Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Gənclər Fondunun Müşahidə Şurasına yeni üzvlərin təyin olunması müsbət addımlardan biri kimi dəyərləndirilməlidir. Bunu SİA-ya Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı İctimai Birliyinin sədri (AGAT) Gülsel Səfərova deyib.
AGAT sədrinin sözlərinə görə, bu çox müsbət bir haldır ki, Gənclər Fondunun Müşahidə Şurasına seçkilər keçirildi və bu tam demokratik şəraitdə gənc təşkilatların, cəmiyyətin qarşısında reallaşdırıldı: “Gənclər Fondunun Müşahidə Şurasının seçilməsində müəyyən qrup insanlar vardır ki, onlar gənclər təşkilatlarının rəhbərləri və vətəndaş təşkilatları qurumlarında təmsil olunaraq bu prosesdə iştirak ediblər. Bu bir daha da onu sübut edir ki, cənab prezident İlham Əliyevin əsas prioriteti gənclərə dəstək olmaq, gənclər təşkilatlarının işinə qiymət verərək onları ən üst, mötəbər qurumlarda görməkdir. Son illər ərzində dövlət başçısının “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında bizim təşkilat da (AGAT) təmsil olunur. Son 5 ildə aydın görürük ki, Azərbaycanın dövlət siyasətində gənclər təşkilatlarının xüsusi rolu vardır”.