AZXEBER.COM xəbər portalının “Gənc elçi" layihəsi davam edir. Ölkəmizdən xaricdə təhsil alan gəclərimizin fəaliyyətinə işıq tutan layihənin bu həftəki qonağı İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin tələbəsi Şükran Qarayev oldu. Bu həftəki gənc elçimizlə baş tutan səmimi söhbətimizi sizlərə təqdim edirik:
- Şükran özünü oxucularımıza təqdim edərdin.
-Mən Şükran Qarayev. Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi də Bakıda almışam. Hazırda İstanbul Dövlət Universitetinin Ədəbiyyat fakültəsində təhsil alıram.
-Türkiyənin ən nüfuzlu dövlət universitetlərinin birində təhsil alırsan. Necə oldu ki bu universitetə qəbul oldun?
-İstanbul Dövlət Universiteti qeyd etdiyiniz kimi Türkiyənin ən nüfuzlu universitetlərindən biridir. İlk gündən məqsədim sırf bu universitetdə təhsil almaq idi. Universitetin təyin etdiyi imtahanlara hazırlaşdım, qəbulla bağlı bundan öncə keçirilən imtahanların sualları və mövzuları ilə tanış oldum. Hər şey mən istədiyim kimi getdi və mən bu universitetin tələbəsi ola bildim.
-Bəs, təhsil aldığın illər ərzində hansı işlərlə məşğul olmusan? Ümumiyyətlə sosial layihələrin olubmu?
-Oxuduğum illər ərzində universitet illərimi səmərəli dəyərləndirməyə çalışmışam. Hər zaman aktiv bir tələbə olmaq istəmişəm. Özümü hər zaman vətənimə borclu hiss etmişəm. Azərbaycanın milli bayramları, Xocalı soyqırımı, “20 yanvar” hadisəsinin il dönümlərində keçirilən tədbirlərdə ən kiçik işləri belə görməyə çalışmışam. Keçən il Xocalı soyqırımı ilə bağlı universitetimizin bütün kolidorlarına, dərs otaqlarına, binanın ətrafında məlumatlar asmışdıq. Bu yay türk dünyası ölkələri arasında beynəlxalq tələbə yarışması keçirildi. Mən və dostlarım o tədbirdə aktiv iştirak etdik və ölkəmizin folklorunu, milli rəqslərimizi, musiqimizi həmin yarışmada təbliğ etdik. Bir saatdan çox Azərbaycan bayrağını Sultanahmed meydanı boyunca dalğalandırdıq. Şəxsən anam öz əli ilə Azərbaycan şirniyyatları hazırladı və biz onu ölkəmizin təbliği üçün hər kəsə payladıq. Nəzərə alsaq ki, İstanbula hər gün yüzminlərlə turist gəlir və bu 2 gün ərzində bizim stendimizə olan marağı daha da artırdı.
- Şükran bilidiyim qədəri ilə sən həm də Hüseyn Cavid ədəbiyyatının vurğunlarındansan və onunla bağlı müxtəlif layihələrə imza atmısan. Biraz da bunlardan bəhs edərdin.
Bəli, universitetdə dahi Hüseyn Cavidlə bağlı bir neçə tədbir keçirdim. Bildiyiniz kimi, Hüseyn Cavid də İstanbul Universitetinin Ədəbiyyat fakültəsində təhsil alıb. Buna görə də H.Cavidin doğum günündə universitetimizin bütün divarlarına, binanın giriş və çıxış qapılarına onun fotolarını, şeirlərini yapışdırdım.
Əlimdən gəldiyi qədər Hüseyn Cavid, Əhməd Cavad, Mirzə Ələkbər Sabir kimi ədiblərimizi burada xatırlatmağa və onları tanıtmağa çalışıram.
İstanbul universitetində Hüseyn Cavidin kitabının təqdimat mərasimi olmuşdu. Bu kitabın nəşrində Sona Vəliyevanın əvəzsiz xidmətləri olmuşdu. Biz bunları gənclər olaraq görürük və bununla qürur duyuruq. Onu da əlavə edim ki, bu il də H.Cavidlə bağlı ayrıca tədbirlər nəzərdə tutmuşuq. Artıq bu tədbirdən öncə biz Hüseyn Cavidin adını daşıyan bir sayt yaratmağı da düşünürük. Layihə üzərində işlərimiz davam edir. Onun adına universitet binasında sinif otağı ayrılması üçün universitet rəhbərliyinə də müraciət edəcəyik. İnşallah, bütün bu istəklərimizə nail olarıq.
- Çox gözəl. Bax, sən bu qədər işlər görmüsən və görməyə də davam edirsən. Bəs səncə xaricdə oxuyan və yaşayan azərbaycanlı tələbələr özümüzü yetərincə təbliğ edə bilirlərmi?
Bəli, artıq bizim ətrafımızda kifayət qədər yaradıcı, aktiv, vətənpərvər gənc var. Onlar da çox gözəl işlərə imza atırlar. Təbii ki, bu hamısına şamil deyil. Ancaq onlar arasında tanıdığım sayca çoxlu gənclər var ki, ölkəmizin təbliği üçün bütün imkanlarından istifadə edirlər.
- Şükran sən özün xaricdə oxuyan bir tələbə kimi bu günkü Azərbaycanı necə görürsən?
-Mən səmimi deyə bilərəm ki, bu gün bizim ölkəmiz uğurla və sürətlə inkişaf edir. Bunu əgər bir gənc kimi fəxrlə deyə bilirksə nə xoş bizlərə. Biz harda olmağımızdan asılı olmayaraq Azərbaycan naminə gözəl danışmalı, oturuşumuzla, duruşumuzla, tərbiyəmizlə, danışığımızla ölkəmiz üçün gözəl nümunə olmalıyıq. Elə sizin saytın keçirdiyi bu layihənin adı kimi. Hər bir xaricdə oxuyan tələbə elçi missiyasını daşıyır və onu bu şərəfli yoldan heç nə döndərməməlidir.
- Şükran çoxları xaricdə təhsil aldıqdan sonra ölkəsinə dönməyi düşünmür. Bunu bəzi səbəblərlə əlaqələndirənlər də var. Amma çoxluq da fikirləşir ki, ölkəyə geri dönməli və öz biliklərini burada tədbiq etməlisən. Bəs sən necə düşünürsən? Təhsil aldıqdan sonra Azərbaycana geri dönəcəksənmi?
Təbii ki, dönəcəm. Çünki mən bura gəlmədən öncə də öyrənəcəklərimi öz ölkəmdə tədbiq etməyi düşünürdüm. İnsanın öz vətəninə, öz ailəsinə, ona doğma olan yurduna xidmət etməsindən daha gözəl nə ola bilər axı.
- Şükran sənə gələcək fəaliyyətlərində uğurlar arzu edirik. Bir gənc elçi kimi sən artıq öz üzərinə düşənləri edirsən.
Mən təşəkkür edirəm ki, bu cür layihələrlə biz gənclərə öz fəaliyyətlərimizi artırmağa stimul verirsiniz.
Günel Şükürova




