Sentyabrın 23-ü və 24-də Günəş səthində M sinfinə aid partlayışların baş verməsi ehtimal edilir.
AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
İnstitutdan bildirilib ki, qeyd olunan tarixlərdə Günəşdə partlayış aktivliyi ümumilikdə aşağı səviyyədə olacaq. Bununla belə, M sinifli partlayışların baş vermə ehtimalı var.
Daha əvvəl Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat vermişdi ki, Günəşdə partlayış aktivliyində 2021-ci ildən bəri qeydə alınan ən uzunmüddətli fasilə altı günlük sakitlikdən sonra sentyabrın 19-da başa çatıb.
Günəş partlayışları rentgen şüalanmasının gücündən asılı olaraq A, B, C, M və X siniflərinə bölünür. Bunlardan A sinfi ən aşağı, X sinfi isə ən yüksək gücə malik partlayışları əhatə edir.
Partlayışlar zamanı günəş plazmasının kosmosa atılması da mümkündür. Plazma buludlarının Yerə çatması isə maqnit qasırğalarına səbəb ola bilər.











































