"Gəncə Hava Limanına Nizami Gəncəvinin adının verilməsini təklif edirəm" - Deputat

"Gəncə Hava Limanına Nizami Gəncəvinin adının verilməsini təklif edirəm" - Deputat
SOSİAL
13:38 28.01.2021
359
Millət vəkili Naqif Həmzəyev Gəncə Hava Limanına Nizami Gəncəvinin adının verilməsini təklif edib.
 
Deputat AZXEBER.COM-a açıqlamasında bildirib ki, aeroportun adının dəyişdirilməsinə ehtiyac var: IATA (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) və digər aviasiya təşkilatları tərəfindən dərc olunan elektron sistem və digər köməkçi materaillarda Gəncə Beynəlxalq Hava Limanının kodu hələ də Kirovabad adına uyğun olaraq "KVD" kimi dərc edilir.
 
Baxmayaraq ki, Gəncə şəhərinin adının bərpasından 31 il keçir. 

Millət vəkili təklif edib ki, Gəncə Beynəlxalq Hava Limanına dünya bədii mədəniyyət tarixində əlamətdar möcüzələrdən olan Nizami Gəncəvinin adı verilsin: "Dövlətimizin Başçısı İlham Əliyev qüdrətli söz və fikir ustadının zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə "Nizami Gəncəvi İli” elan edib. Bu da dahi Azərbaycan şairi Nizaminin dünyaya daha geniş təbliğ edilməsinə növbəti töhfədir.
 
Gəncə Beynəlxalq Hava Limanının adının Azərbaycanın bəşəriyyət tarixinə bəxş etdiyi dahi şəxsiyyətin adına uyğun kodlaşdırılması "Nizami Gəncəvi ili”nə ərməğan olardı. Eyni zamanda Gəncə şəhərinə gələn və gedən qonaqların, turistlərin aldıqları biletlərin üzərində və uçuş tablolarında Gəncə Beynəlxalq Hava Limanı KVD (Kirovabad) olaraq deyil, Gəncənin və Nizami Gəncəvinin adına uyğun GNJ qeyd edilərdi.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanının kodu şəhərin adına uyğun olaraq İST, Moskvadakı Domodedovo aeroportunun kodu Domodedavo sözünə uyğun olaraq DME, Bakıdakı Heydər Əliyev adına hava limanının kodu Heydər Əliyev sözünün ingilis dili variantına uyğun olaraq GYD qeyd edilir. 
 
OXŞAR XƏBƏRLƏR