Gözəl şeylərə fokuslanmaq beynin fəaliyyətini dəyişir

Gözəl şeylərə fokuslanmaq beynin fəaliyyətini dəyişir
SOSİAL
12:20 24.06.2026
168
İnsanın düşüncə tərzi və diqqətini yönəltdiyi məqamlar onun həyat keyfiyyətinə birbaşa təsir göstərə bilər. Son araşdırmalar göstərir ki, müsbət və gözəl hadisələrə fokuslanmaq beynin işləmə mexanizmini dəyişdirərək insanın ətraf aləmi qavrama formasına təsir edir.

AZXEBER.COM xəbər verir ki, aimlərin fikrincə, beyin gün ərzində qarşılaşdığı minlərlə məlumatı seçərək emal edir. Bu proses zamanı diqqət daha çox hansı mövzulara yönəlirsə, beyin də həmin məlumatları ön plana çıxarmağa başlayır. Başqa sözlə, insan davamlı olaraq neqativ hadisələrə diqqət yetirərsə, zamanla ətrafında daha çox mənfi məqam görəcək. Əksinə, müsbət hadisələrə fokuslanan insanlar həyatdakı gözəllikləri daha asan fərq edə bilirlər.

Psixoloqlar bunu beynin "seçici diqqət" mexanizmi ilə izah edirlər. Onların sözlərinə görə, düşüncələr bir növ filtr rolunu oynayır. İnsan hansı hissləri və fikirləri daha çox qidalandırırsa, beyin də həmin istiqamətdə işləməyə başlayır.

Mütəxəssislər qeyd edirlər ki, xoşbəxtlik təkcə böyük uğurlar və ya xüsusi hadisələrlə bağlı deyil. Gün ərzində qarşılaşdığımız kiçik və sadə gözəlliklər də psixoloji sağlamlığa mühüm təsir göstərir. Məsələn, açmış bir çiçəyi görmək, tanımadığınız birinin səmimi təbəssümü, sevdiyiniz insanla qısa söhbət etmək və ya ev heyvanınızın sizə göstərdiyi sevgi hissi belə əhval-ruhiyyəni yaxşılaşdıra bilər.

Araşdırmalara əsasən, hər gün minnətdarlıq hissi keçirmək və müsbət məqamları qeyd etmək stress səviyyəsinin azalmasına, emosional dayanıqlığın artmasına və ümumi həyat məmnunluğunun yüksəlməsinə kömək edir. Bu səbəbdən psixoloqlar insanlara gün ərzində ən azı üç gözəl hadisəni və ya məqamı fərq etməyi tövsiyə edirlər.

Mütəxəssislərin sözlərinə görə, bu sadə vərdiş beynin zamanla müsbət hadisələrə daha həssas yanaşmasına səbəb olur. Nəticədə insan özünü daha rahat hiss edir, gündəlik problemlərlə mübarizə aparmaqda daha güclü olur və həyatdan daha çox zövq almağa başlayır.

Ekspertlər hesab edirlər ki, müsbət düşüncə problemləri görməzdən gəlmək demək deyil. Əsas məqsəd çətinliklərlə yanaşı, həyatın gözəl tərəflərini də görə bilməkdir. Məhz bu balans insanın həm psixoloji, həm də emosional sağlamlığının qorunmasında mühüm rol oynayır.

Aysel
OXŞAR XƏBƏRLƏR