 9-10 dərəcə olub.
Azərbaycanın əksər rayonlarında qarlı və şaxtalı hava şəraiti hökm sürür. Qeyri-sabit hava şəraiti fevralın 10-na kimi davam edəcək.