Gənclər 30 aprel günü aksiya keçirəcəklərini bir daha bəyan etdilər

GƏNCLİK
07:37 24.04.2011
1840

Zaur Qurbanlı: «Biz aprelin 30-da terror qurbanlarının ruhunu yad etmək istəyirik»

“Azad gənclik” təşkilatı və “Nida” vətəndaş hərəkatının aprelin 30-da Neft Akademiyasındakı terrorun qurbanlarını yad etmək üçün planlaşdırdığı tədbirin qarşısı alına bilər. Bunu Daxili Işlər Nazirliyinin bəyanatına əsasən söyləmək olar. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə mətbuata açıqlamasında bildirib ki, həmin gün universitetin daxilində 30 apreli qeyd etmək üçün tədbir keçiriləcək. Iştirak etmək istəyənlər ora qatıla bilərlər. Lakin Neft Akademiyasının qarşısında ictimai asayişin pozulmasına imkan verilməyəcək.
Məsələ ilə bağlı “Azad gənclik” təşkilatı və “Nida” Vətəndaş Hərəkatının nümayəndələrinin münasibətini öyrəndik.

“Azad gənclik” təşkilatının sədri Ülvi Həsənli bildirdi ki, aksiya təşkilatçılarının məqsədi aprelin 30-da dinc anım tədbiri keçirməkdir. Və bu aksiya zamanı heç bir şüar səsləndirilməyəcək: “Bizim təşkilatın üzvləri Neft Akademiyasının qarşısında həmin gün şam yandırıb, gül qoyacaqlar. Məqsədimiz anım aksiyası keçirməkdir. Əgər bu aksiyaya qarşı zor işlədilərsə, həmin insanlar yalnız özlərini biabır edəcəklər. Çünki bizim aksiyamız mahiyyətcə dinc olacaq və ona qarşı adekvat olmayan gücün istifadə olunmasına ehtiyac yoxdur”.

“Nida” Vətəndaş Hərəkatının Idarə Heyətinin üzvü Zaur Qurbanlı bildirdi ki, DIN rəsmisi Neft Akademiyasının qarşısında ictimai asayişin pozulmasına yol verməyəcəklərini söyləyib. Gənclər isə həmin gün asayişi pozmaq niyyətində deyil: “Məqsədimiz polisə müqavimət göstərmək, asayişi pozmaq deyil. Biz həmin gün dünyasını dəyişənlərin ruhunu yad etmək istəyirik. Və addımlarımız dinc xarakterli olacaq. Inanırıq ki, polis bizim aksiyamıza şərait yaradacaq”.

OXŞAR XƏBƏRLƏR