Əməkdaşımız MTN-in məhv etdiyi kamikadzenin ata evindən yazırAzərbaycana yanvarda gələn Vüqar Padarovun çeçen mücahidləri ilə əlaqələri üzə çıxıb; ailəsi ondan üz döndəribmiş, terrorçunun meyiti Zaqatalada dəfn edilib...Milli Təhlükəsizlik Nazirliyinin (MTN) aprelin 6-da Gəncədə keçirdiyi antiterror əməliyyatı nəticəsində öldürülən Vüqar İspaxan oğlu Padarovla bağlı ziddiyyətli məlumatlar yayılıb. Ən son xəbərdə belə iddia olunurdu ki, V.Padarov 2007-ci ildə Rusiyada həbsxanada ölüb. V.Padarovun öldüyü barədə məktub və onun cənazəsinin olduğu tabut isə türmə rəisinin möhürlü-imzalı məktubu ilə ailəsinə göndərilib. Elə o vaxt da doğma kəndində - Zaqatalanın Aşağı Tala kəndində dəfn olunub. Bu məlumat şok effekti və bir sual yaradırdı: bu, necə ola bilər? Bu suala cavab tapmaq üçün ötən gün Padarovlar ailəsində olduq.“Çeçenlər Vüqarı öz tərəfinə çəkmişdi”Zaqatalanın Aşağı Tala kəndində kasıb bir ailənin övladı olan Vüqar 1975-ci ildə anadan olub. Qax rayon peşə məktəbində oxuyub. 1991-ci ildə - 16 yaşında ikən təhsilini yarımçıq qoyaraq Qarabağ savaşına gedib. Atası İspaxan Padarov öncə oğlunun bu addımından - torpaqlarımızın müdafiəsinə yollanmasından, sonra isə həbsə düşməsindən danışdı: “Vüqar Qarabağa döyüşməyə könüllü getmişdi, 15-16 yaşı olardı. Ancaq komandiri onu geri qaytardı ki, yaşın çatanda gələrsən. Sonra Gəncədə hərbi xidmətdə oldu. Gəncədə əsgərlik vaxtı axşamlar gəzməyə çıxırmış. Bunu bilən kimsə onu komandirə satıb. Vüqarı 15 gün haupvaxta salıblar. Çıxanda onun satanın kimliyini öyrənib çəngəllə boğazını cırmışdı. Ancaq o vaxt bu iş yoluna qoyuldu və Vüqarı həbs etmədilər”.İ.Padarov dedi ki, oğlu hərbi xidməti başa vurandan sonra Dağıstana işləməyə gedib: “Getdi, bir müddət işləyib gəldi. Sonra təzədən Tümenə getdi. Bir dəfə oradan zəng eləyəndə dedi ki, namaz qılır, ibadətlə məşğuldur. Artıq Tümendə çeçenlər onu öz tərəflərinə çəkmişdilər. Deyirdi ki, çeçen qız alıb gətirəcəyəm. Sonra Tümendə çeçenlər bir rusu ayağından avtomatla vurmuşdular. Çeçenlər Vüqara deyib ki, bizi tutsalar, daha çox həbs cəzası veriləcək, sən azərbaycanlısan, boynuna götür, səni azadlığa çıxaracağıq. Vüqar da belə etdi və 7 il 7 ay həbsdə yatdı”.Atasının sözlərinə görə, həbsdə ikən onunla telefonda danışıblar: “Telefonda xeyli danışırdıq. Anası ilə, qardaşının yoldaşı ilə danışırdı. Hamını namaz qılmağa, ibadətə çağırırdı. Həbsdən çıxandan sonra evə gəlmədi. Bircə onu eşitdik ki, həbsdən azad olunub”.“Yalnız anasından halallıq istəyib getdi...”Atası danışır ki, oğlu Vüqar evlərinə bir də yalnız bu il yanvarın sonlarında gecə yarısı gəlib çıxıb: “Qardaşı Mehdi ilə görüşüb hal-əhval tutandan sonra onunla dindən, namazdan danışmağa başladı. Gəlinə də deyirdi ki, Mehdiyə de, namaz qılsın. Mehdi isə hirslənib evdən çıxdı. Vüqara da dedi ki, bizi işə salma, çıx get. Vüqar evdə cəmi bir-iki saat oldu. Danışığından belə başa düşdük ki, Çeçenistanda döyüşüb. Ona sənəd düzəltmək üçün polisə müraciət etməyi təklif elədim. Əvvəl razılaşdı, sonra da dedi ki, axtarışdayam. Niyə axtarışda olduğunu isə demədi. Mən də ona acıqlandım ki, bizi işə salma, çıx get. Yalnız anasından halallıq istədi. Məndən və qardaşından küsüb getdi. Sənədləri də yox idi deyə bilmədik ki, Zaqatalaya necə gəlib”.Onu da öyrəndik ki, Vüqar Padarov ata evini tərk edəndə Rusiyaya gedəcəyini deyib. Atası İ.Padarov danışır: “Vüqar burada yanvarda olub, MTN-in maskalıları isə evimizə aprelin 6-da sübh tezdən saat 4-də gəldilər. Gecənin bir yarısı qapıları açıb içəri girdilər. Silahlı, maskalı adamlar idi. Bizə ”Tərpənməyin" əmri verildi. Başımızın üstündə avtomatla dayandılar. Oğlum Mehdi Padarovu qandallayıb elə alt paltarındaca gətirdilər. Sonra birtəhər geyindirdilər. Sanki Mehdi buranı dağıdıb qaçacaqdı. Evi alt-üst elədilər. Axtarışa başladılar. Nə lazımdırsa, artıq yerləşdirmişdilər. Servantdan ağ rəngli bir şey çıxardılar. Dedilər narkotikdir. Mehdi narkotik istifadəçisi olsaydı, onu gizli bir yerdə saxlayardı, daha ora qoymazdı. İki gün qabaq inəyimin balası ölmüşdü. Həyətdə basdırmışdım. Bir axtarın oranı bəlkə silah qoymuşam? Heç axtarmadılar. Tövləni, damı axtardılar. Mən özümdən çox arxayın idim. Bilirdim ki, heç nə ola bilməz".Qapısı sındırılmış zirzəmi, mələfəyə bükülmüş silah...Sonra məlum olub ki, evin zirzəmisinin qapısı sındırılıb. İ.Padarov deyir ki, həmin gün oğlu Mehdinin həyat yoldaşının ad günü qeyd olunub və gəlin kompot gətirmək üçün zirzəmiyə girib: “Ancaq o, qapını qıfıllayıb yuxarı qalxmışdı. Zirzəmini həmin gün təmizləmişdilər, qapını bağlamışdılar. Əgər nəsə kənar bir əşya olsaydı, gəlin onu görərdi. Qapı sındırılmamışdı. Sübh tezdən evimizə axtarışa gəldilər. Bu zaman gördüm ki, zirzəminin qapısı sındırılıb. ”Podval"dan mələfəyə bükülmüş karabin silahı çıxardılar. Mələfə bizim deyildi. Dedim, zirzəminin qapısını kim sındırıb. Maskalılar “biz qapı sındıran deyilik, oğlundan soruş” söylədilər. Zirzəmidən paslanmış karabinlər, avtomat çıxarıldı. Mehdi dedi ki, əgər mən qoymuşamsa, inanmırsınızsa əl izlərimi yoxlayın. Onlar da dedilər ki, ola bilər Vüqar gətirib qoyub".İ.Padarov oğlu Mehdinin günahsız olduğunu bildirdi: “Mehdinin heç bir günahı yoxdur. Onu sadəcə Vüqarın qardaşı olduğuna görə tutublar. Mehdi belə işi heç vaxt eləməz. Bağda balaca bir evi var. Evdə Azərbaycan bayrağı, prezident İlham Əliyevin şəkli var. Üstəlik, Mehdi dindar adam deyildi, yeyib-içən, şən adamdır. O, belə işlərə baş qoşmaz. Kərpic-kubik alıb satırdı, maşın ehtiyat hissələrinin alveri ilə məşğul olurdu. Fındıq mövsümündə aparıb bu məhsulları satırdı. Yəni konkret bir iş yeri yox idi. Ancaq ailəsini dolandırırdı”.“Gəncəyə gedib meyitini də götürmək istəmirdim”İ.Padarov MTN əməliyyatçılarının sözlərindən belə başa düşüb ki, oğlu Vüqar Padarov 6 ay əvvəldən Azərbaycanda olub. Bu yerdə ondan oğlunun 2007-ci ildə Rusiyada ölməsi məsələsini soruşduq. Atası V.Padarovun 5 il əvvəl tabutunun gəlməsi, türmə rəisinin ölüm məktubu göndərməsi barədəki xəbərləri təkzib etdi: “Belə hadisə olmayıb. Vüqar həmişə türmədən zəng edirdi, danışırdıq, hər dəfə də deyirdi dinə qulluq edin. Qızım 2011-ci ilin yanvarında yol qəzasında öləndə də Vüqar yasa gəlmədi. Fikirləşdik ki, Vüqar ölüb. Ancaq Tümendən bizə tabutu göndərilməyib. Vüqar sağ-salamat idi. Bu hadisədən sonra Gəncəyə gedib meyitini götürmək istəmirdim. Vüqarı həyatımdan silmişdim. Camaat məsləhət gördü ki, gedim cənazəni götürüm. Dəfn etməyə gətirəndə bizi güdürdülər. Dəm-dəsgahlı yas mərasimi də keçirmədim. Heç kimin günahsız sorğu-suala tutulmasını istəmirəm”.Vüqarın anası Reyhanat Padarova bildirdi ki, düz 14 il oğlunun üzünü görməyib: “Həbsdə olanda saatlarla danışırdıq. Ancaq dindən-imandan, namaz qılmaqdan danışırdı. Deyirdi ki, namaz qılmasanız, evə gəlməyəcəyəm. Həbsdən çıxandan sonra bircə dəfə zəng eləyib dedi ki, həbsdən çıxmışam, çeçen qızını da götürüb gələcəyəm. Bundan sonra əlaqəmiz kəsildi. Gedəndən bəri işi yalnız çeçenlərlə olub. Çeçen qızı alıb gəlirəm demişdi. Dedim, gətir gəl”.“Ürəyimə dammışdı ki, onu Çeçenistanda vuracaqlar”Reyhanat Padarovanın sözlərinə görə, həbsdən çıxandan sonra da çeçenlər Vüqarı öz yanlarına çəkiblər: “İki ay əvvəl gəldi. Gəldi oturdu, yemək yedi, çay içdi. Təsəvvür elə ki, 14 il idi Vüqarı görməmişdim. Boy-buxunlu, yaraşıqlı idi. Dedi, ana, mən din yolundayam. Halallıq ver, ölsəm, qəbirdə rahat yatım. Pis oldum, amma halallıq verdim. Dedi ki, ana, mən Çeçenistanda axtarışdayam. Mən də ”necə gəlmisənsə, eləcə də get" dedim. Ürəyimə dammışdı ki, Çeçenistanda onu vuracaqlar. Bir də Gəncədən xəbər gəldi ki, atışma olub, öldürüblər onu. Ancaq unutdum bütün bunları, indi tək istəyim Mehdinin azad olmasıdır. Mehdinin günahı yoxdur. Özü də dindar deyildi, ona görə Vüqarla münasibətləri yaxşı deyildi. Evimizdə axtarış zamanı zirzəmiyə silah qoydular. Mənə dəhşət gəldi. Hər yeri eşib, silkələyib tökdülər. Köhnə paslı silah “tapdı”lar. Dedim, bu silahı qoyanın əlləri qurusun. Bu, böhtandır. Mehdinin belə işləri olmayıb. Dedim, zirzəminin qapısını siz sındırmısınız. Bir kəlmə də demədilər. Zaqatala MTN-ə getmişdim. Dedilər ki, sizi başa düşürük, xəbər gələcək, vəkil tuta bilərsiniz".Mehdi Padarovun həyat yoldaşı N.Padarova deyir ki, ərinin günahsız olduğuna əmindir, inanır ki, araşdırmalardan sonra yoldaşı sərbəst buraxılacaq.Kənddə onu da öyrəndik ki, V.Padarovun bibisi oğlu Nəsrulla Yunusov və qonşusu Bəhruz Lələyev də hadisə ilə bağlı aparılıb. Kənd sakinləri deyirlər ki, M.Padarov və digər iki tutulan şəxs Vüqar Padarovun güdazına gediblər. Bu şəxslərin günahı yalnız Aşağı Taladan olmaları və V.Padarovla qohumluq əlaqəsidir...mənbə: Yeni Müsavat qəzeti