Gözəl Şuşamız 15 milyona satılıb - VIDEO

Gözəl Şuşamız 15 milyona satılıb -  VIDEO
Bütün Xəbərlər
02:46 09.05.2014
2811

Elşən MusayevDüz 22 ildir Dağlıq Qarabağın gözü, eyni zamanda Azərbaycan musiqisinin beşiyi hesab olunan Şuşamız erməni tapdağı altındadır. Düz 22 ildir sinəmizə saplanan bıçağı heç bir vəchlə çıxarıb, söküb, ata bilmirik. Düz 22 ildir Şuşasız Azərbaycan və Şuşasız azərbaycanlı olmağa davam edirik...

Bilmirəm həmin işğal günü kimin yaddaşında necə qalıb, amma şəxsən mənim tam xatirimdədir: Çörək növbəsində idim. Daha doğrusu növbə qırğınında. Hansı ki, o vaxtlar çörək almaq təxminən milli qəhrəman statusuna yiyələnmək kimi bir şey idi. Əlqərəz, xəbər insanlara elə bir vaxtda çatdı ki, onlar artıq öz canlarının və mədəsinin hayında idilər. Bax bu qədər sındırılmışdılar, bu qədər mənəvi aşınmaya sövq edilmişdilər. Və ya zamanında bir tək Topxana meşəsi yandı deyə, az qala dünyanı və bəşəriyyəti silkələməyə hazır olan bir millət, artıq Qarabağın göz nuru olan Şuşanın belə gedişini son dərəcə acı soyuqqanlıqla və biçarə vəziyyəti ilə seyr etməyəməcbur idi. Daha doğrusu məhkum! Çünki, elə bir dövrdə yaşayırdıq ki, hər gün hər məhəllədə ən az bir yas mağarı qurulurdu. Ölüm, şəhid, müharibə, məğlubiyyət adı artıq insanlar üçün adiləşmişdi. Hətta erməni qalsın bir yana, valideynlər uşaqlarını həyətdə futbol oynamağa belə qoymurdular ki, tez durun gəlin evə, deyəsən Surət Hüseynov Gəncədən Bakıya doğru yön alıb. Qıra-qıra, ata-ata gəlir. Və nəhayət biz elə bir dövrdə yaşayırdıq ki, xarici siyasətimizin başında fizika müəllimi Tofiq Qasımov, hərbi siyasətimizin başında isə riyaziyyat müəllimi Rəhim Qazıyev gedirdi. Həm də açıq bir müharibə vəziyyətində olmamıza rəğmən. Üstəgəl eyni adlı dövrdə diplomatik münasibətlərin bizlər üçün nə qədər ciddi bir önəm daşımasına rəğmən! Və təbii, belə olan halda Şuşanın getməyi getməməyindən daha çox məntiqli və daha çox gözlənilən idi.

Bir zamanlar həmin o haqqında danışdığım Rəhim Qazıyev deyirdi ki Şuşanın elə bir sıldırım qayaları var, oradan dovşan belə ötə bilməz. Eyni zamanda demək olar bütün hərbi ekspertlərin gəldiyi mütləq qənaət bundan ibarət idi: Yalnız hava hücumu ilə, ya da çox ciddi bir canlı qüvvə itkisi ilə Şuşanı qazanmaq olar. Fəqət, nəhayətində nə baş verdi? - Bunların heç biri.Və ya Rəhim Qazıyevin təbirincə desək, dovşan keçməz qayalardan erməni keçər oldu. Üstəgəl keçəndə də rahat, problemsiz, qurbansız - filansız keçər oldu. Kimin hesabına? - Özlərindən başqa hamının! Ələlxüsus da rusun və sapı özümüzdən olan baltaların hesabına...

Şuşa ilə bağlı çox müxtəlif versiyalar səslənir: Satılıb, satdırılıb, verilıb, verdirilib və s ilaxır. Ehtimallar çoxdur, eyni zamanda təfsilatlara varmaq - həm də 22 il sonra - elə də asan məsələ deyil. Amma, ortalıqda bir də dırnaq içində də olsa göz oxşayan məqamlar var. Üstəgəl öz təsdqini illərdir aksiom formatında və dəqiqliyində tapan məqamlar... Həmin məqamlar və səbəblər toplusunun başında isə birmənalı olaraq naşı hakimiyyət faktoru gedir. Məhz o dövrün naşı hakimiyyəti! Hansı ki, ümumən Qarabağ adlı bəlamızın banisidir. Hansı ki, bir tək hərəkəti ilə deyil, bəzən həm də hərəkətsizliyi ilə Azərbaycanı yaman günə qoydu və nəhayət hansı ki, bir il müddətincə başımıza açdıqları oyunlardan, bəlalardan düz 22 ildir xilas ola bilmirik, bir il müddətincə tökdükləri zir-zibilləri düz 22 ildir yığıb-yığışdırıb qurtara bilmirik.

***

Şuşanı ən son tərk edən insanlardan biri, eyni zamanda bu şəhər uğrunda gedən ən ağır döyüşlərin iştirakçısı Mirdaməd Hüseynov işğaldan dərhal sonra bunları söyləyib: “Biz vuruşduq. Hakimiyyət də. Fəqət, biz erməniyə qarşı vuruşduq. Hakimiyyət isə bizə qarşı. Verməzdik, verməməli idik, verməyəcəkdik o torpaqları. Bunun üçün hər şeyimiz də vardı. Qeyrətimizdən tutmuş təpərimizə qədər. Sadəcə dəstək və köməyimiz olmadı. Bizi məhv edən də bax o idi. Hətta son anda, döyüşlərin ən qızğın çağında eşitdik ki, gözəl Şuşamız artıq hərraca çıxarılıb. Həm də düz 15 milyon dollara.Həmin an bir əsgərin nə hiss elədiyini isə inanın, kimsə təsvir eləyə bilməz. Hətta istəsə belə bunu bacarmaz!”.

***

Dünən isə elə bu yazı ilə bağlı fikir və məlumatlarımı bir az da zənginləşdirmək istəyirdim ki...qarşıma çox maraqlı bir material çıxdı -Şuşa qaçqını olan Sürəyya xalanın müsahibəsi. Unutdum hansı mətbu orqanda getmişdi, amma inanın son dərəcə ağrılı müsahibə idi. Və elə fikrimi də həmin müsahibədən götürdüyüm son dərəcə kövrək bir sitatla yekunlaşdırmaq istəyirəm. Sürəyya xala söyləyir: “Bu gün Şuşanın işğalından bəri Maştağada kirayə qaldığımız həyət evində bağı - baxçanı suluyarkən əməllicə şok oldum. Hətta gözlərimə inanmadım. Baxcamızda xarı bülbül bitmişdi. O yanına keçdim, bu yanına keçdim, bir də baxdım. Yenə inanmadım. Axi o başqa torpaqlarda bitmirmiş, açmırmış, böyümürmüş. Üstəgəl toxumsuz - filansız. Amma özü idi. Xarı bülbül. Baxcamıza qonaq gəlmişdi. Düz 22 ildir bizim gəlmədiyimizi görüb, bezib, darıxıb özü gəlmişdi...”

OXŞAR XƏBƏRLƏR