Vətəndaşın səsini icazəsiz yazmaq və paylaşmaq qanunidirmi?
AZXEBER.COM xəbər verir ki, bu barədə "demokrat.az”a açıqlama verən hüquqşünas Babək Umudov bildirib ki, vətəndaşın səsinin onun xəbəri və razılığı olmadan gizli şəkildə yazılması, xüsusilə də həmin səs yazısının sosial şəbəkələrdə və ya mediada paylaşılması hüquqi məsuliyyət yarada bilər:
"Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi həyatının toxunulmazlığı hüququ vardır. Başqa şəxsin şəxsi həyatı barədə məlumatların, o cümlədən səs yazısının onun razılığı olmadan toplanması, saxlanması, istifadəsi və yayılması yolverilməzdir.
Həmçinin şəxsin ictimai yerdə açıq çıxışı zamanı səsləndirdiyi məlumatların qeydə alınması fərqli hüquqi qiymətləndirilə bilər. İcazəsiz səs yazılması və yayılması əməlin xarakterindən və nəticələrindən asılı olaraq cinayət və ya mülki məsuliyyət yarada bilər. Cinayət Məcəlləsinin 156-cı maddəsində şəxsi həyatın toxunulmazlığının pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Əgər səs yazısı şəxsi və ya ailə həyatının sirrini təşkil edən məlumatları əhatə edirsə, əməli törədən şəxs qanunvericiliyə uyğun olaraq cərimə, ictimai işlər, islah işləri və digər cəza növləri ilə üzləşə bilər. Ağırlaşdırıcı hallarda daha ciddi cəza tədbirləri də tətbiq oluna bilər”.
Hüquqşünas əlavə edib ki, bundan başqa, zərərçəkən şəxs mülki qaydada məhkəməyə müraciət edə bilər:
"O, səs yazısının internet resurslarından silinməsini, zəruri hallarda təkzib verilməsini, həmçinin şərəf, ləyaqət və işgüzar nüfuzuna vurulmuş maddi və mənəvi zərərin kompensasiya edilməsini tələb edə bilər. Səs yazısının icazəsiz yayıldığını müəyyən edən şəxs ilk növbədə sübutları toplamalıdır. Bunun üçün paylaşımın edildiyi səhifənin, kanalın və ya profilin linki saxlanmalı, ekran görüntüləri və mümkün olduqda ekran videosu qeydə alınmalıdır. Sübutların notariat qaydasında təsdiqlənməsi də onların sonradan hüquqi prosesdə istifadəsini asanlaşdıra bilər.











































