Gültəkin Hacıbəyli prezidentliyə namizəd olmaq istəyir?
Bütün Xəbərlər
16:45 23.01.2013
1796
Hərdən xətrini istədiyim bəzi həmkarlarım da mənə iradlarını bildirirlər ki, nəyə görə kimlərinsə, xüsusilə, xanımların - siyasətçilərin, millət vəkillərinin və qeyrilərinin müdafiəsinə qalxıram, onları dəstəkləyən yazılar yazıram, başıma işmi qəhətdir, yazmağa-pozmağa başqa mövzular yoxdurmu və sair və ilaxır. Onlara da, eləcə də, mənim “qayğıma qalmaq” istəyən digərlərinə də hər zaman öz arqumentlərimi bildirmişəm və bu gün də bir daha bildirmək istəyirəm ki, burada heç vaxt heç bir şəxsi təmənnam olmayıb, yoxdur, sadəcə, ağlım kəsəndən bu günə qədər az-çox yaxından tanıdığım, bələd olduğum insanlara- cinsiyyət fərqi yoxdur - qarşı istənilən haqsızlığı, ədalətsizliyi, ləyaqətsizliyi, qurşaqdan aşağı zərbələri qəbul etməmiş, onlara qarşı dərrakəmin imkan verdiyi dərəcədə və var gücümlə çıxmışam. Bu, nə dərəcədə alınıb, deyə bilmərəm, amma hər halda öz mövqeyimi ortaya qoymağa və onu da əsaslandırılmış formada təqdim etməyə çalışmışam...Əsas mətləbin üstünə gələrək qeyd etmək istəyirəm ki, uzun illərdən bəri yaxından tanıdığım, ailəvi dostluq etdiyim, doğma bacı qədər xətrini çox istədiyim, ağlına, şəxsiyyətinə böyük ehtiram göstərdiyim sabiq millət vəkili, Ziyalılar Forumunun üzvü Gültəkin xanım Hacıbəyliyə qarşı aparılan növbəti total qarayaxma kampaniyası məni bir daha qısaca olaraq, bəzi məqamlara aydınlıq gətirməyə vadar etdi. Elə bu yerdə bəri-başdan Gültəkin xanıma qarşı məlum “mətbəx” tərəfindən hazırlanıb ortaya atılan ittihamları - əgər bunlara da ittiham demək mümkündürsə - birmənalı qəbul etmədiyimi, onların heç birinin həqiqətlə yaxından-uzaqdan bağlılığı olmadığını, düşüncə və təfəkkür sahibi olan insanlarda sadəcə, gülüş və acı istehza doğurduğunu vurğulamaq istəyirəm. Həmin “mətbəx” sahib(lər)inə və sahib(lər)inin sifarişlərini canla-başla yerinə yetirənlərə bu təfəkkürlərinə görə, “bərəkallah” və “əhsən” deməkdən başqa söz qalmır. Bu “ağılla” və “gedişlə” onlar hələ çox “uzaqlara” gedəcək, “tarixin ənginliklərindən” daha çox “komromat-qənimətlər” əldə edəcəklər. Allah yollarını “açıq”, işlərini “avand” etsin, qardaşlarımız demişkən, tutduqları da “altun” olsun!..“Gültəkin Hacıbəyli müxalifətin vahid namizədi olmaq istəyir”, “...Gültəkin Hacıbəyli prezidentliyə namizədliyini irəli sürmək istəyirsə, bunu açıq-aydın şəkildə bəyan etsin” və sair tipli açıqlamalar isə həmin “mətbəx”in “peçka”sından çıxmış təzə “siyasi pirojna”lardır. Bunlar da elə ilk andaca adamın “mədəsini” vurur, bulandırır... Onlarla istəmədən olsa belə, tanış olduqca, Gültəkin xanımı öz “ağıllarınca” və “dərrakələrincə” hədəf alıb meydandan sıxışdırıb çıxarmaq istəyən bəlli qrupun nə qədər zavallı, aciz və arqumentsiz olduğunu bir daha çılpaqlığı ilə görmüş olursan... Gültəkin xanımın hələ adi bir açıqlamasından ilk zərbədəcə yıxılıb nokaut vəziyyətinə düşənlər huşları yerinə gələr-gəlməz bunu “düşünüb” ortaya atıblar və hətta elə zənn ediblər, edirlər, etməkdədirlər ki, nəhayət, bu yolla öz hədəflərinə, niyyətlərinə çatacaqlar.Bunu hədəfləyən həmin bəlli qrup, “mətbəx” sahib(lər)i isə yaxşı bilməlidir ki, Gültəkin xanıma qarşı indiyə qədər həyata keçirməyə çalışdıqları “torbatikmə əməliyyatı” uğursuzluğa məhkum olduğu kimi, bu dəfə də eyni aqibət yaşanacaq, özləri öz qazdıqları quyunun içinə düşəcək, tikmək istədikləri torba isə birdəfəlik onların özlərinin başına keçəcək və ya keçiriləcək.Gültəkin xanımı yaxından tanıyan birisi kimi onu da tam əminliklə demək istəyirəm, bu insan heç zaman bunu, yəni, prezidentliyə namizəd olmağı və onu irəli sürməyi xəyalından belə keçirməyib- hansı ki, iqtidarlı, müxalifətli, bitərəfli üzdə olan və prezidentlik iddiası ilə gecə-gündüz alışıb-yananların böyük əksəriyyətindən daha çox elə Gültəkin xanımın buna iddia etməyə haqqı var. Öz ağlı, savadı, biliyi, geniş dünyagörüşü, intellektual səviyyəsi, idarəetmə, nüfuzetmə qabiliyyəti, təmizliyi, xarizması və sair ilə... Ancaq Gültəkin xanım həmişə öz iddiaları ilə imkanlarını uyğunlaşdırmağı, ayağını necə deyərlər, yorğanına görə uzatmağı bacarır və ya bunu bacaranların ön sıralarında gəlir. Odur ki, yuxarıda qeyd etdiyim kimi, Gültəkin xanımı meydandan sıxışdırıb çıxarmaq, onu siyasi-mənəvi cəhətdən yox etmək ehtirası ilə alışıb-yananların budəfəki “taktikası” - bu “taktika” bəlkə də əvvəlkilərlə müqayisədə bir qədər ağıllı təsir bağışlaya bilər - da öz hədəfinə çata, ulaşa bilməyəcək. Ən azı Gültəkin xanım öz xanımağalığı ilə növbəti dəfə həmin bəlli çevrəni xəyalqırıqlığına uğradacaq, onlar üzərində bir daha möhtəşəm mənəvi-siyasi zəfərini qazanacaq. Həyatsa onu yaşamağı, onu qazanmağı, onu haqq etməyi bacaranlarındır!Kamil Həmzəoğlu,modern.az