'Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik' layihəsi keçiriləcək

GƏNCLİK
18:27 10.01.2013
1600

“İRƏLİ” İctimai Birliyi gənc peşəkarların fəaliyyəti üzərində qurulub. Təşkilat insan kapitalına ardıcıl investisiyanı ən effektiv, davamlı inkişaf yolu kimi görür və öz fəaliyyətində insan kapitalının inkişafına yönəlmiş layihələrə üstünlük verir.

AZXEBER.COM-un məlumatına görə, bu layihələr sırasında xüsusi qeyd olunan və gənclər arasında böyük marağa səbəb olan “İRƏLİ” İctimai Birliyinin ənənəvi olaraq keçirdiyi Gənc Liderlər üçün Yay və Qış Universitetləri layihələridir. Yay və Qış Universitetləri gənc liderlərin aşkarlanması, müxtəlif sahələr üzrə onların bilik və bacarıqlarının artırılması, fəal vətəndaş kimi yetişmələri, eyni zamanda gənc liderlərdən ibarət şəbəkələrin formalaşmasıdır.

“İRƏLİ” İctimai Birliyi bu layihələri mütəmadi olaraq həyata keçirir. 2008-ci ildən başlayaraq indiyədək Qazax, Sabirabad şəhərlərində “Gənc Liderlər Üçün Yay Universiteti”, Oğuz, Qəbələ və Bakı şəhərlərində isə “Gənc Liderlər Üçün Qış Universiteti” layihələri keçirilib. Bu layihələrdə ümumilikdə 500 nəfər gənc iştirak edib.

Universitet layihələri hər ilin qış və yay aylarında bir dəfədən az olmayaraq keçirilir və bu il də “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 3-8 fevral tarixlərində Gəncə şəhərində "Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsi keçiriləcək.

Layihə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 100 gənc lideri bir araya gətirəcək. 6 gün davam edəcək layihə müddətində gənclər iqtisadiyyat, maliyyə, sığorta, eyni zamanda gəncləri əhatə edən müxtəlif mövzular üzrə ölkənin ən aparıcı ekspertləri ilə ünsiyyətdə və fikir mübadiləsində olmaq imkanı əldə edəcəklər. Eyni zamanda 5 komandaya bölünən iştirakçılar layihə müddətində fəal iştirak üçün biri-biriləri ilə yarışacaqlar.

Qeyd edək ki, ötən il "İRƏLİ" İctimai Birliyi Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə birlikdə 300 gənci əhatə edən “Sığortalı gələcək”, “Gənc Liderlər Üçün Qış Universiteti – Sığortalı Gələcək” və "Sığorta Akademiyası" layihələrini həyata keçirib.

Eyni zamanda, 2012-ci il Azərbaycanın “Gənclər Paytaxtı” Gəncə şəhərində “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə 300 nəfər gəncin qatıldığı Azərbaycan Gənclərinin I və II Liderlik Forumları keçirilib.

"Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsində iştirak etmək istəyən şəxslər18 Yanvartarixinə qədər qeyd olunan linkə (www.ireli.az/wu2013) daxil olub ərizə formasını dolduraraq iştirak üçün müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR