Günün 24 saatını torba tikmək olmaz ki...

Günün 24 saatını torba tikmək olmaz ki...
Bütün Xəbərlər
02:15 01.06.2014
2113
Elşən Musayev

28 may Azərbaycan Demokratik Respublikasının qurulduğu gündür. 1918-də.Həm də Şərqdə ilk olaraq. Və deyim ki, bu anlayışı hər kəs də bir cür qəbul eləyir. Bəzən hətta onu bölərək və xırdalayaraq: Demokratiyanı ayrı, şərqi ayrı, respublikanı ayrı olaraq...Məsələn, bu dövləti sevənlər və ümumiyyətlə dövlətçiik anlayışını düzgün, dərindən əxzedənlər üçün eyni adlı tarix bir bünövrədir, ənənədir, üstəgəl ulu babalarımızın, əjdadlarımızın bizlər üçün açdığı dəyərli bir yoldur, eyni zamanda onların göstərmiş olduğu misilsiz qəhrəmanlıq nümunəsidir. Amma müstəqil respublikanın yaranma faktı biriləri üçün də tam fərqli bir anlamdadır. Misal üçün blef xarakterlidir, spekulyasiya təyinatlıdır. Ya da şablondur, protokoldur. Əlqərəz yüz dənə şey. Dedikcə qurtrmaz.

O gün baxıram, müxalifətimiz növbəti dəfə Novxanı məkanında zühur edib. Rəsulzadənin abidəsi önündə. Yenə eyni, pafoslu, biri beş qəpikdən havaya uçurulan sözlər, yenə eyni, bənzər, dırnaqiçi demokratiya təntənəsi və yenə eyni, oxşar, dəyişməyən sifətlər. Hapa-gopa basıb keçirlər, vurub-dağıdırlar, söküb-yığırlar. Rəsulzadə önündə. O Rəsulzadə ki, bunlara heç bir dəxli yoxdur. O Rəsulzadə ki, qurduğu dövlətin, yaratdığı partiyanın uzaq Kambocada məskunlaşan Koran-Boran tayfalarına hər nə qədər aidiyyəti varsa, Əli Kərimli və İsa Qəmbərə də bir o qədər aidiyyəti var. Və nəhayət o Rəsulzadə ki, Allahdan məzarı deyil, abidəsi burdadır. Bu adamların yaxından əlləri çatmır ona. Yoxsa inanın, qəbirdən də olsa qışqırıb, ya da müqəddəs ruhu ilə qapazdan-zaddan vurub susdurardı bunları. Danışmasınlar deyə. Boş-boş, məntiqsiz, eyni zamanda dəyərli insanlar haqqda dəyərsizcə danışmasınlar deyə...

Və bu dəmdə bilirsinizmi nəyi xatırladım? - 2013 Prezident seçkilərini. Üstəgəl bir də Rusiyanın birbaşa adamı olan İbrahimbəyovun Azərbaycan müxalifətini barmağına sarımağını. Hətta heç yadımdan çıxmaz, ömürlük müxalifətimizin əbədi liderləri onda da Novxanıya ziyarətə getmişdilər. Və təsəvvür eləyin, Rəsulzadənin abidəsi önünə əklil qoyulur, boğazdan yuxarı fikirlər, sözlər səslənir, yarım saatdan sonra Bakıya dönülür və təminən 1 saatdan da sonra məhz həmin Rəsulzadəni devirən Rus İmperiyasının əlaltısı, arada gəzəni Rüstəm İbrahimbəyov “Milli Şura”ya sədr gətirilir...

Bax bu dediyim fakt Azərbaycan siyasətinin bu günə qədər olan ən böyük porodokslarından biridir. Eyni zamanda nonsensdir, kuryozdur, hər nədir bilmirəm. Amma reallıqdır. Müxalifətin timsalında ən yeni tariximizə qara hərflərlə yazılan acı bir reallıq!

Ya da İsa Qəmbər düz 25 ildir söyləyir ki, Rəsulzadədən miras qalan bir partiyanı, yəni “Müsavat”ı bərpa eləmişəm. Oysa sual olunur: Nəyini bərpa eləmisən, harasını bərpa eləmisən? Adla bərpamı olur, kağız üzərində miraslıqmı olur? Və ya Rəsulzadənin yanındatutaq Arif Hacılı kimi dünyadan bixəbər provokatorlarmı vardı?Yoxsa Tural Abbaslı kimi saçına “indeyski” ukladka verib şəhərin mərkəzində şou göstərən bisavad gənclərmi?

Rəsulzadə döyüşə, meydana “hürriyyət” deyib çıxıb və ikiil müddətincə də olsa o ləzzəti dadıb və bu millətə daddırmağı bacarıb.Sizlərsə həmin meydana qrant, pul, para, hakimiyyət deyib çıxmısız. Həm də məramsız, məqsədsiz, ünvansız bir formada çıxmısız. Ona görə də nə dadmalı nə də daddırmalı bir şeyiniz var. 25 ildir özünüzü günə verməkdən, siyasətdə lülə qurutmaqdan savayı məşğuliyyətiniz yoxdur...

Və ya təsəvvür edin ki, Rəsulzadənin başqanlıq müddəti bitib və partiyanın qurultayını yüz bəhanə ilə 5 il müddətinə uzadır. Ya da gedib bayaq haqqında danışdığım İbrahimvəyovun yedəyinə çevrilib və 5-10 manat pul-para üçün ortalıqda min oyun çıxarır. Edərdimi, edə bilərdimi? – Xeyr. Çünki, bunu eləmək üçün yalnız və yalnız Əli Kərimli, İsa Qəmbər xislətində olmaq lazımdır. Çünki, bunu eləmək üçün müasir dövrün radikal müxalifətçisi və girdirmə demokratı olmaq lazımdır!

Cənab Prezident İlham Əliyev 28 mayla bağlı söyləmiş olduğu nitqində çox maraqlı bir məqama toxundu. Dedi ki, əgər bizim ilk müstəqilliyimiz 2 il müddətincə davam etmişdisə növbəti müstəqilliyimiz az qala ondan da qısa müddətli olacaydı. Əgər zamanında və məqamında Heydər Əliyev özünü yetirməsəydi.

Zatən reallıq da budur. Və inanın eyni adlı fikirləri, sözləri bu gün Azərbaycan hakimiyyətini müdafiə etdiyimiz üçün təsdiqləmirik, azərbaycançılığı müdafiə etdiyimiz üçün və eyni zamanda Heydər Əliyevin sayəsində hələ də Azərbaycan vətəndaşı və azərbaycanlı ola bilməkdən qürurlandığımız üçün təsdiqləyirik.

O ki qala müxalifətimizin bu günki durumuna...neyləyirlər eləsinlər. Mərdəkandan, Maştağadan, Novxanıdan belə gəzsinlər. Hətta eşitdiyimə görə həmin Novxanının çox gözəl qutabı olur, maraqlı çimərlikləri olur. Getsinlər, yesinlər-içsinlər, gəzsinlər-tozsunlar, çimsinlər, özlərini günə versinlər. Əlqərəz, bir daha söyləyirəm: Neyləyirlər, eləsinlər. Bircə bu millətin beynini xarab, müqəddəslərinsə ruhunu narahatetməsinlər, yetər...

Günün 24 saatını torba tikmək olmaz ki. Hərdən bunun üçün də istirahət lazımdır. Deyilmi?

OXŞAR XƏBƏRLƏR