“Gənclərin Moda Festivalı” keçirildi - FOTOLAR

“Gənclərin Moda Festivalı” keçirildi - FOTOLAR
SOSİAL
20:01 25.09.2025
130
"Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının və "Big Model Agency”nin dəstəyi ilə "Gənclərin Moda Festivalı” uğurla keçirilib.

Festivalın əsas məqsədi gənc istedadların yaradıcılıq potensialını nümayiş etdirmək və Azərbaycan milli ornamentləri ilə geyim ənənələrini müasir interpretasiyada tamaşaçılara təqdim etmək olub.

Tamaşaçılar festival çərçivəsində milli ornamentlərlə bəzədilmiş geyim kolleksiyalarını, eləcə də dinamik pop üslubunda hazırlanmış nümunələri izləyiblər.

Mədəniyyət Könüllüləri İctimai Birliyi artıq ikinci dəfədir ki, gənc dizaynerlərə dəstək məqsədilə moda festivalı təşkil edir. Tədbirdə Birliyin "Fashion Klubu”nun məzunları öz yeni kolleksiyalarını təqdim ediblər. Bununla yanaşı, festivalda dəvət olunmuş modelyerlər də iştirak edərək maraqlı kolleksiyaları ilə tədbirə rəng qatıb. Eyni zamanda Qurama Mərkəzinin ustalarının "Payızın naxışı” kolleksiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzun və tələbələrinin Üzeyir Hacıbəylinin 140 illiyinə həsr etdikləri "Üzeyir sədaları” kolleksiyası tamaşaçıların böyük marağına səbəb olub.

Nümayişlər "Big Model Agency”nin rəhbəri və xoreoqrafı Natiq Əliyevin rəhbərliyi ilə agentliyin modelləri tərəfindən təqdim olunub.

Festivalın musiqili qonaqları sırasında Azərbaycan Dövlət Mahnı Teatrının solistləri – İlhamə Qasımova, Rövşən Qəhrəmanov və İdris Hüseynov çıxış ediblər.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR