‘Gənc elçi’ Elvin Əjdərli: Elə bir məclis olmaz ki, orada ölkəmizin inkişafından danışmayım - FOTOLAR

GƏNCLİK
16:45 28.10.2014
4062

AZXEBER.COM xəbər portalının “Gənc elçi"layihəsi davam edir. Ölkəmizdən xaricdə təhsil alan gəclərimizin fəaliyyətinə işıq tutan layihənin bu həftəki qonağı Türkiyənin Eskişehir Osmangazi Universitetinin Siyasət Elmləri və Dövlət İdarəçiliyinə fakültəsinin tələbəsi, Türkiyə-Azərbaycan Qardaşlıq Platformasının təsisçisi və sədri Elvin Əjdərlidir.- Elvin, ilk olaraq özün haqda oxucularımıza məlumat verərdin...

- Mən Elvin Əjdərli 3 avqust 1994-cü ildə Yevlax şəhərində ziyalı ailəsində anadan olmuşam. 2001-2009-cu illər arası Bakı şəhəri Binəqədi rayonu 179 saylı tam orta məktəbində, 2009-2012 ci ildə Yevlax şəhər 7 saylı tam orta məktəbində təhsil alıb, oradan məzun olmuşam. Elə həmin ili qardaş Türkiyə Respublikasının Eskişehir şəhərində yerləşən Eskişehir Osmangazi Universitetinin İqtisadi və İdarə Elmləri Fakultəsi “İdarə Etmə” kafedrasına daxil olmuşam. 2012-2014-illər arası həmin kafedrada, 2014-cü ildən isə siyasətə yaxından marağım olduğundan eyni fakultənin "Siyasət Elmləri və Dövlət İdarəçiliyi" kafedrasına daxil olmuşam. Eyni zamanda Anadolu Universitetinin Beynəlxalq Münasibətlər fakultəsi qiyabi tələbəsiyəm.

Türkiyə Azərbaycan Qardaşlıq Platformasının təsisçisi və sədriyəm. Ümummilli liderimiz Heydər Əliyevin təsis etdiyi Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal gəncləri sırasındayam. Bu özü də mənə böyük fəxrdir ki, ulu öndərimizin qoyub getdiyi uğurlu siyasəti hazırda davam etdirən cənab Prezidentimiz İlham Əliyevə dəstək verən, onunla eyni yolda addımlayan gənclərlə bir aradayam.

- Necə oldu ki, Türkiyədə oxumaq qərarına gəldin?

- Ümumlikdə təhsilimi xaricdə davam etdirmək uşaqlıq arzularımdan biri olub. İstərdim ki, həm təhsil alım, həm də ölkəmizin milli -mənəvi dəyərlərini tanıdım. Türkiyəyə gəldikdə isə həm qardaş ölkə olması, həm də millətlərarası və mədəniyyətlərarası yaxınlığımız mənim bu ölkədə təhsil almaq qərarına gətirib çıxardıb ki, burada oxumaqdan da çox xoşbəxtəm.

- Türkiyədəki təhsilin önəmi və üstünlüyü nədir?

- Sadəcə, Türkiyə deyil, xaricdə təhsilin çox önəmi var. İlk növbədə şəxs həyatda tək qalmağı, özünü idarə etməyi, dolandırmağı, diribaşlığı aktiv olmadan həyatın keçmədiyini hər şeyin zəhmət tələb etdiyini öyrənir. Valideyinlərin yanında isə bunlardan bəlkə də 5%-ni öyrənə bilirik. Qaldı ki, təhsilə burada təhsil sözün əsl mənasında bir brenddir. Müəllim tələbə, tələbə müəllim sevgisi hər kəsin universitet içərisində bərabər hüquqlu olması və öz sahələrində sözlərini demiş hər fakultəyə uyğun müəllimlərin seçilməsi, həftəlik mühazirələrə o sahədə öz sözünü demiş tanınan insanların qatılması məncə üstün cəhətlərdən biridir. Belə bir məsəl verim Siyasətdə və ya Beynəlxalq münasibətlərdə oxuyan bir tələbənin dərsi şəxsən bir diplomatdan, millət vəkilindən dinləməsi elə birinci kursa başladığı vaxtdan o sahədə təcrübə qazanmağı deyilmi?!

- Xaricdə oxumağın çətinlikləri nədir?

- Xaricdə oxumağın ən böyük çətinlikləri ailəndən, dostlarından və sevdiklərindən uzaq olmaqdır. Ən əsas çətinliklərdən biri də milli mətbəximizin ləziz təamlarından dada bilməmək, bayramlarımızıda ölkəmizdəki adət və ənənə ilə keçirə bilməməkdir məncə.

- Türkiyədə ictimai fəaliyyətlə də məşğulsan. Mümkünsə, bu haqda danışardın...

- Həm uşaqlıqdan ictimai işlərə marağımdan, həm də xaricdə ölkəmi təmsil etməyin qürur hissi olduğundan irəli gəlir. Hər yerdə aktiv bir xarici tələbə kimi seçilməyim və haralı olduğumu soruşanda Azərbaycan deməyim mənim bu işlərə həm həvəsimi artırır, həm də mənə qürur verirki hər yerdə üç rəngli bayrağımızı qaldırıram. Elə bir məclis, iclas, dərs olmaz ki, orada milli-mənəvi dəyərlərimizdən, mədəniyyətimizdən ölkəmizdə gedən uğurlu siyasətdən, ölkəmizin inkişafından danışmayım. Məhz belə olmağımda bu işlərə marağımında olmağı mənə də o cəsarəti verdi ki, hələ birinci kursdaykən Türkiyə-Azərbaycan Qardaşlıq Platformasını təsis edim.

- Rəhbəri olduğun təşkilat nə kimi tədbirlər edib?

Rəhbəri olduğum təşkilat həqiqətən də təvəzökarlıqdan uzaq olsa da çox uğurlara imza atıb. Mən bunu sadəcə öz uğurum kimi yox, bu işlərdə mənimlə birlikdə əməyi keçən idarə heyəti üzvlərimizə də borcluyam. Təşkilatımızın hər il mütəmadi olaraq Ulu Öndərimiz Ümummilli Lider Heydər Əliyevin anım günlərini, həmrəylik günümüzü, öz qanları ilə şanlı tariximizi yazan 20 yanvar şəhidləri anım gününü, unudulmaz acımız olan Xocalı Soyqrımını və bunlarla yanaşı bir çox milli günlərimizi, ölkəmizdə olan gündəmimizi burada oxuyan yerli və xarici tələbələrə tanıdır. Bununla yanaşı təşkilatımız keçən il ölkəmizdə keçirilən və möhtərəm cənab Prezidentimiz İlham Əliyevin qalib olduğu Prezident seçkilərində burada yaşayan azərbaycanlı ailələrə və tələbələrə cənab prezidentin ölkəmizdə apardığı uğurlu siyasətini təbliğat və təşviqat kampanyasi kimi məsuliyyətli bir işə imza atmışdır.

- Təhsilini bitirdikdən sonra özünü harada görürsən?

- Sadəcə bunu demək istərdim ki, bir saniyə sonra nələrin baş verəcəyini bilmədiyimiz üçün gələcəkdən danışmaq məncə əsassız olar. Amma təbii ki, hər bir gənc kimi mənim də arzularım, planlarım var. İnşallah bir gün vaxtı çatanda cənab prezidentimizin etimadını qazansam mənim partiyamızından millət vəkilliyinə namizədliyimi irəli sürməyimə dəstək verilsə, xalqımızın etimadı ilə seçkini uğurla qazanıb millətin vəkili olsam və ya xalqımıza xidmət üçün başqa sahələrdə cənab prezidentimiz necə uyğun görsə mən də sözsüz ki, böyük sevgi ilə mənə göstərilən etimadı doğrultmağa çalışacağam və o zaman da ilk müsahibəmi sizə verəcəm. Məncə bu sualınıza ən gözəl cavab oldu.

Elvin, son olaraq nə demək istərdin

Son olaraq sizə bu xoş müsahibədən dolayı öz minnətdarlığımı bildirərək daha böyük uğurlara imza atmağınızı arzu edirəm. Sözün əsl mənasında artıq sizin saytın bir xəbər brendi olduğunuzu etiraf etmək istəyirəm və sükanı belə saxlamağınızı diləyirəm. Çünki Azxeber.com tək Azərbaycanda oxunmur, sizin sayt vasitəsi ilə xaricdə yaşayan azərbaycanlılarımız da ölkəmizdəki gündəmlə yaxından tanış olur. Uğurlar sizə.

Hacıbəy Heydərli,AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR