Qənirə Paşayeva“Gerçek aşıklar diridirler ölmezler
Ruhları da yer altına girmezler
Zahid abid bu anlamı bilmezler
Gerçek aşıklar halkın Hızırıdırlar”
Aşiqlər nəfslərini öldürür və Allahda dirilirlər. Aşiqlər sonsuzluq sirri içində yox olaraq, sonsuzluğa çatırlar. Buna görə də aşiqlər ölməzlər. Bu misraların və sözlərin sahibi dədəmiz Əhməd Yəsəvi deyərdi ki, ən önəmli ibadət, insana xidmətdir. Dinimiz bizə belə buyurur. Dədəmiz Əhməd Yəsəvi Hikmətli Divanında belə deyir: Kim Allaha qovuşmaq istəyirsə qərib, kimsəsiz, yoxsul, kasıb, yetimlərin könlünü alsın...
Dədəmiz Əhməd Yəsəvinin bizə söylədiyi hikmətlərin qaynağı Qurani-Kərimdə insanların bəzən namaz surəsi adlandırdığı və çox tez-tez oxuduğu "əl-Maun" surəsində çox açıq şəkildə görünür. İnancsızlardan və inanclı kimi görünən yalançılardan danışan "əl-Maun" surəsində belə deyilir: " Dini (haqq-hesab gününü) yalan hesab edəni gördünmü? Yetimi itələyib qovar (haqqını verməz), yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar) - odur...
Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar);
Onlar (namazlarında) riyakarlıq edər,
Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər)."
Qurani-Kərimə görə, münkir və münafiqliyin özəllikləri bunlardır:
1 - yetimi itələyib qovar (haqqını verməz)
2 - yoxsulu yedirtməyə rəğbətləndirməz
3- namazdan qafil olmaq
4- riyakarlıq etmək
5- zəkat verməyi qadağan edər
Beş özəllikdən düz üçü qərib, yoxsul, yetimlərlə bağlıdır. "Əl-Bələd" surəsinin 10-17 ayələri, Əl-İsra surəsinin 26-cı ayəsi, Ən-Nur surəsinin 22-ci ayəsi, Əl-Bəqərə surəsinin 83-cü ayəsi də bununla bağlıdır. İnsana xidmətə, ehtiyacı olanlara, yetimlərə, yoxsullara, kasıblara dəstək olmaq, onların könüllərini şad etməyin böyük önəmi barədə. Əl-Bəqərə surəsinin 83-cü ayəsində deyilir:
"... Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrəbaya, yetimlərə və kasıblara xeyirxahlıq edəcəksiniz... "
Və ya Ən-Nisa surəsinin 36-cı ayəsi:
" Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! "
Qurani-Kərimdə bu cür ayələrin sayı çoxdur. Amma bir ayə var ki orda deylir ki, insan Allaha qovuşduran yol ancaq insanlara yardımçı olmaqdan keçir. “Ər-Rum” surəsinin 38-ci ayəsində belə deyilir:
" İnsanların var-dövləti sayəsində artırmaq məqsədilə sələmlə verdiyiniz mal Allah yanında artmaz. Allahın Camalını diləyərək verdiyiniz zəkata gəlincə, (bilin ki), bunu edənlər (mallarının bərəkətini) qat-qat artıranlardır".
Çox açıq şəkildə insana səslənilir. Allahın Camalını diləyənlər, yəni Allaha qovuşmaq və Onu görmək istəyənlər, yəni özləri üçün Merac istəyənlər qohum-əqrəbaya, yoxsula, yolda qalmışlara haqlarını verəcəklər. Qurani-Kərim "haq" larını ver deyir. Yəni verilən onların haqqı olandır. Qurani-Kərimin “əl-İnsan” və ya “əd-Dəhr” surəsində belə deyilir
"Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik. "
Bunu edə bilirikmi? Hər gün bu sualı özümüzə verməli və cavaba uyğun gecikmədən addımlar atmalıyıq. Əhməd Yəsəvi kimi dədələrimizi daha çox oxumalı, ən əsası anlamalıyıq. Gerçək insan olmanın yolunu bizə anladan dədələrimizi nə qədər öyrənirik? Əhməd Yəsəviləri tanımaq azdır, ən önəmlisi onları anlamaqdır...