"Gündən-günə" tok-şousu birmənalı qarşılanmadı (VİDEO)

"Gündən-günə" tok-şousu birmənalı qarşılanmadı (VİDEO)
MEDİA
19:46 07.10.2011
3079

Xəzər televiziyasında yeni tok-şouya start verilib.

AZXEBER.COM-un məlumatına görə, yeni veriliş “Gündən-günə” adlanır. Tok-şounun aparıcıları tanınmış telejurnalistlər Ayşə KərimovaRamal Hüseynovdur. “Gündən-günə”nin ilk mövzusu “Müasir ailə modeli” olub. Verilişdə evlilik verilişlərinin iştirakçıları, jurnalistlər, tələbələr iştirak edib. Veriliş diskussiya şəraitində keçib.

Tok-şou sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb. İzləyicilər AZXEBER.COM xəbər portalının rəsmi “facebook” səhifəsində veriliş haqda fikirlərini yazıblar.

Şəhla Talıbova adlı tamaşaçı veriliş haqda deyib: “Verilişi çox bəyəndim, sevindirici haldır ki, verilişdə aktual sosial mövzular bütün prizmalardan müzakirə olunur. Əminəm ki, bu veriliş gənclərin həyata baxışının formalaşmasında müəyyən rol oynayacaq”. Səhifə üzvü Maya Həsənova isə veriliş haqda fərqli fikirlər söyləyib: "Gündən-günə verilişinə baxdım. Yaxşı verilişdir amma qeyri-adi deyil. Bu formatda verilişlər çox olub. Amma izləməyə dəyər. Maraqlı mövzular olsa veriliş uğur qazanacaq”.

Vüsal Əhmədzadə isə qonaqların həddindən artıq çox danışdıqlarından şikayətlənib. O bildirib ki, aparıcılar qonaqların fikirlərinə müdaxilə etsələr daha yaxşı olar. Səhifə üzvləri Asi Babazadə və Sevinc Abbasova verilişi bəyənsələr də, həmin dəqiqələrdə “Gündən günə”yə yox, məşhur türk serialları “Kurtlar Vadisi Pusu” və “Fatmagülün suçu nə?”yə baxdıqlarını yazıblar. 

Qeyd edək ki, verilişin növbəti mövzusu gənclərin musiqi zövqü haqda olacaq. Verilişdə xalq artisti Akif İslamzadə, əməkdar incəsənət xadimi Faiq Sücəddinov, tanınmış jurnalist İradə Tuncay, “Tin Uşaqları” qrupu, repçi MirYusif, HOST qrupunun üzvü AİD iştirak edəcək.

Xatırladaq ki, “Gündən-günə” verilişi hər həftənin cümə axşamı saat 23.00-da Xəzər televiziyasında yayımlanır. Veriliş Azərbaycan televiziya məkanında bir çox uğurlu layihələrə imza atan “MZ production” tərəfindən hazırlanıb. 

Hacıbəy HEYDƏRLİ

OXŞAR XƏBƏRLƏR