"Həyatımda ilk dəfə hansısa Azərbaycan qurumunun insanların çətin vəziyyətini görüb onlara kömək edəcəyini düşünmüşdüm. Sevinmişdim. Amma yanıldım. Özü də çox pis yanıldım”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Bakı-Sumqayıt sərnişini olan bir qadın sosial şəbəkə hesabında etdiyi paylaşımda qeyd edib. O, ADY-nin qatarların hərəkət cədvəli ilə bağlı qərarından narazılığını bildirib.
Vətəndaş qeyd edib ki, iki qatarın bir qatarla əvəzlənməsi nəticəsində sərnişin sıxlığı artıb və işdən çıxarkən uzun müddət qatar gözləməli olur:
"İki dolu qatardakı insanları birləşdirib bir qatara yığmaq qərarına gəldilər. Mən işdən çıxanda bir saata yaxın qatar gözləyirəm. Hələ bir üstəlik, oturacağam, oturmayacağam, qatara minəcəyəm, minməyəcəyəm dərdini və stresini çəkirəm”.
Vətəndaş qatarların sayının azaldılmasının səbəbini anlamadığını qeyd edərək, sərnişinlərin xüsusilə işdən sonra yaşadığı çətinliyə diqqət çəkib:
"Mən sizin məntiqinizi başa düşmürəm. Siz nə istəyirsiniz? İnsanların işdən sonra qadın, kişi, uşaq, yaşlı bir-birinə basıb getməsindən, insanların bu vəziyyətə düşməsindən həzz alırsınız? Mən niyə adam kimi, insan kimi hər səhər və axşam işə getmək yerinə bu vəziyyətdə getməliyəm?” – deyə o bildirib.
Şikayətçi sonda problemin həll olunmasını və sərnişinlərin daha rahat şəraitdə daşınmasını istəyib:
"Mən artıq emosional da danışmıram. Əsəbləşməkdən də bezdim, hər şeydən bezdim. Sadəcə tək bir şey istəyirəm, o da insan kimi yaşamaqdır. Bu qədər”, – deyə vətəndaş vurğulayıb.
Fəridə Əsədzadə











































