Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova jurnalistlər üçün tikilən binadan ev almaq istəyindədi.
AZXEBER.COM Komanda.az-a istinadən xəbər verir ki, Məmmədova mənzil şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna müraciət edib. Tələb olunan sənədləri artıq KİVDF-yə təqdim edən nazirlik sözçüsü Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən ikinci binada mənzil alacağına ümidlidi.
Məsələylə bağlı Səmayə xanımın özündən soruşmaq istədik. Amma həmkarımızın reaksiyası bir qədər sərt oldu:
"Sizə nə? Nazirliklə bağlı suallarınız varsa, buyurun. Məni işdən kənar suallarla narahat etməyin”.
Səmayə xanımın niyə bu qədər sərt reaksiya verdiyini açığı, anlamadıq. Amma söhbət jurnalistlər üçün tikilən binadan gedirsə, bu məsələni diqqət mərkəzində saxlamağımız normaldı. Çünki sosial şəbəkələrdə, mətbuatda evə ehtiyacı olmayan jurnalistlərin, redaktorların da ev üçün müraciət etməsi haqda tez-tez yazılar olur. Bu isə gerçəkdən evə ehtiyacı olan, kirayədə yaşayan hansısa jurnalistlərin qarşısının kəsilməsinə, haqqının tapdanmasına səbəb olur. Gənclər və idman nazirliyi kimi bir qurumda işləyən Məmmədovanın evə doğrudan da ehtiyacı varmı? Bu suala aydınlıq gətirmək istəyirdik, amma görünən odu ki, Səmayə xanım danışmaq istəmir.