Gənclər niyə iş yerlərini tez-tez dəyişir? - Açıqlama
SOSİAL
22:28 28.07.2026
231
Azərbaycanda gənclərin iş yerlərini tez-tez dəyişməsi son illər əmək bazarında müzakirə olunan məsələlərdən biridir. Bu, karyera inkişafına müsbət təsir edir, yoxsa işəgötürənlər tərəfindən qeyri-sabitlik əlaməti kimi qiymətləndirilərək gələcək karyera imkanlarını məhdudlaşdıra bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında sosioloq Əhməd Rəhmanov bildirib ki, bu tendensiyanın əsas səbəblərindən biri əmək bazarında nəzarət mexanizmlərinin kifayət qədər effektiv işləməməsidir.
Onun sözlərinə görə, əmək bazarında baş verən proseslərlə bağlı nəzarət gücləndirilməli, monitorinq isə daha geniş şəkildə aparılmalıdır:
"Dövlət Əmək Müfəttişliyi və Həmkarlar İttifaqları Konfederasiyası əmək bazarında baş verən proseslərə nəzarəti gücləndirməli, monitorinqi isə genişləndirməlidir. Son dövrlər müxtəlif müəssisələrdə ixtisarlarla bağlı xəbərlər yayılsa da, bu məsələlərə dair ictimaiyyətə daha ətraflı məlumat verilməsi faydalı olardı.
Yaşlı nəsillə müqayisədə gənclərin iş yerlərini daha tez-tez dəyişməsinin əsas səbəblərindən biri onların öz bilik və bacarıqlarına uyğun əməkhaqqı və iş şəraiti axtarmasıdır.
Gənclər davamlı olaraq öz üzərində işləyir, yeni bilik və bacarıqlar əldə edirlər. Buna görə də onlar əməklərinin layiqincə qiymətləndirildiyi iş yerlərində çalışmağa üstünlük verirlər. Təklif olunan əməkhaqqı onların gözləntilərinə cavab vermədikdə isə iş yerlərini dəyişməyə üstünlük verirlər. Xüsusilə frilans və yaradıcı sahələrdə çalışan gənclər əməklərinə daha yüksək dəyər verilən iş imkanları axtarırlar.
Digər tərəfdən, minimum əməkhaqqının səviyyəsi də bu prosesə təsir edən amillərdən biridir. Hesab edirəm ki, bəzi gənclər aldıqları əməkhaqqının yaşayış xərclərini tam qarşılamadığını düşündükləri üçün daha yüksək gəlir təklif edən işlərə üz tuturlar.
Bundan əlavə, əmək bazarında sabitliyin yetərli olmaması da gənclərin qərarlarına təsir edir. İşə qəbul olunan şəxs gələcəkdə həmin müəssisədə uzun müddət işləyəcəyinə əmin olmadıqda, daha etibarlı və perspektivli iş imkanları axtarmağa çalışır”, – deyə Əhməd Rəhmanov fikrini tamamlayıb.