“Günəşli”də itkin düşən xeyirxah neftçinin hekayəsi...

“Günəşli”də itkin düşən xeyirxah neftçinin hekayəsi...
Bütün Xəbərlər
18:42 17.12.2015
3370

“Hadisə baş verəndə mənim heç xəbərim yox idi. Böyük qız internetdən gördü, tez zəng etdik ona. Təngnəfəs halda telefona cavab verdi: “Bala, danışa bilmirəm. Vaxtım yoxdur, başım qarışıqdır. Sonra zəng edərəm””.

Bunlar Zaurun atasından eşitdiyi son sözlər olur.

Əbdüləziz Əbdüləzizov dənizdə fırtına ilə yaşam uğrunda mübarizə apardığı dönəmdə, hər kəs həyəcanla ondan xəbər gözləyir.

Bir neçə saatdan sonra yenidən zəng edirlər. Telefonun zəng səsi davam etsə, Əbdüləziz susur. Bir müddətdən sonra onun haqqında xəbər gəlir: “Xəzər Dəniz Neft Donanmasının xilasedicisi Əbdüləziz Əbdüləzizov dekabrın 4-də “Günəşli” neft platformasında baş verən yanğın zamanı itkin düşüb”.

Şahnaz xanımla Əbdüləziz bəy gələn il evliliklərinin 40-cı ilini qeyd edəcək...

“Hadisədən sonra 21 saat onun telefonuna zəng çatdı. Mən fasilələrlə ona zəng edirdim.Amma bu günə qədər heç kim bilmir, o telefon harada olub...Hadisə baş verəndə atam özü platformada olub ya yox, dəqiq deyən yoxdur” -Zaur danışır.

61 yaşlı Əbdüləziz Əbdülzəzizovun peşəsi radiotexnik olsa da gənc yaşlarından neftçi işləyib. Təcrübəli xilasedici kimi son bir ildə iş yerini “Günəşli” neft platformasına dəyişiblər.

“Platforma çox uzaqda idi. Ora heç getmək istəmirdi. Amma 1 ildən sonra əmək pensiyasına çıxacaq. Ona görə də razılaşdı ki, eybi yox,birildir, tez gəlib keçər”- neftçinin həyat yoldaşı Şahnaz Əbdüləzizova deyir.

Əbdülzəziz adı gələndə bu gün Zığda onu neftçidən daha çox televizor ustası kimi xatırlayırlar.

Oğlu Zaursovet dönəmində ağ-qara televizorların təmirçisi işləyən atası insanlara xeyirxahlıq etməyə çox həvəsli olduğunu deyərək bir xatirəni BBC ilə paylaşır:“Suraxanıda əlilliyi olan uşaqların oxuduğu internat tipli məktəb var. Bir gün texnikasını da götürüb getdi həmin internata. Direktora dedi ki, bəs, gəlmişəm internatın televizorlarını düzəltməyə. Direktor ona büdcələrində pul olmadığını deyəndə deyib ki, mən sizdən pul istəmirəm, havayı düzəldəcəm. Elə o vaxtdan atam ora gedib-gəlirdi. Məni də hərdən aparırdı. İnternatın uşaqları hamısı “Valera dayı!” deyib üstünə qaçırdı. Yeni ildə gedib onların Şaxta babası olurdu”.

Oğlu deyir ki, “gününü televizor qarşısında keçirən yaşlı rus kişi obrazı olan Valera” ləqəbini atasına televizor təmiri ilə məşğul olduğu üçün veriblərmiş:“Qəsəbədə də onun xeyirxahlıqlarını unutmurlar. Elə adamlar var, hələ indi də gəlib bizə deyir ki, bəs, o vaxtı Əbdüləziz gəlib televizoru təmir edəndə o qədər olub demişəm pulum yoxdur. O da deyib canın sağ olsun. Televizoru təmir edib gedib”.

Əbdüləziz Əbdüləzizovun gəlini deyir ki, neftçinin bürcü oğlaq olsa da sevimli stəkanı oxatan bürcünün simvolunu daşıyır

“Çox zarafatcıl idi. Həmişə qonşular gəlib deyirdi ki, Abdul belə dedi, Abdul elə dedi.Mən də deyirdim: “Sən heç evdə bizimlə bu qədər zarafat etmirsən. Zarafatlarını elə qıraq-bucaqdan eşidirəm- həyat yoldaşı Şahnaz xanım bir anlıq üzündə təbəssüm xatirələrə dalır.

Burada itkinin kiçik qızı da söhbətimizə qoşulur:“Evdə ən çox mənimlə zarafat edərdi. Adi sözü deyəndə belə zarafat etmədən keçinə bilmirdi”.

“Bayramsayağı adam idi Əbdül. Ziyafət keçirməyi, insanlarla ünsiyyətdə olmağı sevirdi. 30 yanvarda ad günlərini xüsusi keçirdərdi” -deyir bacısı.

Onun dediyinə görə, qardaşı geyiminə qarşı da çox diqqətcil olub, geyimində rəngləri bir-birinə uyğun seçməyi xüsusilə sevirdi. Paltarlarının əksəriyyətini ancaq dərziyə tikdirirdi. Qalstuk taxmağı da xüsusilə xoşlayırdı.

Boş vaxtlarında o, həyətdəki üzüm tənəyini budamağı sevərmiş...

“Atama görə işlədiyi idarədən elə bir dəfə gəldilər. Ən çox gələnlər onu sovet dönəmindən bir yerdə işlədiyi neftçi dostlarıdır.Adını televizorda itkinlər siyahısında görüb bir-bir gəlirlər- oğlu Zaur deyir.

Daha indi heç ne demirlər.Hamının adını da yığışdırıblar. Bilmirsən niyə.Heç nə demirlər. Unutdular. Sanki belə bir hadisə heç olmayıb.Maşın qəzası olanda başqa məsələdir. Heç olmasa gözünlə görürsən və bilirsən ki, nəyə görə ağlayırsan. Amma bizim vəziyyətimizdə bilmirsən nəyə ağlayasan. Ortada heç meyiti də yoxdur”-deyə həyat yoldaşı Şahnaz xanım pərişan halda söhbətimizə qoşulur.

“Biz kompensasiyanı deyil, onu gözləyirik. Kompensasiyadan danışanda mənə ağır gəlir ki, yəni Əbdüləzizə qiymət qoyublar? Biz hələ ki, ümidimizi itirməmişik. Düşünürük ki, gələcək” - deyən itkinin bacısı hələ də dənizin “mərhəmətinə” inanır və qardaşının yolunu gözləyir.

Nəvələri neftçinin yolunu səbirsizliklə gözləyir

Dörd aylıq körpəsini qucağında əzizləyən itkinin gəlini Hökumə deyir:“Təki özü gəlsin, sonra nə sözümüz var, hamısını ona deyəcəyik. Uşaqların bir dövrü olur, əlinə nə keçirsə dartır, saçı yolur. O dövrdə həmişə bığ saxlayırdı ki, uşaqlar bığını yolsunlar. Həmin müddət bitəndən sonra da bığını qırxırdı. İndi gəlsin, balaca nəvəsinin artıq ikinci dişi də çıxır. Özü demiş, “baba nəvəsini dişləsin”.

Əbdüləziz Əbdüləzizov Günəşli yatağında baş vermiş qəza nəticəsində itkin düşən və hazırda axtarılan neftçilərdən biridir

Baş verənləri anlayan 5 yaşlı nəvə də ümidini dilə gətirdi:“Yağış yağsaydı, yanğın tez sönərdi. Babam da evə tez gələrdi”.

Balacalar isə Əbdüləziz babalarını hələ ki, təlqin etməklə yaddaşlarında saxlayırlar. 7 yaşlı qız nəvəsi onun oturduğu kresloda oturur, babası kimi ayaqlarını uzadıb stulun üstünə qoyur və deyir: “Baba televizora baxır”...

OXŞAR XƏBƏRLƏR