Gürcüstan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların iclası keçirilib. Bir neçə illik fasilədən sonra bərpa olunan görüş noyabrın 6-da İrəvanda baş tutub.
AZXEBER.COM-un xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
İclasa Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya və Ermənistan xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan həmsədrlik ediblər.
Tərəflər komissiyaların fəaliyyətinin bərpasını müsbət qiymətləndirərək dövlət sərhədinin delimitasiyası prosesinin iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin daha da dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Onlar prosesi dialoq və konstruktivlik şəraitində başa çatdırmaqda ortaq maraqlarını ifadə ediblər.
Görüşdə hüquqi məsələlər, razılaşdırılmış protokollar və delimitasiya prosesinin gələcəkdə daha səmərəli aparılmasına imkan verəcək əlavə addımlar barədə fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin delimitasiya prosesinin davam etdirilməsi və komissiyaların gələcək fəaliyyət istiqamətlərini müzakirə ediblər.











































