Son günlər geyim mağazalarının sosial şəbəkə hesablarında paylaşdığı reklam görüntüləri müzakirələrə səbəb olur.
Belə ki, geyim reklamı adı altında təqdim olunan bəzi videolarda diqqət məhsulun özündən daha çox modellərin xarici görünüşünə, sinə nahiyəsinə və bədən quruluşuna yönəldilir. Bu cür təqdimat üsulu isə sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmır.
Bəs mağazalar niyə bu reklam üsuluna üstünlük verirlər? Diqqətçəkən görüntülər həqiqətən satışları artırırmı və bu yanaşma brendin imicinə necə təsir göstərir?
İnsan resursları üzrə menecer Röyal Əhmədov AZXEBER.COM-a açıqlamasında bildirib ki, mağazalar modellərin xarici görünüşündən, bədən quruluşundan və açıq-saçıq geyim tərzindən istifadə edərək diqqət cəlb etməyə çalışırlar:
"Geyim mağazalarının sosial şəbəkələrdə açıq-saçıq geyimdə olan modellər vasitəsilə reklam yayması müasir marketinqdə əsasən diqqət marketinqi (Attention Marketing), emosional marketinq və seksual marketinq (Sexual Marketing) strategiyaları ilə əlaqələndirilir. İlk növbədə qeyd etmək lazımdır ki, bu gün sosial şəbəkələrdə geyim mağazaları arasında kifayət qədər ciddi rəqabət mövcuddur. Demək olar ki, əksər mağazalar oxşar məhsullar, qiymətlər və endirimlər təklif edirlər. Belə bir şəraitdə fərqlənmək üçün şirkətlər müxtəlif marketinq üsullarından istifadə edirlər. Bəzi mağazalar məhsulun keyfiyyətini, qiymətini və dizaynını ön plana çıxarır, digərləri isə reklamda modellərin xarici görünüşündən, bədən quruluşundan və açıq-saçıq geyim tərzindən istifadə edərək diqqət cəlb etməyə çalışırlar. Burada əsas məqsəd insan psixologiyasına təsir etməkdir. Çünki sosial şəbəkə istifadəçiləri vizual olaraq diqqətçəkən görüntülərə daha tez reaksiya verə bilirlər. Bu reaksiya bəyənmə, şərh, paylaşım və videoya baxış formasında özünü göstərir. Yəni bəzi hallarda mağaza məhsuldan əvvəl insanın diqqətini satmağa çalışır”.
Röyal Əhmədov qeyd edib ki, bu cür reklamlar müəyyən hallarda satışların artmasına kömək etsə də, yüksək baxış sayı real satış demək deyil:
"Bəli, müəyyən hallarda satışların artmasına kömək edə bilər. Lakin burada çox vacib bir məqam var: yüksək baxış sayı yüksək satış demək deyil. Məsələn, bir geyim mağazası açıq-saçıq geyimdə modelin iştirak etdiyi video paylaşır və həmin video 500 min baxış toplayır. İlk baxışdan bu, uğurlu reklam təsiri bağışlayır. Amma əsas sual budur: həmin 500 min baxışın neçəsi real müştəriyə çevrilib? Marketinqdə buna konversiya, yəni marağın real alış-verişə çevrilməsi deyilir. Reklamın effektivliyini yalnız baxış və bəyənmə sayı ilə deyil, mağazaya gələn müraciətlərin, sifarişlərin və real satışların sayı ilə qiymətləndirmək lazımdır. Mən hesab edirəm ki, bəzi mağazalar üçün bu strategiyanın əsas məqsədi birbaşa satışdan daha çox sosial şəbəkələrdə görünürlük qazanmaq və izləyici sayını artırmaqdır. Çünki diqqət çəkən paylaşımlar daha çox müzakirə yarada, istifadəçilər tərəfindən paylaşıla və nəticədə daha geniş auditoriyaya yayıla bilər. Ancaq burada bir risk var: mağazanın səhifəsinə məhsula görə deyil, yalnız modelin xarici görünüşünə görə izləyici toplana bilər. Belə olduqda izləyici sayı artır, amma real müştəri sayı eyni nisbətdə artmır”.
Röyal Əhmədov bu cür reklamların mağazaların brend imicinə də təsir göstərdiyini bildirib:
"Marketinq yalnız məhsulu satmaq deyil, eyni zamanda brendin cəmiyyətdə hansı imiclə tanınmasını formalaşdırmaqdır. Əgər mağaza daim açıq-saçıq görüntülərlə reklam aparırsa, müəyyən auditoriyanın diqqətini cəlb edə bilər. Amma digər tərəfdən, öz brendini yalnız xarici görünüş və seksual görüntülərlə əlaqələndirmək riski yaranır. Xüsusilə ailə auditoriyasını və daha konservativ müştəriləri hədəfləyən mağazalar üçün bu yanaşma mənfi nəticələr də yarada bilər. Mənim fikrimcə, düzgün marketinq strategiyası diqqət cəlb etməklə yanaşı, məhsulun özünü də ön plana çıxarmalıdır”.
Röyal Əhmədovun sözlərinə görə, geyim reklamlarında əsas diqqət modelin xarici görünüşünə deyil, məhsulun keyfiyyətinə və müştəriyə təqdim etdiyi dəyərə yönəlməlidir:
"Geyim mağazası reklamında modeldən istifadə etmək tamamilə normal marketinq yanaşmasıdır. Çünki müştəri geyimin insan üzərində necə göründüyünü, hansı formada oturduğunu və necə kombin edildiyini görmək istəyir. Amma model reklamın əsas məqsədinə çevrilməməlidir. Əsas diqqət geyimə, onun keyfiyyətinə, dizaynına, qiymətinə və müştəriyə təqdim etdiyi dəyərə yönəlməlidir. Bu gün sosial şəbəkələrdə baxış toplamaq mümkündür, amma həmin baxışları real müştəriyə çevirmək artıq marketinq peşəkarlığı tələb edir”.
Fəridə Əsədzadə











































