“Bakı” klubu Antalyada təlim məşq toplantılarını davam etdirir.
AZXEBER.COM-un məlumatına görə, klubumuzun Rumıniya təmsilçisi “Panduri”yə qarşı yoxlama oyununu izləyənlər arasında tanınmış futbol mütəxəssisi, “Qalatasaray”la UEFA kuboku və UEFA superkubokunu qazanmış futbolçu, Rumınıya milli komandasının heyətində 125 oyun keçirirərək 35 qola imza atan əfsanəvi George Haci da var idi. Vaxtilə “Real" Madrid” və "Barselona" kimi nəhəng klubların formasını geymiş Haci karyerasını bitirdikdən sonra məşqçilik fəaliyyəti ilə məşğul olur. Türkiyədə “Bursaspor”, “Qalatasaray”, Rumıniyda “Styaua” kimi komandalara da rəhbərlik edib. Haci 2001-ci ildə Rumıniya milli komandasının sükanı arxasına da keçib.
"Bakı"-"Panduri" oyununu izləyən əfsanəvi futbolçu Haci fikirlərini bölüşüb:
“Panduri” və “Bakı” arasında keçirilən yoxlama görüşünə bizim ölkədə böyük maraq var. Təsadüfi deyil ki, bu oyun canlı yayımlanır. Mən Antalyada olduğumdan bu görüşü canlı izləmək qərarına gəldim. Azərbaycanda bir çox tanışlarım var, onlarla tez-tez əlaqə saxlayıram. Dostlarım mənə sizin ölkənizdə futbolun sürətlə inkişaf etdiyini deyirlər. Görürəm ki, həqiqətən də, belədir. Azərbaycanda futbolun inkişafına önəm verən 1 nömrəli komanda, məhz, “Bakı”dır. Bu barədə məlumatım var. Klubunuz futbol naminə böyük işlər görür, bu təqdirəlayiqdir.
Oyuna gəldikdə, qeyd edim ki, komandanızın heyətində səviyyəli futbolçular var. Sadəcə olaraq, onların bir-birilərinə tam uyğunlaşmadığları görünür. Qol vura bilməsələr də, tez-tez qol epizodları yaradırlar. "Bakı" güclü komanda olduğunu göstərdi. Bu komandanın gələcəyini görürəm."
Ozal İbrahimli