Filmdə narkomaniyadan, gənclərin düşdüyü acınacaqlı vəziyyətdən, sosial vəziyyətindən asılı olmayaraq valideyinlərin övladlarına bivec yanaşmalarından bəhs edilir. Filmin qəhrəmanı Natiq uşaq yaşlarından siqaret çəkir, dərslərinə məsuliyyətsiz yanaşır. Valideynləri isə Natiqin bütün əməllərinə göz yumur, uşaqlarıyla maraqlanmırlar. Burada əsas günah valideynlərindədir. Belə ki. imkanlı atanın başı işə qarışır, oğlu yaddan çıxır, ananın isə bütün günü gözəllik salonlarında, paltar mağazalarında keçir. Bununla da Natiqin faciəsinin əsası qoyulur. Filmdə Natiqlə yanaşı Fira, Ataş və Şaxa adlı qəhrəmanlar da var. Bivec, məsuliyyətsiz valideynlərin olması bu 4 nəfərin ortaq cəhətidir. 4 dost oğurluğa başlayır, narkotik maddələrdən istifadə edir. Günlərin bir günü Natiq dostlarından ayrılmaq qərarına gəlir. O, “moyka”da işə düzəlir və özü dediyi kimi “əsl kişi kimi” pul qazanmağa başlayır. Bundan sonra ayrılmaz dostların faciəsi başlayır. Fira dükandan oğurluq edərkən yaxalanır, Şaxanın sevgilisi isə ona fahişə kimi davranır, bütün ümidlərinin puça çıxdığını görən qız “sevgili”sini bıçaqlayır. Sadalanan bu faciələrin fonunda Natiqin işləri əla gedir. O artıq adlı-sanlı biznesmen kimi tanınır. Özünün dediyi kimi “Həyat onu güldürməsə də, o həyatı güldürmək üçün hər şey edir”. O, keçmiş dostlarını yanına gətirib onlarla bir yerdə işləmək istəyir. Amma dostlarıyla “xoş” anlar keçirdiyi məkana gələndə tam başqa mənzərəylə qarşılaşır. Dostu Ataş da həmin gün narkotikin qurbanı olur. Beləliklə, o bütün dostlarını itirir. Film Natiqin uşaqlıq dostu olan Firayla görüşməsi ilə bitir. Fira dilənçi görkəmində Natiqin qarşısına çıxır.
45 dəqiqəlik “Özgə günah” filmini yalnız müsbət qiymətləndirmək olar. Filmdə Natiqin qocalığını oynayan Fərman Abdullayevin də filmlə bağlı fikirlərini öyrəndik: “Film çox xoşuma gəldi. Bu film gənc bir insanın-Elvin Abdullayevin zəhmətiylə ərsəyə gəlib. Hər şeyi o özü edib, bu qədər aktyorun bir araya gətirmək, onları inandırmaq asan iş deyil. Mən filmdə yalnız epizodik rolda oynamışam. Bakı Tədris Teatrına bu qədər insanın yığışması onu göstərir ki, “Özgə Günah” filmi artıq uğur qazanıb. Bundan sonra da mənə dəvət gəlsə, böyük məmnuniyyətlə oynayaram.
200 nəfərlik Bakı Tədris Teatrına filmi izləmək üçün 250-dən çox adam toplaşmışdı. Gənclər də filmdən razı qalmışdı. Bakı Dövlət Universiteti Jurnalistika fakultəsinin tələbəsi Əfsələddin Ağalarov: “Filmi çox bəyəndim. Doğurdan da çox aktual mövzuya toxunulub. Bu daha çox maarifləndirici filmdir. Gənclər və valideynlər “Özgə Günah”dan ibrət alsalar yaxşı olar”. 11 saylı Peşə litseyinin tələbəsi Hüseyn Mustafazadə də film haqda fikirlərini söylədi: “Mən bir film həvəskarı kimi deyə bilərəm ki, son illərdə Azərbaycanda belə film izləməmişdim. Bu kino mənə çox təsir etdi. Çox istərdim ki, bu filmi bütün gənclər izləsin”.
Qeyd edək ki, “Özgə Günah” filminin ali məktəblərdə nümayişi də planlaşdırılır. Bundan başqa film Berlin Kino Festivalında da iştirak edəcək.
Hacıbəy Heydərli, 525-ci qəzet