"Bu bizdə çox təəccüb hissi doğurdu. Düşünürəm ki, qardaş Türkiyədə Xocalı aksiyası stendinə hücum etmək elə də yaxşı hal deyil". Bu sözləri Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədri Gülsel Səfərova Ankaranın mərkəzi Qızılayda Xocalı soyqırımını anmaq üçün qurulan stendə qarşı təşkil edilən hücumlara münasibət bildirərkən deyib.
AGAT sədrinin sözlərinə görə, bu hadisəni araşdırdıqda məlum olur ki, burada tamamilə başqa terror qruplarının əli olub: “Bu anti-Azərbaycan, anti-türk ümumiyyətlə, türksoylulara qarşı təxribat idi. Onlara qarşı müxtəlif xəsarətlərin yetirilməsi isə insan hüquqlarına zidd amildir. Hesab edirəm ki, həmin hadisələrin baş verdiyi ərazidə polis nəzarəti olmalı idi. Biz bilirik ki, qardaş Türkiyənin özü də müəyyən dövrdə stabil olur və yaxud problemlərlə qarşılaşır. Ankaradakı Xocalı aksiyası ilə bağlı təşkil edilən stendə hücum onu sübut edir ki, bu qətliamın təbliğ olunmasında, dünya ictimaiyyətinə çatdırılmasında Türkiyənin özündə onu sevməyən qüvvələrin paxıllığı, düşmənçiliyi mövcuddur. Hesab edirəm ki, biz bu məsələni ictimailəşdirməli, lazım olsa siyasiləşdirməliyik. Çünki bu bir reallıqdır ki, Xocalı soyqırımı artıq baş verib. Bir sözlə, biz bu məsələdə ayıq-sayıq olmalıyıq”. /// SİA