Gəncənin sənayesi - FOTOLARDA

Gəncənin sənayesi -  FOTOLARDA
Bütün Xəbərlər
14:14 17.10.2014
5570

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan edilməsi və bu sərəncamın Gəncə şəhər rəhbərliyi tərəfindən yüksək səviyyədə yerinə yetirilməsi qədim şəhərimizə yeni uğurlar gətirir. Şəhərin son illərdə genişvüsətli inkişafı, sosial – iqtisadi, mədəni yüksəlişi, görkəmli nailiyyətləri qədim yurdun sənaye potensialı ilə fərqlənir. Sənaye müəssisələrində istehsal olunan məhsulların təxminən yarısı xarici ölkələrə ixrac edilir.

Ölkə Prezidenti dəfələrlə vurğulayıb ki, sənayenin innovasiyalar əsasında təmin edəcək imkanların formalaşdırılması zəruridir. “Əlbəttə ki, bizim sənaye mərkəzlərimiz müəyyən edilib. Bakı, Sumqayıt –Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Gəncə, Mingəçevir bizim əsas mərkəzlərimizdəndir.Ancaq bütün rayonlarda sənaye zonaları yaradılmalıdır, sənayenin inkişafi daha sürətlə getməlidir.”

Gəncədə ilin birinci yarısında istehsal edilmiş ümumi məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq 285,3 milyon manat təşkil edib.Ümumi daxili məhsulun 32,4 faizi sənayenin,0,1faizi kənd təsərrüfatının,15,1 faizi tikinti – quraşdırma işlərinin, 12,1 faizi nəqliyyatın, 0,8 faizi informasiya və rabitə sahələrinin payına düşüb.İlin əvvəlindən məhsul istehsalı və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Gəncə Avtomobil Zavodunda , “Gəncə -Şərab-2” , Cihazqayırma zavodu ASC-lərdə, MTK “Gəncə-Tekstil” filialında, “ELBA” MMC və digər müəssisələrdə artım müşahidə olunub.Ümumi istehsalın 87,8 faizi sənaye məhsulu istehsalının 12,2 faizi sənaye xarakterli xidmətlərin hesabına yaranıb.                                                                                           

Dövlət başcısının dəstəyi ilə Gəncə şəhərində dəmir istehsalından tutmuş polad istehsalına, “DET.AL Alüminium” MMC-nin Gəncə Alüminium Zavodunun bazasında alunit filizinin hasilatından alüminium istehsalına qədər bütün mərhələləri əhatə edən parkların yaradılması nəzərdə tutulub və bu istiqamətdə işlər yüksək templə davam etdirilir.Bundan əlavə, möhtərəm Prezidentimizin metallurgiya sənayesinin inkişafı ilə əlaqədar imzaladığı sərəncama əsasən,Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində dəmir filizinin hasilatından tutmuş,polad istehsalına qədər bütün mərhələləri əhatə edən Polad istehsalı Kompleksi yaradılacaq.Bu isə minlərlə iş yerinin açilmasi deməkdir.

Çirkli plastik su boruları və fitinqlər istehsal edən “SEMPA” QSC-nın istehsal sahəsində son tamamlama işləri görülür və yeni inzibati binanın tikintisi davam edir.Eyni zamanda, “DET.AL Alüminium” MMC-nin Gəncə Alüminium Zavodunun istehsal gücü ildə 50 ton olan II fazasının və “Elba Kəsim və Emal Fabrikası” MMC-nin tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.”Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə “Minsk təkərli dartıcılar zavodu” ASC arasında bağlanmış müqaviləyə əsasən bu ilin may ayından zavodda ağır tonnajlı yüklərin daşınması üçün qoşqu və yarımqoşquların istehsalına başlanılıb.

“Gəncə -Qənnadı” ASC-nin Süd Emalı Zavodunda texnoloji proses və quraşdırılmış avadanlıqlar test sınağından müvəffəqiyyətlə keçib və müəssisənin istifadəyə tam hazır oldugu bildirilir.”Gəncə Tekstil” ASC-də yeni açılan əl ilə toxunma xalça sexində isə 18 xana quraşdırılaraq istifadəyə verilib.Hazırda burada 25 işçi çalışır.

Gəncənin sənaye istehsalı müəssisələrinin sırasına biri də qoşulacaq. Şəhərdə vaqon istehsalı zavodunun inşası planlaşdırılır. Hazırda İsveçrənin “Ştadler”şirkəti ilə birgə layihə-smeta sənədləri hazırlanır. Müəssisədə istər sənaye, istər ölkə daxilində, istərsə də beynəlxalq daşımalarda istifadə olunmaq üçün ildə 50 vaqon istehsal ediləcək. Burada metro vaqonları da hazırlanacaq. Ümumiyyətlə, Gəncədə 5 zavodun tikilməsi nəzərdə tutulub.

Gəncə sənayesinin inkişafı sahəsində görülən işlərin nəticələri yeni perspektivlərin yaranması üçün stimul rolunu oynayır və inkişafı davam etdirmək üçün yeni layihələr irəli sürülür.Müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması, çoxsaylı layihələrin icrasının davam etdirilməsi Gəncənin tərəqqisinə, insanların rifahının yüksəldilməsinə,işsizliyin aradan qaldırılmasına mühüm töhfələr verəcək.

OXŞAR XƏBƏRLƏR