'Gəncənin gənclər paytaxtı seçilməsi ölkəmizdəki dövlət gənclər siyasətinin uğurudur'

GƏNCLİK
11:20 27.11.2013
1452

Fərid Şahbazlı:”Əminəm ki, Azərbaycan, Gəncə bu böyük məsuliyyətin öhdəsindən layiqincə gələcək və Avropa üçün yeni örnəklər formalaşdıracaq”

“Azərbaycanın Gəncə şəhərinin 2016-cı il üçün “Avropa Gənclər Paytaxtı” seçilməsi olduqca qürurverici və mühüm hadisədir. Bu Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilən dövlət gənclər siyasətinin uğurudur.”

Bu sözləri Gəncə şəhərinin 2016-cı il üçün “Avropa Gənclər Paytaxtı” seçilməsini dəyərləndirən“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, bu fakt ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasətinin uğurunun beynəlxalq etirafı kimi qiymətləndirilməlidir: “Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasəti, onun məqsəd və hədəfləri ilə tanış olan hər kəs bilir və etiraf edir ki, bu siyasət dünyanın ən qabaqcıl ölkələrinə belə örnək olacaq səviyyədədir. Hazırda bu siyasətin məntiqi nəticəsidir ki, Azərbaycanda gənclər bütün istiqamətlər üzrə özlərini realizə edə bilir və hakimiyyətin müxtəlif qollarında təmsil olunmaqla dövlət idarəçiliyində iştirak edirlər. Hesab edirəm ki, Gəncənin “Avropa Gənclər Paytaxtı” seçilməsi bu şəhərin dövlət gənclər siyasətinin reallaşması prosesində göstərdiyi aktivliyə, şəhərdə yüksək səviyyəli gənclik tədbirlərinin keçirilməsi üçün mövcud olan infrastruktura adekvat qiymətdir”.

Fərid Şahbazlı qeyd edib ki, Gəncənin “Avropa Gənclər Paytaxtı” seçilməsi və burada keçiriləcək yüksək səviyyəli tədbirlər Azərbaycan həqiqətlərinin, mədəniyyətinin və milli dəyərlərimizin təbliği mənasında olduqca əhəmiyyətli hadisədir: “Əminəm ki, Azərbaycan, Gəncə bu böyük məsuliyyətin öhdəsindən layiqincə gələcək və Avropa üçün yeni örnəklər formalaşdıracaq”.

OXŞAR XƏBƏRLƏR