Dini maarifçilik işinin gücləndirilməsində və tolerantlıq dəyərlərinin təbliğində Azərbaycan qadınlarının üzərinə böyük vəzifə və məsuliyyət düşür.
AZXEBER.COM xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Dövlət Komitəsi dini maarifləndirmə işinin gücləndirilməsi məqsədilə müxtəlif qurumlarla birgə silsilə tədbirlər keçirir. Bu dəfə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunan tədbirdə qadınların dini maarifçilik və tolerantlıq dəyərlərinin təbliğindəki rolu müzakirə olunur.
Gündüz İsmayılovun sözlərinə görə, tədbirdə müxtəlif qadın təşkilatlarının, dövlət qurumlarının, Azərbaycan İlahiyyat İnstitutunun, Bakı İlahiyyat Kollecinin nümayəndələri, eləcə də din xadimləri iştirak edirlər. Əsas məqsəd qadınların bu sahədəki potensialından daha səmərəli istifadə etmək və onların rolunu gücləndirməkdir.
Sədr müavini qeyd edib ki, Azərbaycan cəmiyyəti multikultural və tolerant dəyərləri ilə hər zaman fəxr edib. Bu ənənələrin formalaşmasında Azərbaycan qadınlarının da mühüm rolu olub.
O, buna tarixi nümunələr də göstərib. Bildirib ki, Bakıda yerləşən Təzəpir məscidi Azərbaycan qadını Nabat xanım Aşurbəyovanın vəsaiti hesabına inşa etdirilib. Həmçinin Bakıda bir sıra xristian məbədlərinin tikintisi və bərpasında Azərbaycan qadınları maddi dəstək göstəriblər.
Gündüz İsmayılovun sözlərinə görə, hətta Arxangel Mixail kilsəsinin təmiri zamanı Azərbaycan qadınları öz zinət əşyalarını ianə ediblər. Onlardan bunun səbəbi soruşulduqda isə belə cavab veriblər: "Tanrının evi yanmış şəhərə bədbəxtlik gətirir”.
Aynur Babazadə











































