'Gənclərin sosial şəbəkəsi - Yeni media layihələrində' layihəsi yekunlaşıb

GƏNCLİK
10:35 24.06.2013
1571

Bakıda start götürən “Gənclərin sosial şəbəkəsi - Yeni media layihələrində” adlı layihə yekunlaşıb.

AZXEBER.COM-un məlumatına görə, 5 gün müddətində davam edən layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.50 nəfər aktiv gənci bir araya gətirən layihə müddətində iştirakçılara yeni media, sosial şəbəkələr, bloqlar, şəbəkələşmə, liderlik keyfiyyərləri, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki təlimlər keçirilib.Təlimlər əsasən media sahəsində çalışan təcrübəli ekspertlər tərəfindən aparılıb və layihə iştirakçıları onların təcrübələrindən faydalanmaq imkanı əldə ediblər.Layihənin ilk günündə iştirakçılara “Azxəbər.com” informasiya portalının təsisçiləri Hacıbəy Heydərli və Əfsələddin Ağalarov “Medianın inkişafında sosial şəbəkələrin rolu” mövzusunda təlim keçib.Növbəti günlərdə KİV və PR texnologiyaları üzrə mütəxəssis Əli Hacızadə “Wikipedia və ondan səmərəli istifadə” mövzusunda, günün ikinci yarısında diplomatik protokol üzrə ekspert Kövsər Orucbəyli isə “Sosial mediada etik davranış və yazı normaları” mövzusunda təlim aparıblar.Tanınmış teleaparıcı Rəşad Mehdili “Sosial şəbəkələrdə yazı üslubu”mövzusunda layihə iştirakçılarına öz təcrübəsini bölüşüb.Təlimlərin sonunda ekspertlər iştirakçıların suallarını cavablandıraraq onlara öz məsləhətlərini veriblər.Daha sonra iştirakçılar layihə rəhbəri İmaməddin Quliyev və layihə koordinatoru Nərmin Balayeva tərəfindən komanda işinə cəlb olunublar. Belə ki, iştirakçılar qruplara bölünərək “Jurnalistika” mövzusunda səhnəciklər hazırlayıb və həmin səhnəciklər iştirakçılar tərəfindən qiymətləndirilərək qalib komanda müəyyən olunub.Layihənin son günündə bağlanış mərasimi keçirilib və layihə iştirakçıları şəhadətnamələrlə təltif olunublar. Sonda iştirakçılarla xatirə şəkli çəkilib.Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd fəaliyyət göstərdiyi sahələrdə aktiv olan gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, onların internet jurnalistikaya olan marağını yüksəltmək, gənclərin yeni media vasitələrindən effektiv istifadə etməsi üçün mütəxəssislərin təcrübələrini onlara ötürmək, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirməkdən ibarət olub.

OXŞAR XƏBƏRLƏR