Azərbaycan Respublikasının Əməkdar artisti, Akademik Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin qala konsertində uğurlu çıxışı ilə böyük maraq doğurub.
AZXEBER.COM xəbər verir ki, iyunun 5-də Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında baş tutan konsertdə sənətkarın ifası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Bahar Seyidova, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gülüstan Əliyeva AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycan musiqisi Türkmənistanda böyük sevgi ilə qarşılanıb:
"Bir daha şahid olduq ki, musiqinin və incəsənətin dili yoxdur. Tamaşaçılar bizə sonsuz sevgi və alqışlar bəxş etdilər. Sevinirəm ki, mədəniyyətimiz burada belə dərin iz buraxa bildi”.
Qala gecəsində Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Rəqs Ansamblı və "Savalan” qrupu da çıxış edərək proqramı daha da rəngarəng ediblər.











































