'Gənc elçi': 'Cahangir Məmmədov: - Əgər Azərbaycanı yaxşı mənada tanıtmaq istəyirsinizsə, birinci buna özünüzdən başlayın - MÜSAHİBƏ-

GƏNCLİK
15:20 18.11.2014
6166
AZXEBER.COM-un "Gənc elçi" rubrikasının bu dəfəki qonağı Oksford Universitetinin tələbəsi Cahangir Məmmədovdur. - Cahangir, ölkəmizi xaricdə uğurla təmsil edən tələbələrdənsən. İstərdim ki, ilk olaraq özün haqda oxucularımıza məlumat verərdin...
- Mən, Cahangir Məmmədov Arif oğlu 1991-ci ildə Ağsu şəhərində anadan olmuşam. Orta məktəb təhsilimi Bakı Özəl Türk Liseyində bitirib, TQDK-nın ikinci qrup üzrə imtahanından 660 bal toplamışam. 2011-2014-cü illər ərzində Böyük Britaniyanın Mançestr Universitetində Kompüter Elmləri üzrə bakalavr təhsili almışam. Hal - hazırda isə Oksford universitetində eyni ixtisas üzrə magistr təhsili alıram.
- Mançester ardınca isə Oksford universitetində təhsil almısan. Bir azərbaycanlı olaraq bu universitetlərdə sənə münasibət necə olub?
- Mən burada bir şeyi vurğulamaq istərdim ki, digər iri və tanınan ölkələrdən fərqli olaraq ölkəmiz beynəlxalq arenada o qədər də tanınmır. Bunların hamısı təbii və obyektiv səbəblərə görədir. Belə olan halda xaricilərdə ölkəmiz haqda fikirlər ayrı-ayrı fərdlərin davranışları və xasiyyəti üzərində qurulur. İtalyan, fransız, hindistanlı, rus və s. deyəndə insanların ağlına əksəriyyət tərəfindən qəbul olunmuş, o millətə xas olan xüsusiyyətlər gəlir. Azərbaycanlı deyəndə isə kimisi qrup yoldaşını, kimisi qonşusunu, kimisi iş yoldaşını xatırlayır və bütün azərbaycanlıların məhz onun kimi olduğunu düşünür. Yəqin ki, çox adam bunu öz şəxsi təcrübəsində yaşayıb.
- İngiltərədə ölkəmiz haqda nə bilirlər? Bizi necə tanıyırlar?
- Bu mövzuda baş vermiş maraqlı bir hadisə danışım sizə. Bu yaxınlarda Londonda təşkil olunmuş tədbirlərdən birində idim. Orada həm azərbaycanlı, həm də xarici iş adamları iştirak edirdi. Neft sektorunda xırda-orta səviyyəli bizneslə məşğul olan bir ispan iş adamı söhbət əsnasında yaxınlaşaraq dedi ki, mən azərbaycanlıları sevirəm. Mənə maraqlı gəldi və ondan soruşdum ki, bəs Azərbaycanda olmusunuzmu və ya azərbaycanlı şirkətlərlə iş görmüsünüzmü? Dedi yox, nə orda olmuşam nə də ki, Azərbaycandan kimisə tanımışam. Soruşdum ki, bəs hardandır sizdə bu fikir. Cavab verdi ki, mən bundan bir az əvvəl sizin Britaniyadakı səfirlə tanış olmuşam və neçə illik iş təcrübəmdə heç bir rəsmi ilə söhbətimdən bu qədər zövq almamışam. Tahir bəy,  çox səmimi, sadə və gözəl insandı və məndə belə bir fikir yarandı ki, yəqin siz haminiz beləsiniz. Bu mənim çox xoşuma gəldi və yuxarıda dediklərimi bir növ özüm-özümdə təsdiq eləmiş oldum. 
Ona görə bütün bu məqaləni oxuyan dostlarıma məsləhət edərdim ki, əgər Azərbaycanı yaxşı mənada tanıtmaq istəyirsinizsə, birinci buna özünüzdən başlayın. Çünki, insanlar daha çox qarşılıqlı münasibətə əhəmiyyət verirlər. Azərbaycan mədəniyyəti, Azərbaycan iqtisadiyyatı və digər bu adda tədbirlər daha çox məlumat xarakterlidir və onsuzda bu siyasət dövlətimiz tərəfindən kifayət qədər planlı səviyyədə və peşəkarcasına aparılır. Amma təəssüf ki, Azərbaycanı birəbir münasibətdə hələ də istənilən səviyyədə tanıda bilmirik.  
Yuxarıda qeyd etdiklərim bu suala da cavab oldu mənə elə gəlir. Amma qısaca onu demək istiyərdim ki, mən 4 ildir ki, bu prosesin canlı şahidiyəm və bu 4 ildə bütün Azərbaycan olaraq böyük yol qət etmişik. Əvvəl Azərbaycanın yerini bilmirdilərsə belə, hazırda Azərbaycan deyəndə insanlar fikir söyləməyə başlayırlar, kifayət qədər faktlar deyirlər. Qarabağ problemimizi bilirlər və sevindirici haldır ki, çoxları bizim haqlı olduğumuzu vurğulayırlar. 
- Cahangir, bəzi gənclər təhsilini bitirəndən sonra ölkəyə dönmək istəmirlər. Sən necə düşünürsən bu haqda?
- Bu hər kəsin öz şəxsi seçimidir. Mən müəyyən müddət xaricdə təcrübə qazanıb, sonra geri dönmək fikrinə müsbət yanaşıram. Amma bir çox gəncdə belə mənfi bir düşüncə var ki, Azərbaycanda biz istəyən şərait yoxdur. Yaxşı şirkətlər, zavod və fabriklər yoxdur. Bəs biz qayıdıb harda işləyək? London və ya NewYork dura-dura nə var Bakıda? Mən bu fikirlə tamamilə narazıyam. Təbii ki, doğrudur min illik imperiya ilə 20-25 illik ölkə bir ola bilməz. Amma, Vətən üçün də fədakarlıq eləmək lazımdır. Biz gərək bugün o şəraiti quraq ki, bizdən sonrakı nəsillər rahatlıqla bundan istifadə eləsin və Azərbaycan heç də digər ölkəkərdən geri qalmasın. Başa düşürəm bu asan iş deyil, çox çətindir. Bir çox adam layiq olduğunda daha aşağı səviyyədə həyat şəraiti qura biləcək hər şey axarına düşənə qədər. Normal insanlar kimi yox daha çox işləmək lazım olacaq biz istədiyimiz kimi Azərbaycan görmək üçün. 
Amma, arada fikirləşmək lazımdır ki, Mübariz İbrahimovun və ya digər şəhidlərimizin fədakarlığı hara, sənin etdiyin fədakarlıq hara. Bu Vətən tək onların Vətəni deyil. Həm də bizim Vətənimizdi. Yaxşı, Mübariz getsin özünü yüz erməninin içinə atsın, sən də Londonda hansısa şirkətdə işlə günü günə sat. Ondan sonra qayıdıb necə deyəsən ki, bəs Azərbaycan mənim də vətənimdir. Vətən deyə bilmək üçün onun borcunu qaytarmaq lazımdır. O borc da yeqin ki söhbətimizdən aydın oldu ki, nələrdən ibarətdir. 
- Xaricdə təhsil proqramının əhəmiyyəti haqda nə deyə bilərsən?
- Proqramın əhəmiyyətini sadalamaqla qurtarmaq olmaz. Proqramın özünü doğruldub doğrultmamağı bu işdə iştirak edən tərəflərdən asılıdır. İştirak edən tərəflər də hamıya bəllidir. Başda Cənab Preizdent olmaqla, müvafiq Düvlət qurumları və nəhayət biz tələbələr.İlk iki tərəfin işi göz qabağındadır, tam ayındır və keyfiyətini yoxlamaq da bir o qədər çətin deyil. Aydın və rahat prosesdir. Fərman imzalanır, vəsait ayrılır, qurumlar bürokratik işləri yerinə yetirir və s. Qalır üçüncü tərəf biz tələbələr. 
Bu proqramı bir sistem kimi duşünək. Sistemin tam özünü doğrultmağı bizdən asılıdır. Əgər bir sistem ona çəkilən xərclərdən daha çox gəlir gətirir və gələcəkdə öz artırdığı gəlir hesabına, növbəti mərhələdəki xərcini artıraraq ona müqabil daha da çox gəlir gətirirsə, bu sistem gözləniləni doğruldub deməkdir. Bu sistemin də aparatı biz tələbələrik. Qoyulan vəsait və əmək bəllidir. Gələcəkdə gətirəcəyimiz dəyərə də, pul vəsaiti, yaxşı işləyən bazar mexanizmi, zavodlar , fabriklər, universitetlər, incəsənətin inkisafi və s. kimini misal göstərmək olar. Hazırda bizdən ilk 10 ildə gözlənilən dəyərin mində biri həcimində vəsait yatırılır proqrama. Əgər bu vaxt ərzində ilkin gözlənilən gəlir əldə ediləcəkcsə proqram 50 faiz özünü doğruldub deməkdir. Və əgər, növbəti mərhələdə ilkin əldə etdiyimiz nailiyyətlərin sayəsində artiq Azərbaycanda savadlı kadr yetişdirilib, yeni texnolgiya kəsf edilib əlavə gəlir əldə edə biləcəyiksə artiq bu o deməkdir ki, proqram tam özünü doğrulda bilib və proqramın üçüncü tərəfi yəni, biz tələbələr də öz vəzifəmizi layiqincə yerinə yetirmişik.
- Oksford universitetinin özəllikləri nədir?
- Fərqli özəllikləri çoxdur. Bir onu deyə bilərəm ki, dünyanın ən yaxşı 10 universitətindən biri olmağının həqiqətən də gözlə görülən səbələri var.
- Xaricdə yaşamağın çətinlikləri nədir?
- Çətinlik elə də yoxdur, öyrəşənə qədərdir.
- Səncə ölkəmizdə universitetlər nəyə görə dünya reytinqində irəliləyə bilmir?
- Məncə bu sualı 20 ildən sonra birdaha soruşmaq lazımdır. Çünki hazırda reytinqdə irəliləməklərin gözləmirəm və buna görə də bizdən əvvəlki nəsili günahlandırmıram. Amma 20 ildən sonra desənizki, savadli kadrlar, alimlər, müəllimlər var, vəsait kifayət qədərdir, bəs niyə irəliləmirik reytinqlərdə?! Onda tam yeridir. 
.- Son olaraq nə demək istəyirsən...
- Mənə elə gəlir bütün fikirlərimi əvvəlki suallara cavablarimda sizlə bölüşdüm. Sonda sizə mənə bu sualları ünvanladığnız üçün minnətdarlığımı bildirmək istərdim. Kifayət qədər düşündürücü suallar idi. 
Hacıbəy Heydərli,AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR