Son zamanlar cəmiyyəti ən çox narahat edən məqamlardan biri də gənclərin radikal dini qruplaşmalara qoşulmasıdır. Bəs görəsən bunun əsl səbəbi nədir?
Psixoloq Fərqanə Mehmanqızı AZXEBER.COM-a açıqlamasında deyib ki, mənəvi qida axtarışında olan insanlar üzləşdiyi çətinliklərdən qaçaraq dini ideologiyalara sığınırlar:
“90-cı illər gərgin bir dövr olduğu üçün bütün sahələrdə tənəzzül müşahidə olunub. Bu tənəzzül eyni zamanda ailə institutundan da yan keçməyib. Valideynlər övladlarının maddi durumuna diqqət yetirdikləri üçün onların mənəviyyatı ilə məşğul olmurdular. Bütün bu proseslər də psixoloji travmalarla müşahidə olunurdu. Buna görə də cəmiyyətdə mənəvi boşluq yaranmışdı. Bu boşluq da xarici dini-ictimai ideologiyaların fəaliyyəti üçün münbit şərait yaratdı.
İdeologiyalar insanların birbaşa həyatına müdaxilə edirlər. Maraqlı məqam ondan ibarətdir ki, belə insanlarla ünsiyyət zamanı Allahı istədikləri ata obrazında gördüklərini müşahidə edilir. Digər tərəfdən dünya elmindən xəbərsizlik onların bu dini ideologiyaya daha da bağlayır, onların sadiqliyini artırır. Nəticədə də radikallaşma müşahidə olunur. Bu baxımdan belə insanların İSİD kimi terror təşkilatlarına qoşulması qaçılmazdır. Təbii ki, dini ideologiyaları tərk edib öz normal həyatına dönənlər də az deyil”. Psixoloqun fikrincə, bunun qarşısını almaq üçün hər kəsin üzərinə müəyyən qədər yük düşür: “Bunun qarşısını qısa müddət ərzində almaq qeyri- mümkündür. Bu prosesi azaltmaq üçün mütləq kompleks tədbirlər həyata keçirmək gərəkdir. Bu tədbirlər həm dövlət, həm də ailələr tərəfindən həyata keçirilməlidir. Cəmiyyətdə radikalizmin azaldılması üçün hamının üzərinə müəyyən qədər yük düşür. Uşaqlıqdan övladlar psixoloq nəzarətində olsa yaxşı olardı. Bu uşaqları psixoloji travmalardan qorumaq məqsədi daşıyır. Təqdirəlayiq cəhət odur ki, son zamanlar dövlət bir çox strukturlarda psixoloq vəzifələrinin açılmasında maraqlıdır.
Valideynlər mütləq qaydada ovladların mənəviyyatı ilə məşğul olmalıdırlar. Onun zənginləşdirilməsi üçün fasiləsiz tədbirlər görməlidirlər. Yaxşı olardi ki, orta məktəblərdə dünya dinləri haqqında dərslər salınsın ki, gələcəkdə uşaqlar dini ideologiyalarla qarşılaşanda bu ideologiyaları yeni məlumat kimi qəbul edib ona meyl göstərməsinlər. Bəzən valideynlər öz ovladlarını dinə yönəldirlər. Əslində, bu çox təhlükəli haldı. Çünki uşaqlar hələ ağı qaradan fərqləndirə bilmədikləri üçün dini təzyiqlərə tab gətirə bilmirlər və nəticədə psixoloji sarsıntı keçirirlər. Bunu praktikamda qarşılaşdığım hadisələrə əsasən söyləyirəm. Düzdür, bu psixoloji sarsıntılardan qurtulmaq olur. Ancaq uşaq üçün itirlmiş vaxt onun uşaqlıq illərindən gedir”.
AZXEBER.COM