Həm Azərbaycan, həm də Almaniya hökuməti üçün vacib olan bu layihəyə əsasən Gəncə şəhəri 24 saat ərzində su ilə təmin ediləcək. Eyni zamanda suyun keyfiyyətinə nəzarət də diqqətdə saxlanılacaq.Bu məqsədlə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə KFW Almaniya İnkişaf Bankının Direktoru Eva Vitt və rəhbərlik etdiyi nümayəndə heyəti “Su təchizatı və kanalizasiya sistemlərinin bərpası” layihəsi çərçivəsində Gəncə şəhərinə növbəti dəfə səfər edib.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, başçının Sosial-İqtisadi Məsələlər üzrə müavini Rafiq Şəfiyev nümayəndə heyətini qəbul edib. Görüşdə Gəncə şəhərinin “Su təchizatı və kanalizasiya sistemlərinin bərpası” layihəsi çərçivəsində yenidən müzakirələr aparılıb. Mövcud vəziyyət bir daha nəzərdən keçirilib. Kanalizasiya xəttinin bərpası zamanı yağış sularının axıdılmasının mümkünlüyü haqqında da müzakirələr aparılıb. Layihə icraçıları tərəfindən diqqətə çatdırılıb ki, artıq su xətləri çəkiləcək yerlər də müəyyən edilib. 2014-cü ilin birinci yarısına kimi layihənin icrası məqsədilə bütün mərhələlərin başa çatdırılması nəzərdə tutulub. Bundan başqa Gəncə şəhərində məişət tullantılarının idarə olunması məsələsinə də yenidən baxılıb. Tullantıların yığımı, nəqli və paliqonlarda yerləşdirilməsi məqsədilə atılacaq addımlar haqqında yenidən Azərbaycan hökumətinə məlumat veriləcəyi bildirilib.