AZXEBER.COM Gürcüstan baş nazirinin milli məsələlər üzrə köməkçisi Savalan Mirzəyevin portalımıza verdiyi müsahibəni təqdim edir:
-Savalan bəy, baş nazirin köməkçisi vəzifəsinə təyin olunmadan öncə hansı vəzifələri icra etmisiniz?
- 2006-cı ildən hakimiyyətin müxtəlif qollarında çalışmışam. Bir müddət sonra Qardabani rayonu icra hakimiyyətində aparat rəhbəri vəzifəsində çalışdım. Axır 4 ili bizdə İnteqrasiya Məsələləri üzrə nazirlik fəaliyyət göstərirdi. 2014-cü ildən onun adı dəyişdirilərək Barışıqlıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə nazirlik oldu. Orada da bir müddət çalışdım. 2013-cü ilin iyun ayının 13-dən etibarən isə Gürcüstan Baş nazirinin köməkçisi vəzifəsində çalışıram.
- Bir azərbaycanlının başqa bir dövlətin hakimiyyətində aparıcı vəzifələrdən birinə təyin olunması yerli xalq tərəfindən necə qarşılandı?
- Bu gün Gürcüstanda qanunun aliliyi qorunur və milli azlıq olduğun üçün hansısa proseslərdən kənar qalmaq şansı demək olar ki, yoxdur. Gürcü xalqı çox tolerant xalqdır. Burada azərbaycanlıların və ya digər milli azlıqların hakimiyyətdə təmsil olunması onlar üçün problemli məsələ deyil. Onlar üçün əsas olan vəzifədə olan şəxsin millətə, xalqa necə xidmət etməsidir.
- Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini tez-tez mətbuat səhifələrində görmək mümkündür. Ancaq bu gün bu problemlərin kəskin surətdə azalması da göz önündədir. Bəs, hazırda burada yaşayan azərbaycanlıların üzləşdikləri əsas problemlər nədən ibarətdir?
- Gürcüstan dövləti Gürcüstanda yaşayan milli azlıqlarla bağlı yeni dövlət strategiyası hazırlayıb. Bu strategiyada əsas məqsəd milli azlıqların kompakt yaşadığı bölgələrdə dövlət dilinin öyrədilməsi, onların gürcü ictimaiyyətinə inteqrasiyasıdır. Burada təbii ki, ilk növbədə onların adət-ənənələrinin qorunması prioritet olaraq saxlanılır. Hazırda Gürcüstanda milli azlıqlar konkret olaraq milli azlıq olduqları üçün problemlərlə üzləşmirlər. Problemlər isə bütünlükdə Gürcüstanın problemləridir. Bunların həlli istiqamətində istər mövcud hakimiyyət, istərsə də yerli özünüidarə orqanları yeni işlər görür.
- Azərbaycanlıların Gürcüstanın ictimai-siyasi həyatındakı fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bu gün Gürcüstanın ictimai-siyasi həyatında azərbaycanlıların rolu çox yüksəkdir. Bu müsbət tendensiya hər il irəliyə doğru inkişaf edir. Azərbaycanlılar bu gün istər yerli özünüidarə orqanlarında, istər mərkəzi hakimiyyətdə, istərsə də baş nazirlikdə təmsil olunurlar. Amma mən deyərdim ki, bu bizim üçün azdır. Mən istərdim ki, ümumiyyətdə Gürcüstanın bir çox strateji yerlərində peşəkar kadrlarımız işlə təmin olunsun və fəaliyyətlərini buradan davam etdirsinlər. Bu gün onların sayı çoxdur.
- Gürcüstanda yaşayan azərbaycanlıların üzləşdiyi əsas problemlərdən biri də məscidlərin sayının az olması ilə bağlıdır. Hətta paytaxt Tiflisin özündə də məscidlərin az olmasını müşahidə etmək mümkündür. Sizcə bu nə ilə əlaqədardır?
- Azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi, Qardabani, Dmanisi, Laqodexi, Saqeredjo rayonlarında çoxlu sayda məscidlər var. Tiflisdə isə Cümə məscidi var. Onu da qeyd edim ki, Gürcüstan dövləti bu məsələylə bağlı çox böyük addım atıb. Hökumət 4 milyon yarım məbləğində larini dövlət büdcəsindən dinlərin inkişafı üçün maliyyə ayrıldı. Bu məbləğin 60%-i isə Gürcütanda yaşan müsəlmanlar üçün nəzərdə tutulub. 2011-ci ildən Gürcütan Müsəlmanlar İdarəsi də fəaliyyət göstərməyə başlayıb. Artıq bu məbləğin istifadəsi Gürcüstan Müsəlmanlar İdarəsinin öz səlahiyyətində olacaq. Gürcüstanda məscidlərin inkişafı, mədrəsələrin təmiri və bu cür layihələr bu qurumun nəzarəti ilə həyata keçiriləcək. Əlavə olaraq onu da deyim ki, Gürcüstan Baş nazirliyinin yanında Dini Qurumlar üzrə iş Komitəsi yaradıldı.
Əfsələddin Ağalarov