02:29 Cümə, 18 Oktyabr 2019
GƏNCLİK

“GəncLİK” proqramının iştirakçıları məlum oldu

13:18, 02.10.20192837
“GəncLİK” proqramının iştirakçıları məlum oldu

Oktyabr ayından start verilən təlimlər və görüşlər 3 ay davam edəcək

Gənclərin hərtərəfli inkişafının dəstəklənməsi, sosial aktiv fəaliyyətlərinin artırılması, liderlik bacarıqlarının formalaşdırılması dövlət gənclər siyasətinin əsas istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən layihələrin davamı olaraq "GəncLİK” proqramı gənclərdə liderlik qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) tərəfindən həyata keçirilən "GəncLİK” proqramının sonuncu seçim mərhələsi uğurla yekunlaşıb.

Xatırladaq ki, proqramda iştirakla bağlı 27 may-24 iyun 2019-cu il tarixlərində ərizə qəbulu həyata keçirilib. Müraciətçilər "GəncLİK” proqramının rəsmi internet səhifəsi vasitəsilə ərizə formasını müvafiq qaydaya uyğun olaraq doldurub qeydiyyatdan keçiblər. Proqrama müraciət etmiş 1000-dən artıq gənc arasından seçim meyarlarına uyğun gələn 321 gənc isə növbəti mərhələ olan test imtahanında iştirak etmək şansı qazanıb. İmtahan zamanı minimum müəyyən olunmuş orta balı toplayan 104 gənc növbəti mərhələdə video müraciət hazırlayaraq iştirak ediblər. Bu mərhələnin həyata keçirilməsində əsas məqsəd namizədin maksimum 2 dəqiqə ərzində "niyə mən GəncLİK proqramına seçilməliyəm?” sualı ətrafında özünü sərbəst şəkildə ifadə etməsinə nail olmaqdır. 24 iyul - 5 avqust tarixlərində video müraciətlərin qəbulu prosesi həyata keçirilib. 60 gəncin video müraciəti ekspertlərin rəyinə əsasən uğurlu hesab edilib.

7-14 sentyabr tarixində baş tutmuş müsahibə mərhələsində ekspertlər tərəfindən səsləndirilən sualları dolğun şəkildə cavablandırmış və müsbət rəy almış 30 gənc GəncLİK proqramında iştirak hüququ qazanıb

Qeyd edək ki, artıq oktyabr ayından start verilən təlimlər və görüşlər 3 ay davam edəcək. Təlim proqramının yekununda iştirakçıların inkişafının qiymətləndirilməsi aparılacaq, daha sonra isə gənclər 2 ay ərzində profillərinə uyğun olaraq beynəlxalq təşkilatlarda və yerli qurumlarda təcrübə keçəcəklər. Növbəti mərhələdə proqram iştirakçılarının fərdi və ya qrup şəklində ideyaları qrant formasında maliyyələşdiriləcək və 2 ay ərzində icra olunacaq. Sonda isə proqramı uğurla yekunlaşdıran gənclərin müvafiq məsul işlə təmin olunmasına və ya mövcud iş yerində irəlilələməsinə dəstək göstəriləcək.

Gənc liderlərimizi təbrik edir və qarşıdakı fəaliyyətlərində uğurlar arzulayırıq!

XƏBƏR LENTİ