Qədimdən bəri insanların taleyi ilə bağlı xəbərlər verən insanlar olub. Falçı, baxıcı, ekstrasens və s. adlar altında fəaliyyət göstərib, özlərini vergili adam adlandırırlar. Hətta onların arasında elələri var ki, ən yaxşı falçı mənəm, hər nədən məlumatım var, deyir. Belələrindən biri də ekstrasens-baxıcı Lamiyə İsmayılovadır. Analitik.az-ın əməkdaşı ilə söhbətində baxıcı Lamiyə xanım daha nələr deyib? Onunla olan söhbəti oxucularımıza təqdim edirik:
- Nə vaxtdan özünüzdə falçılıq istedadını hiss etməyə başladınız?
- Ailəmizdə var bu qeyri-adi istedad. Mən bu istedadımı 12-13 yaşinda hiss etməyə başladım. Bu özünü xəstəliklərlə biruzə verməyə başladı. Əlimdə şişlər əmələ gəldi, özümü qəribə hiss etməyə başladım. Bu hisslər mənə əvvəl görüntülər şəklində gəlirdi. 13 yaşimda gözüm açıq şəkildə sol qulağıma bir kişi gəlib Fatihə surəsini oxudu. O surə ilə məndə vergi açılmağa başladı.Gözümün önünə qəribə hisslər çökdü(?? -red.).
- Həmin kişi sizə daha nələr dedi?
- Onu mən sizə deyə bilməyəcəyəm. Elə şeylər var ki, mənə icazə vermirlər sizə deyim. Sonra məlum oldu ki, əlimin üstündə xaç var. Bu xaçı ancaq üçüncü gözü ola bilən insan görə bilər. Sonra bu xaçı özüm də görməyə başladım. Bir neçə vergili insan da əlimin üstündə həmin xaçı gördülər. Mənə verilən vergi 3 dinin gücünü- Xristian, yəhudi və İslam dininin gücünü birləşdirir. Daha çox xristian üsulu olduğu üçün bu üsulla işləyirəm.
- Deyirsiz ki, sizə vergi verilib. İnsan özü vergi ödəyir, ona vergi necə verilə bilər?
- İnsan var ki, ona şeytani vergi verilir. Bir də var ilahi vergi. Məndə ilahi vergidir. O demək deyil ki, mən qara magiyadan istifadə etmirəm. Təbii ki lazım olanda yaxşi mənada istifadə edirəm. Məsələn, iki insanı birləşdirmək üçün, arada olan neqativi götürmək üçün bu üsullardan da istifadə edirəm.
- Sizə hansı qüvvələr kömək edir?
- Mən daha çox xeyirə xidmət edirəm. Vergi mənə Allah tərəfindən verilib. Bizdə böyük bir ocaq var. Seyid ocağıyıq. Pis qüvvələrdən söhbət gedə bilməz. Mənim üçüncü gözüm aktivdir. O dünyadakı varlıqları görürəm, cinləri, şeytanları, mələkləri görürəm. Ətrafda olan qeyri-adi varlıqlarla da ünsiyyət qururam.
- Hansı varlıqlardır onlar?
- Onu deyə bilməyəcəm. Telepatik yolla onlarla ünsiyyət qururam. Lazım olanda mənə kömək edirlər. Mənim xidmətdə olan başqa qüvvələrim də var. Bunlar mömin cinlər də ola bilər. Yanımda mələklərim də var. Mənə çox kömək edirlər. Mənə düzgün yol göstərirlər.Hər hansı bir ağrılarım olanda gecə yanıma gəlirlər. Onlar ağrı olan yerə əllərini qoyan kimi ağrılar dayanır. Elə olub ki, gözünü bağlayan müştəri yanımda kişi gördüyünü deyib. Deyiblər ki, yanımda taxt-tacda müsəlman olmayan bir kişi oturub.
- Hansı üsullarla müalicə edirsiniz?
- Müştəri yanıma gəlir, ona baxıram. Əgər mənə imkan verirlərsə müalicəni boynuma götürürəm. İstənilən bir xəstəliyi müalicə edə bilərəm. Əgər qüvvələrim və Allah tərəfindən izn verilirsə görürəm ki, mənim enerjim düzgün gəlir və xeyri olacaqsa o zaman boynuma götürürəm ki, müalicə edəcəm.
- Sizə daha çox hansı xəstəliklərlə bağlı müraciət edirlər?
- Baş ağrıları, sinir, şişlərlə bağlı, onkoloji xəstəliklərlə bağlı daha çox müraciətlər olur. Dəfələrlə olub ki, xərçəng şişlərini müştərinin gözü qarşsında aradan götürmüşəm, əritmişəm. Nəticəsi olmayan xəstəlikləri müalicə etmirəm. Heç kim məndən şikayətlənə bilməz ki, onları aldatmışam. Elə vaxtlar olur ki, yemək yeməyə belə vaxtım olmur.
- Kişilər daha çox müraciət edir, yoxsa qadınlar?
- Kişilər deyirlər ki, falçılara inanmıram. Amma qəribəsi odur ki, mənə müraciət edənlərin əksəriyyəti kişilərdir. Ola bilər ki bu mənim kişi ruhlu olmağımdan qaynaqlanır.
- Cadu edirsizmi? Bu məqsədlə yanınıza gələn olurmu?
- Əlbəttə gəlirlər.Qadınlar öz ərlərinə cadu etdirməyə daha çox gəlirlər. Başqa qadınla gəzməsin, görüşməsin deyə, deyirlər ki, ərimə cadu elə. Başqa məsələlər üçün də caduya əl atırlar. Düşmənimi məhv et, qaynanamın dil-ağzını bağla, filankəs mənə çəp baxır, onun bütün yollarını bağla, elə et uğurları mənim olsun və sairə kimi çox dəhşətli əməllər etməyimi tələb edirlər. Bilirsiniz, cadunun qarası-ağı yoxdu, hər iki halda əgər insan iradəsini qırıb, onu kölə vəziyyətinə salırsansa, onu zombiləşdirirsənsə, bunun harasını ağ cadu adlandırmaq olar? Xeyir əməl ancaq cadunu batil etmək, təmizləmək, yolları, bəxti açmaq, neqativi, qorxunu insandan uzaqlaşdırmaqdır.
- İnternetdə reklamlarınız gedir. Müştəriniz azdır reklam verirsiz?
- Reklama o qədər də ehtiyacım yoxdur. Mənim yanıma gələn adam da bilir ki, mən çox elmlərə sahibəm. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirmişəm. Psixologiya, Parapisixologiyadan diplomum var. Yanıma gələn insanı başdansovdu müalicə etmirəm. Yəni hərtərəfli yanaşıram. Bu gün özünə ekstrasens, parapsixoloq adını qoyanlar var ki, insanları zəlil vəziyyətinə qoyub. Hər ekstrasensin yanına gedib, məni müalicə et, deməyin.
- Azərbaycanda bu sahədə ən güclü sizcə kimdir?
- Əlbəttə ki, ən yaxşı baxıcı, ekstrasens mənəm.
- Bir çoxları deyir ki, baxıcılar, ekstrasenslər yalançı, fırıldaqçıdırlar. Deyirlər ki, pul alıb insanları aldadırlar. Sizi də bu sıraya aid edirlər.
- Mənim barəmdə bu sözləri başqa ekstrasenslər deyib, yoxsa başqası? Ümumiyyətlə, haqqımda heç kəs belə sözlər deyə bilməz. Desə də cavabını verə bilərəm. Bu günkü gündə həqiqətən də fırıldaqçı ekstrasenslərin sayı çoxalib. Yerindən duran çıxıb deyir mən ekstrasensəm. Elə hərəkətlər edirlər ki, insanlarda baxıcılara, ekstrasenslərə qarşı ikrah hissi yaranır. Səbəb bu ola bilər. Ola bilər ki, bu sözləri deyən həkimlərdir. Qorxurlar ki, baxıcılar, falçılar onların sənətini əllərindən ala bilərlər. Müştəriləri azalıb deyə əks təbliğat aparırlar. Mən heç kimi aldatmamışam. Eləyə bilməyəcəyim işi də boynuma götürmürəm.
- Müştəridən nə qədər pul alırsız?
- Mənim konkret xidmətimin haqqı 50 manatdır. Mənimlə “Ekstra hiss” layihəsində iştirak edənlər 100-200 manata xidmət göstərirlər. Özü də 10-15 dəqiqəyə 50 manat alırlar. Mənim isə qəbulum bu qədərdir. Mən daha geniş informasiyalar verirəm. İnsanın yaxın gələcəyi haqqında informasiyanı dəqiqliklə deyirəm.
- Məsələn, bir həftədən sonra Azərbaycanda nə baş verəcəyini deyə bilərsinizmi?
- Siyasi məsələlərə məni qarışdırmayın. Bu dövlətin işidir. Bu məsələlərə görə başimın ağrımasını istəmirəm. Elə olub ki, bir tanınmış insan haqqında məlumat vermişəm. Daha sonra problem yaşamışam. Bir insanın şəxsi həyatına girmək, siyasi olan mövzulara toxunmaq mənlik deyil.
- Deməli bilirsiz, amma demək istəmirsiz?
- Əlbəttə ki, bilirəm. Niyə də bilməyim? Çox məsələlər var ki, mən onlarla bağlı danışmaq istəmirəm. Məsələn, insanlar var ki, hansısa cinayətin üstünü açmaq üçün mənim yanıma gəlirlər. Soruşurlar ki, baxın görün bu hadisəni kim törədib? Təbii ki, mən bunları bilirəm, amma demirəm. Onun altında yatan məsələləri bilirsiniz ki, nə məsələlər ola bilər... İnformasiyalar var ki, onları vermək düzgün deyil...
Analitik.az
055-685-56-66