Yarandığı gündən etibarən gənclərə meydan verən, onların tribunasına çevrilən AZXEBER.COM xəbər portalı yeni layihəyə start verir. "Gənc elçi" adlanan yeni rubrikada ölkəmizi xaricdə təmsil edən, təhsil alan gənclərə yer ayrılacaq. Beləliklə, layihənin ilk qonağı Türkiyənin İstanbul şəhərində "Yeditepe" Universitetində doktorantura təhsili alan Günay Sadıxovadır.
- İlk olaraq, özünüzü oxucularımıza təqdim edərdiz...
- Günay Sadıxova. Xaricdə təhsil alan gənc. Ancaq özümü Azərbaycanın gənc alimi kimi təqdim etmək istərdim, Rus, türk və ingilis dilində səlis danışıram.
- Günay, nəyə görə xaricdə oxumaq qərarına gəldiniz...
- Əslində mən orta və ali təhsilimi Azərbaycanda almışam. Bakı Dövlət Universitetinin Amerikaşunaslıq ixtisasından məzunam. Orada oxuduğum illərdə ixtisasımdan dolayı dəfələrcə xarici ölkələrdə seminar və konfranslarda iştirak etmişəm.
Təhsilimi xaricdə davam etdirməkdə əsas məqsədim fərqli elmi təcrübələr qazanmaq, digər ölkələrin uğurlu fəaliyyətlərini dərindən öyrənmək və əldə etdiyim bütün bilikləri dövlətimin təhsil sisteminin daha da inkişaf etməsinə sərf etməkdir. Əsas məqsədim gələcəyin gənc alimlərindən olmaq və dövlətimi dünyanın müxtəlif yerlərində təmsil etməkdir. Fəaliyyət göstərdiyim, təhsil aldığim hər ölkədə gənc yaşda doktora pilləsində təhsilimi davam etdirdiyim üçün maraq çərçivəsində olmuşam. Magistr dərəcəmi Kiprdə Doğu Akdeniz Universitetində almışam. Hazırda təhsilimi İstanbulda Yeditepe Universitetində davam etdirirəm. Fərqli təhsil ocaqlarında təhsil almaq, fərqli mədəniyyətlərin bir parçası olmaq, müxtəlif ölkələrdə təcrübə qazanmaq daha peşəkar biri kimi yetişməmdə yardımcı olur.
- Bildiyim qədərilə Azərbaycanda da ictimai fəaliyyətlə məşğul olmusuz, Mümkünsə bu haqda danışardız...
- Azərbaycanda yaşadığım illərdə qeyd etdiyim kimi Bakı Dövlət Universitetində təhsil almışam. Təhsilimin ikinci ilində Gənclər üçün Təhsil Mərkəzində ilk olaraq könüllü olaraq fəaliyyətə başlamışam. Daha sonra GTM-da icraçı işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdum. GTM-in həyatımdakı rolu əvəzolunmazdır. Orada öyrəndiyim təcrübə, əldə etdiyim bilgilər, səyahət etdiyim ölkələr, iştirak etdiyim konfranlar bir sözlə öyrəndiyim hər bir şey həm elmi həyatımda, həm də iş həyatımda çox faydalı olmuş və faydalı olmaqda davam edir. Bunun üçün GTM-in təsisçisi Vüsal Quliyevə dərin minnətdarlığımı bildirirəm. Həqiqətən bir zamanlar GTM ailəsinin bir parçası olduğum üçün böyük qürur hissi duyuram.
- Xaricdə təhsillə ölkəmizdə təhsili müqayisə edərdiz. Oxşar və fərqli cəhətlərini deyərdiz...
- Xaricdə təhsillə ölkəmizdə təhsil arasında oxşar və fərqli cəhətlər var. İlk öncə oxşar cəhətlərindən bəhs etmək istərdim. Birincisi, hər bir təhsil mərkəzi özü özlüyündə özəldir. Çünki orasi bir elm ocağidir. Hər birinin məqsədi elm vermək, dünyaya təhsilli gənclər bəxş etməkdir. Həm Azərbaycanda olan təhsil ocaqları, həm xaricdə olan təhsil ocaqları savadlı təcrübəli akademik heyətə sahibdir. Məqsəd etibarı ilə eyni mövqədə dururlar. Azərbaycanda təhsil alan gənclərin üstünlüyü bir neçə dildə səlis danışa bilməsidir. Rus və Azərbaycan dillərində olan ədəbiyyatı asanlıqla istifadə edə bilirlər. Lakin bütün tələbələrin bu imkanı yoxdur. Ana dilimizdə yetəri qədər təhsil kitablarının olmaması problem yaradır. Xoşbəxtlikdən son illərdə bu problemin çözülməsi üçün böyük addımlar atılır. Xaricdə təhsil təcrübə baxımından daha üstündür. Vətəndə təhsil daha çox teorik yöndə inkişaf edib, xaricdə təhsil isə daha çox təcrübəyə və praktikaya bağlıdır. Tələbələr real layihələr həyata keçirərək oxuduğu və öyrəndiyi hər şeyi asanlıqla təcrübədə istifadə edə bilirlər. Bizim təhsil sistemimizdə bu yöndə nisbətən boşluq var. Digər baximdan xaricdə təhsil daha çox təkyönlü olur. İnsanlar bir yöndə ixtisaslaşır və digər bölümlərdən demək olar ki, məlumatsız olurlar. Azərbaycan təhsil sistemi isə daha çoxşaxəli olduğu üçün tələbələrin fərqli sahələrdə az da olsa məlumatları olur. Lakin bir ixtisas üzrə təcrübə alması daha çətin olur. Əlavə olaraq xaricdəki təhsil ocaqlarının kitabxana mədəniyyəti daha inkişaf etmişdir. Həm görünüş, həm də zənginlik baxımından müqayisə olunmazdır.
- Gələcəkdə özünü harada görürsən
- Yaxın gələcəkdə adımın gənc professor, gənc alim kimi səslənməsini istəyirəm. Və nəticə olaraq ali təhsil mərkəzlərinin birində elmi işçi olaraq vətənimi təhsil edən biri olaraq görürəm
- Sizin işiniz media araşdırmaları olduğu üçün mümkünsə Azərbaycan və Türkiyə mediasını müqayisə edərdiz.
- Əslində, hal-hazırda İstanbulda Yeditepe Universitetində Media Çalışmaları sahəsində doktora təhsilimi alıram. Normalda bu mövzuda məqalələr yazmağa üstünlük verirəm. Amma bir cümlə ilə Azərbaycan və Türkiyə mediasını müqayisə etsəm, deyə bilərəm ki, Türkiyə mediası tənqidə daha açıqdır. Tənqidi yöndə fəaliyyət göstərən bir çox media orqanları var. Sosial media tənqidi mesajları ilə Türkiyədə çox ilərləmişdir. Şəxsi fikrim olaraq qeyd etmək istəyirəm ki. bəzən bu sosial medyada yayımlanan mesajlar ifrat dərəcəsində olur. Digər tərəfdən vətənimin mediası ilə Türkiyə mediasını müqayisə edərsəm qeyd etməliyəm ki, Azərbaycan mediası hələ inkişafdadır və böyük addımlarla ilərləyir. Türkiyə mediası isə daha çoxşaxəlidir. Rənglilik, idea baxımından daha zəngindir. Lakin, bizim media orqanlarımız da innovativ fikirləri ilə heç bir zaman geridə qalmır.
Hacıbəy Heydərli