Gazi Universitetində 20 Yanvar faciəsi anılıb

GƏNCLİK
18:48 22.01.2015
2278
20 Yanvar hadisələrinin ildönümü ilə bağlı Azərbaycandan kənarda keçirilən tədbirlər hələ də davam edir. Bu isə təqdirəlayiq haldır. Ən qürurverici hal isə bu tədbirlərin bəzilərinin gənclər tərəfindən təşkil olunmasıdır. Belə aktiv gənclərdən biri də Türkiyədə ali təhsil alan Aytək Məmmədlidir.
Aytək Məmmədli AZXEBER.COM-a verdiyi açıqlamada bu barədə söz açıb: “Həm Azərbaycanda, həm də Türkiyədə bu faciə sayğı ilə anılmaqdadır. Gazi Universitetində də bu cür tədbir düzənlədik və Türkiyə Azərbaycan Qardaşlıq Alyansı ilə Qazi Tələbə Şurası tərəfindən təşkil edilən tədbirdə bu mənada bir ilkə də imza atdıq. İlk dəfə universitetdə 20 Yanvar günü ilə bağlı anım mərasimi düzənlənib. Sayğı duruşu və istiqlal marşının oxunması ilə başlanan tədbirdə hər bir şəhidin adına bir şam da yandırıldı və həmçinin 143 şamdan ibarət 20 Yanvar yazısı da yazıldı. Faciənin 25-ci ilini göstərən 25 qərənfil düzüldü. Yəni bir qədər məsələyə daha çox diqqət çəkmək və fərqli bir tədbir düzənləmək üçün şamlardan hazırlanan 20 Yanvar yazısını rektorluq binasının önündə əriyinəcən gözlədik”.İlgi ilə qarşılanan bu tədbir ətrafına toplanan gənclərə 20 Yanvar haqqında Turkiyə Azərbaycan Qardaşlıq Alyansının sədri Aytək Məmmədli və Gazi Universiteti Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvü Uğur Ağçay, eləcə də Gazi Universiteti Tələbə Gənclər təşkilatının sədr müavini Cihat Yeşilöz tərəfindən ətraflı məlumat verilib. Daha sonra rektor məsləhətçisi Emin Kuru və tədbir təşkilatçıları arasında müzakirə açılıb, məsləhətləşmələr aparılıb. Emin Kuruya 20 Yanvar qətliamının rəmzinə çevrilmiş qərənfillər təqdim edilib. 20 Yanvarla bağlı anım tədbirinin ənənəvi şəkildə qeydi üçün tədbirlər planı hazırlanıb və görüləcək işlər müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR