Gülər Əhmədova: 'Qanunda uşaqların hüquqlarının qorunması ilə bağlı maddələr sərtləşdirilməlidir'

Gülər Əhmədova:
Bütün Xəbərlər
02:05 22.07.2012
1199
Azərbaycanda uşaq hüquqlarının qorunması ilə bağlı qanunun sərtləşdirilməsinə ehtiyac var. Əks halda Azərbaycanda uşaqlarla bağlı xoşagəlməz hallar uzun müddət davam edə bilər. Bunu SalamNews-a açıqlamasında Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova bildirib. Onun sözlərinə görə, məişət zorakılığı, həmçinin uşaq hüquqları haqqında qanunda uşaqlara qarşı zorakılıq halları, məcburi əməyə cəlb etmə, uşaqları diləndirmək, erkən nikaha cəlb etməklə bağlı valideynlərə qarşı çox ciddi məsuliyyət maddələri nəzərdə tutmalıdır. “Bu cür faktlar cinayət tərkiblidir. Misal üçün, konkret olaraq valideyn bilməlidir ki, övladını erkən nikaha cəlb edərsə, cinayət məsuliyyətinə cəlb oluna bilər. Biz gələcəkdə uşaqlardan normal vətəndaş yetişdirmək istəyiriksə, öncə dövlət uşaqların müasir təminat məsələsini həll etməlidir. Amma bu o demək deyil ki, valideynlər işləməsin, dövlətin onların bütün problemlərini həll etməsini gözləsinlər. Mənə elə gəlir burada dövlət kifayət qədər dəqiq siyasət yürütməlidir”, – Gülər Əhmədova deyib.“Bu siyasət nədən ibarət olmalıdır?” sualına cavab olaraq deputat bildirib ki, əvvəlcə valideynlərdən uşaqlarını fiziki və psixoloji cəhətdən normal böyütmələrini tələb etmək lazımdır. “Əslində uşaq ailənin əmlakı deyil. Qanunda da qeyd olunur ki, hər bir valideyn övladlarına görə məsuliyyət daşıyır. Yox, əgər valideyn bu məsuliyyəti üzərinə götürə bilmirsə, hesab edirəm ki, biz həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə onu ciddi sürətdə məsuliyyətə cəlb etməyi nəzərdə tutan əlavələr etməliyik”, – Gülər Əhmədova bildirib. Millət vəkili hesab edir ki, hazırda qanunda məişət zorakılığı və digər məsələlərlə bağlı dövlətin kömək mexanizmi deyil, cəzalandırma mexanizmi işə salınmalıdır: “Bunun üçün də qanuna dəyişikliklərə ehtiyac var. Hazırda araşdırsaq görərik ki, uşaqlar daha çox ailədaxili zorakılığa məruz qalırlar və bu cür valideynlərin qarşısında kifayət qədər şərtlər qoyulmalıdır. Ona görə də, qanunda uşaqların hüquqlarının qorunması ilə bağlı maddələr sərtləşdirilməlidir”.G.Əhmədova bildirib ki, millət vəkillərimizin əksəriyyəti bu sahədə onun fikri ilə razılaşmır və bunu mentalitetlə bağlayırlar. O deyib: “Hesab edirəm ki, bunu etməliyik və bunu heç bir mentalitetlə əlaqələndirmək doğru deyil. Hazırda uşaqlar arasında intihar hallarının çoxalması valideynlər tərəfindən övladlarını erkən yaşda nikaha və əməyə cəlb etmələri, həmçinin digər problemlərlə bağlıdır. Bu cür məsələləri hələ də, nə yerli icra hakimiyyəti orqanları, nə də ki, digər dövlət qurumları həll edə bilmir”.
OXŞAR XƏBƏRLƏR