Gənclər yay tətili müddətində necə qazanc əldə edə bilərlər?

GƏNCLİK
19:09 30.03.2011
3221

Azərbaycanda əvvəllər, daha doğrusu, Sovet dövründə şagirdlərin istirahəti və eyni zamanda istirahət müddətində onların müəyyən həcmdə qazanc əldə etməsi üçün “Şagird İstehsalat Briqadası” adlı müxtəlif düşərgələr təşkil olunardı. Belə ki, 8-ci sinif də daxil olmaqla yuxarı sinif şagirdlərinin çalışdıqları düşərgələrdə əldə etdikləri kiçik məvacib onların az da olsa ehtiyaclarını qarşılamağa imkan verirdi. Lakin hazırda, Azərbaycanın sürətlə inkişaf etdiyi bir dövrdə şagirdlər, eləcə də gənclər üçün belə bir şərait varmı? Bu kimi imkanın olub-olmadığını öyrənmək üçün ilk olaraq məsələnin iqtisadi tərəfinə toxunmaq və ekpert rəyi öyrənmək qərarına gəldik. Bu məqsədlə iqtisadçı ekspert, İctimai Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) sədr müavini Rövşən Ağayevə müraciət etdik.

Şagirdlər yay mövsümündə istirahət etməklə yanaşı, ehtiyaclarını müəyyən qismdə ödəmək üçün hansı sahələrdə çalışa bilərlər?

- Sovet dövründə uşaqlar tarlalara aparılırdı. Yadımdadı, onlar təkcə yay dövründə deyil, hətta məktəb müddətində də işləyirdilər və əvəzində onlara müəyyən vəsait ödənilirdi. İnkişaf etmiş ölkələrdə o cür kamplar, yəni düşərgələr gəlir əldə etmək üçün deyil, müxtəlif istiqamətlərdə, daha çox uşaqlara əməklə bağlı müəyyən peşələri, yaradıcı işlər təşkil etmək və öyrətmək üçün təşkil olunurdu. Məsələn, hazırda Rusiya, Türkiyə və Avropanın bir sıra ölkələrində belə bir şey var. Orada təkcə şagirdlər üçün deyil, hətta tələbələr üçün kamplar var. Onların işlərinin nəticələri sərgilərə çıxarılıb satılır və ya hansısa müəssisə ilə razılışamalar əldə edilərək satılır, yəni bu tamamilə mümkündür. Amma biz elə bir ölkədə yaşayırıq ki, bura nəinki azyaşlı şagirdlər, eləcə də yaşlı insanların əmək fəaliyyətlərini, məsələn, toxuculuq, rəngsazlıq və s. bu kimi məhsullarını çıxarıb satması, onlara alıcı tapması üçün böyük problemləri olan ölkədir.

Amma hər halda cəhd etmək olar. Deyim ki, Azərbaycanda hazırda kamplar çox böyük problemdir. Yay dövründə şagirdlərin istirahətini təşkil etmək ümumiyyətlə bir nömrəli problem hesab edilir, yəni gənclərin mənəvi-fiziki inkişafı üçün bir nömrəli problem hesab olunur. Sovet dövründə isə pis-yaxşı belə şey var idi.

Düşərgələrin təşkili üçün nə etmək lazımdır?

- Burada məsələn, siz mətbuat işçisi kimi bu istimqatdə təbliğat apara bilərsiniz, bu məsələni hökumətin yadına sala bilərsiniz. Biz isə QHT ekspertləri kimi bunun başqa ölkədə varlığını deyə və bunun bizim Azərbaycanda da olduğunu xatırlada bilərik. Amma ən önəmli rol hökumətin üzərinə düşür. İlk növbədə qeyd edim ki, hökumət təhsillə bağlı xeyli proqramlar qəbul edir. Görün qəbul edilən proqramlara nəzər saldıqda orada uşaqların, gənclərin istirahətinin təşkili, onların yaradıcılıq fəaliyyətinin təşkili, hətta hazırladıqları məhsulların satışı ilə bağlı hər hansı bir layihə görəkcəsiniz? Ümuimiyyətlə, şagirdlərin yay istirahətini təşkil etmək, onların yaradıcı fəaliyyətinin təşkili ilə bağlı hökumətin normal bir proqramı olmalıdır. Hökumət əvvəlcə proqram qəbul etməlidir və ölkənin regionlarında, xüsusən təbiəti daha cəlbedici olan ərazilərdə, məsələn, xatırlayırsınızsa Sovet dövründə o vaxt Qutqaşen adlandırılan indiki Qəbələdə böyük yay düşərgəsi var idi. İndi isə səhv etmirəmsə, ancaq Daxili İşlər Nazirliyinin Çingiz Musatafayev adına düşərsi var. Hökumət tələbata uyğun, məsələn, potensial olaraq oxuyanların sayını nəzərə alaraq və şagirdlərin yaş həddini, yəni həmin proqrama uyğun olaraq neçə düşərgələr, böyük komplekslər, kamplar tikmək məsələsini ortaya qoya bilər. Bunun da təbii ki, maliyyələşməsi hökumətin üzərində olacaq. Bu hökumətin qəbul edəcəyi qərardır, amma təxmini yolu bundan ibarətdir.

Belə düşərgələr “uşaqların istismar olunması” qanuna zidd deyilmi?

- Xeyr. Çünki bu məcburi əmək şəklində deyil ki, uşaq əməyinin istismarı hesab edilsin. Sadəcə olaraq burada qazanc götürməsindən daha çox məsuliyyət onların yaradıcı peşələrə, əməyə yiylənmələri, xüsusən də, qısa müddət ərzində yaradıcı məşğuliyyətə cəlb edilməsi, maraq oyatmasıdır. Burada daha sonra o məhsulların böyük bazara çıxarılıb satmağından söhbət getmir, sadəcə olaraq uşaqları həvəsləndirmək üçün müəyyən qazanc əldə edilməsi üçün kiçik sərgilər keçirib həmin sərgilər vasitəsi ilə qazanc əldə etmək mümkündür. Mən həmin düşərgələri uşaqların işləməsindən daha çox onların dincəlməsi kimi görürəm. Ancaq kiçik gəlir əldə etmək üçün kamplar yaradıla bilər və orada şagirdləri xüsusi yaradıcı işlərə, peşələrə alışdırmaq olar. Xüsusən də böyük sinif şagirdlərini, həm də orada ağır fiziki işdən söhbət getmir. Məsələn, məhsulları varsa, nəsə hazırlaya, düzəldə bilərlər.

Bu işlə konkret olaraq hansı qurumlar məşğul olmalıdırlar?

- Bu əsasən hökumətin, Nazirlər Kabinetinin işidir. Məsələn, buraya Səhiyyə Nazirliyi qarışmalı deyil, bu nazirlik sadəcə olaraq düşərglərdə müəyyən səhiyyə otaqları təşkil edə bilər. Gənclər və İdman Nazirliyi isə daha çox 18 yaşdan sonrakı gənclər kateqoriyasına aiddir. Bu baxımdan burada həlledici qurum Təhsil Nazirliyidir və təbii ki, baş nazirin rəhbərliyi ilə Nazirlər Kabineti. Bundan başqa, Prezident Administrasiyasında humanitar şöbə var, həmin qurum da bu məsələlərə diqqət ayırmalıdır. Yəni qurumların konkret adı və vəzifələri var.

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin nəzdində olan Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin direktoru Qədəmşah Sadıxovun da fikrini öyrənməyə çalışdıq.

Təhsil prosesinə birbaşa qarışmaq mandatına malik olmadıqlarını bildirən Qədəmşah Sadıxov məsələ ilə bağlı əsas fəaliyyətin Təhsil Nazirliyinə aid olduğunu bildirib: “Biz onu haradasa ümumi gənclər siyasəti nöqteyi nəzərindən onu tənzimləyirik. Birbaşa təhsil ocağına və məktəbə müdaxilə etmək bizim mandatdan kənardır. Amma buna baxmayaraq ümumi gənclər siyasəti çərçivəsində müəyyən işlər görülür”.

Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin başlıca vəzifəsi dövlət gənclər siyasətinin elmi bazasının qurulmasıdan ibarətdir. Bizim mərkəz ölkə prezidentinin fərmanı ilə yaradılıb. Dövlət gənclər siyasəti üzrə elmi yanaşmalar, perespektivlərin müəyyənləşdirilməsi, hansı istiqamətlərdə inkişaf etməsi, gənclər siyasətinin bugünkü mövcud vəziyyəti, onların problemi – bütün bunları müəyyənləşdirmək üçün müəyyən mövzuda sorğular keçirilir. Gənclərin fikirlərini, hər hansı bir prosesə münasibətlərini öyənirik, müxtəlif tövsiyyələr verən kitabçalar çap edilir. Burada mövzular sırf şagirdlərlə bağlı deyil, ümumiyyətlə gənclərdən söhbət gedir.

Gənclərin əsas problemi nədən ibarətdir?

- Əsas amil sosiallaşma məsələsidir. Tələbələr, o cümlədən şagirdlər özlərini cəmiyyətdə tapmaqdan əziyyət çəkir. Asudə vaxtın təşkili, məşğulluğun təşkilində çətinlik çəkirlər. Bunun səbəbi nədir? Məncə, cəmiyyətə qovuşmaq, inteqrasiya etmək, özünü cəmiyyətdə yaxşı hiss etmək üçün çətinlik çəkirlər. Son zamanlar isə gənclər internetə daha çox üstünlük verirlər. Onlar özlərini virtual aləmdə daha rahat hiss edilər. Amma real həyatda isə çətinlik çəkirlər. Çünki real həyata daha çox yer ayırmırlar, vaxtlarının böyük hissəsi gedir virtual həyata. Bununla da bağlı onların məşğulluq məsələləri, iş tapmaq məsələlərində problemlər yaranır. Bəzən gənclər deyir ki, Azərbaycanda işsizlik problemi var.

Sizə Azərbaycanda gənclərin işsizlik problemi var?

- Mənim fikrimcə bu, süni problemdir. Bu sizə təəccüblü gələ bilər, amma mənim üçün bu problem yoxdur. Gənclərin bir çoxunda bu problem var və onlar bunu kəskin problem hesab edirlər. Biz bu istiqamətdə araşdırma aparmışıq. Bu problem gəncin öz problemidir. İlk növbədə gənclər özlərinə qiymət verməyi bacarmalıdırlar. Bu məsələ bizdə problem yaradır. Yəni hər bir gənci dinləyərkən o deyir ki, hər şeyi bilir, hər şeyə hazırdır, istənilən sahədə hər hansı bir işdə işləyə bilər. Amma işə götürən sahədə ona suallar verilir və müəyyən olur həmin gənc o işə lazımı səviyyədə hazır deyil. İnsan çox şey istəyir, çox şey gözləyir, amma ona nail ola bilmir. Bu da sosiallaşmanın bir hissəsidir. İnsan daim cəmiyyətdə olanda, insanların ətrafında olanda o özünü təxminən müəyyənləşdirə bilir. Nədən? Çünki onun ətrafdakı münasibəti onun həqiqi yerini müəyyənləşdirir. Məsələn, gənc cəmiyyətlə ünsiyyətdə olmayanda, ictimai fəaliyyətlə məşğul olmayanda özünə obyektiv qiymət verməkdən uzaqlaşır. Çünki o ətrafdan kənar baxışlar hiss etmir. Buradan işsizlik problemi yaranır. Yəni gənc deyir ki, mənim ali təhsilim var, gedirəm, amma məni işə götürmürlər. Niyə götürmürlər? Onlar subyektiv səbəblər gətirir? Biri deyir ki, tanışlıq lazımdır, hər şey pulladır və s. Həqiqətə uyğun olmayan səbəblər gətirirlər. Əslində isə o özünə olduğu düzgün qiymət vermir. Yəni bunu hər yerə aid etmək olmaz. Obyektiv şəkildə gənclərə qiymət verənlər də var. Məsələn, işə götürən yaxşı kadr axtarır, amma tapa bilmir, sizi inandırım ki, indi yaxşı gənclər tapmaq çətindir. Bizim olduqca savadlı, ziyalı gənclərimiz var, amma kadr axtaranda hərtərəfli kadr axtarırlar. Yaxşı oxuyub, əlaçı olmaq o demək deyil ki, o yaxşı işçidir. Ona görə də burada işsizlik problemi ortaya çıxır. Mən hesab edirəm ki, öz üzərində çalışan, iddialı olan gənc nəinki iş axatarıb tapa bilər, hətta iş özü onu tapa bilər.
Sizcə, Azərbaycanın gəncliyi savadlıdırmı?

- Çox savadlıdır. Fikrimcə, Azərbaycanın müasir gəncliyi olduqca savadlıdır. Və çox tərəqqi əldə etmiş gənclədir. Sadəcə olaraq gəncləri tənzimləyən məsələlər çox yaxşı inkişaf etməyib. Burada çox pərakəndəlik var. Tərəqqi, müxtəliflik, yaxşı şeydir, sadəcə olaraq bir gənc hansısa istiqamətdə inkişaf etmək istəyir, amma bilmir necə.

Son vaxtlar gənclər arasında erkən nigahların sayı artıbmı?

- Erkən nigahlar əsasən rayon yerlərində daha tez həyata keçirilir. Rayonlarda əsas qızlar tez ailə həyatı qurmalı olur. Fikrimcə, qızlara, qadınlara təkcə ailə davamaçısı kimi deyil, həm də bir fərd kimi baxmaq lazımdır. Yəni erkən yaşında olan bir gənc qız hansı ailə haqda düşünə bilər? O hələ tam olaraq özünü nə istədiyini anlamalıdır ki, sonradan bu məsələlər də haqda düşünməlidir. Özünü dərk etmədən, cəmiyyətdə yerini tapmadan erkən nigaha daxil olmaq sonradan yaxşı nəticələr vermir.

Bəs ölkədə narkotik vasitələrdən istifadə edən gənclərin sayında artım və ya azalama müşahidə edilirmi?

- Bu sahədə, çox təəssüf ki, artım var. Yəni rəsmi qeydiyyatda olanların sayı qeydiyyatda olmayanlardan azdır. Bunun ilk səbəbi olaraq deyim ki, əvvələr indi olduğu kimi hər şey belə açıq şəkildə işıqlandırılmırdı. Əsas statistik göstəricini də təxmini müəyyən etmək çətin olurdu. İkinci olaraq burada yenə də sosiallaşma məsələsi durur. Gənclər, şagirdlər cəmiyyətdə, ictimaiyyətdə özlərini, nə istədiklərini tapa bilmədiklərindən çıxış yolu kimi narkotik vasitələrə əl atırlar. Onlar özlərini dərk etsələr, nəyin sahibi olmağı anlasalar, səbr nümayiş etdirərək axtardıqlarını tapa bilərlər. Gənclər cəmiyyətlə daim ünsiyyətdə olsalar, tək olmadıqlarını və vəziyyətdən çıxış yolu olduqlarını da anlaya biləcəklər.

Əvvələr şagirdlərin, gənclərin məşğulluğunu təşkil etmək məqsədi ilə düşərgələr qurulurdu, bəs hazırda belə bir düşərgələr mövcuddurmu?

- Ölkədə çox sayda düşərgələr təşkil edilir. Məsələn, Gənclər və İdman Nazirliyi bu istiqamətdə bir çox işlər görür. Hazırda gənclər üçün səyyar futbol meydançaları da təşkil edilib. Onların fəaliyyətini, asudə vaxtını təşkil etmək məqsəd ilə müxtəlif sorğular aparılır, tədbirlər keçirilir.
Bu işlə konkret olaraq hansı qurumlar məşğul olmalıdır?

- Məsələ ilə bağlı həm rayon icra hakimiyyətləri, həm mənzil istismar sahələri rayon üzrə belə tədbirlər görə bilərlər. Şagirdlərin, gənclərin məşğulluğunu təşkil edə bilərlər.

//ANS Press

 

OXŞAR XƏBƏRLƏR