Hacı Şahin: ‘Anam öləndə ehsan vermədim’ – MÜSAHİBƏ – FOTOLAR

Hacı Şahin: ‘Anam öləndə ehsan vermədim’ –  MÜSAHİBƏ – FOTOLAR
Bütün Xəbərlər
17:52 12.12.2014
20768

“Dini təhsil təkcə diplomla bağlı deyil"

Məşədi Dadaş Məscidinin imam camaatı Hacı Şahin AZXEBER.COM-un qonağı olub. Qonağımızla günümüzdə bu gün aktuallıq kəsb edən bir çox problemlərlə bağlı geniş söhbətimiz oldu.

Müsahibədə ölkədəki dini situasiya, radikal cərəyanların dağıdıcı fəaliyyəti, dini hökmlərin icrası, eyni zamanda, həmsöhbətimizin fəaliyyəti ilə bağlı çoxsaylı suallar və bir çox başqa məsələlər ətrafındakı fikir mübadiləsini, ilahiyyatçı alimin maraq kəsb edən fikirlərini oxuculara təqdim edirik.

-Hacı, ilk olaraq söhbətə dini təhsilinizin olmaması ilə başlayaq. Sizin dini təhsiliniz yoxdur. Niyə?

Rəsmi dini təhsil almamışam. BDU-nun tarix fakültəsini bitirmişəm. Sonra ərəb, fars dillərini öyrəndikdən sonra ciddi şəkildə mütaliəyə başlamışam, bunun hesabına da dini elmlərə yiyələnmişəm.

-Sizə hansısa təsirlər oldumu, yoxsa şəxsi təşəbbüslə belə bir addım atmısınız?

İlk dəfə 1992-ci ildə ibadət etməyə başlamışam. Onda 18 yaşım var idi. O vaxtlar müstəqilliyi yenicə qəbul etmişdik və din xüsusi olaraq təbliğ edilmirdi. Ailədə də konkret olaraq din təbliğ olunmayıb. Ailədə hamı dindar olub. Amma dinə münasibətdə mənə kiminsə təsiri olmayıb.

-Hacı, yeni təyinatınızın mahiyyəti ilə bağlı suallara aydınlıq gətirməzdən öncə istərdik ki, dini təhsilinizin olmadığı halda 2001-ci ildə Məşədi Dadaş məscidinə imam camaat təyin olunmanız haqqında açıqlama verərdiniz.

Rəsmi dini təhsil almasam da, faktiki olaraq, dini fəaliyyətlə məşğul olmuşam. Hesab edirəm ki, dini təhsil təkcə diplomla bağlı deyil. Özümü şişirtmək də istəmirəm. Biz şəxsi mütaliə ilə universitetdə verilən dini təhsilə müstəqil şəkildə yiyələnmişik. Yəgin ki, uzun zaman dini maarifləndirmə fəaliyyət göstərməyimiz belə bir təyinata səbəb oldu.

-Gələk yeni təyinatınıza. Ölkədə dinin təbliğində hansı boşluqlar var ki, belə bir təyinata zərurət yarandı?Sizin Şeyxülislamla ölkədəki dini situasiya ilə bağlı narahatlıq doğuracaq məsələlər ətrafında fikir mübadilələriniz olmuşdumu? Siz hazırda davam etdirdyiniz fəaliyyətinizdə də insanlar arasında islam dini ilə bağlı maarifləndirmə işi aparırsınız. Sizin haqqınızda belə bir təyinatın verilməsi hansı zərurətdən doğdu?

Məscidlərin fəaliyyətinə nəzarət, onların fəaliyyəti haqqında Qafqaz Müsəlmanlari Ruhani idarəsinə hesabatlar hazırlamaq səlahiyyətləri verilib. Dini sahədə boşluq olursa, xarici ölkələrin müəyyən qüvvələri tərəfindən bu boşluğu doldurmağa cəhd edən dairələr tapılır. Bu barədə zaman-zaman narahatlığımı bildirmişəm. Şeyxülislamın da bu barədə daima narahatlığı var. Azərbaycanda dinin müasir dövrün tələblərinə uyğun təbliğ olunması ən ümdə məsələdir. Problemlərdən çıxış yolunu birgə axtarmışıq.

‘Şeyxlə tanışlığımız həmin dövrə təsadüf edir’

-Şeyxlə isti, yaxın dostluq münasibətlərinizin olması haqqında səsləndirilən fikirlərə münasibətinizi bilmək maraqlı olardı. Bu belədirmi?

Şeyxülislamla normal münasibətlərimiz var. Onunla xüsusi isti münasibətimiz olmayıb. Bir vaxtlar dinin, milli-mənəvi dəyərlərin təbliği ilə məşğul olurduq. O vaxtlar bu məsələ ilə bağlı az adam məşğul olurdu. Şeyxlə tanışlığımız həmin dövrə təsadüf edirdi. O illərdə Şeyxülislamla bir sıra görüşlərimiz olurdu və o bizim müəyyən tədbirlərimizə dəstək olurdu.

-Yeni təyinatınızla bağlı hazırda fəaliyyət aparırsınızmı? İlkin olaraq açıqlamalarınz varmı?

Bəli. Məscidlərin fəaliyyəti ilə bağlı artıq ilkin hesabatlar hazırlayıb QMİ-yə təqdim etmişik. Din xadimlərinin səviyyəsinin artırılmasına ehtiyac var.

-Hansı narahatlıq doğuracaq məqamlar var?

İlkin olaraq din xadimlərinin savadının artırılmasına diqqət çəkmişik. QMİ tərəfindən bu məsələ ilə bağlı işlər aparılır və biz bunun davam etdirilməsini istəyirik. Dini elmlərlə yanaşı, dünyəvi elmlər haqqında da mühazirələr aparılır. Əsasən, dünyagörüşün səviyyəsinin artırılmasına diqqət yetirilir.

-Azərbaycanda dini situasiyanı necə dəyərləndirirsiniz?

Azərbaycanda dinlər və məzhəblər arasında qarşıdurma yoxdur. Bu, bizim tarixi nailiyyətimizdir, şişirtmə deyil. Azərbaycanın tarixində heç bir zaman dini zəmində qarşıdurma olmayıb. Avropa dövlətlərində tolerantlıq bir hüquqi öhdəlikdirsə, bizdə bu mənəvi dəyərdir. Məzhəbindən asılı olmayaraq, azərbaycanlılar qardaş kimi yaşayıblar. Artıq müştərək ailələr yaranıb, hansısa məzhəb digərini diskriminasiyaya məruz qoymayıb. Azərbaycanda bu yüksək bir dəyərdir. Bu günlərdə İtaliyada keçirilən nüfuzlu bir tədbirdə Azərbaycan məhz bu məsələdə nümunə kimi təqdim olunub.

‘Bu qruplar ölkəmizdə də dağıdıcı işlər aparmaq istəyirlər’

-Ölkədə gənclər hansı səbəblərdən dini radikal qrupların təsiri altına düşürlər? Azərbaycanı tərk edib Suriyaya və başqa ölkələrə döyüşməyə gedirlər?

Bu faktdır ki, dünyanın bəzi ölkələrində din adı altında bəzi qruplar insanları öldürür, işğallar həyata keçirirlər, cihad kəlimələri səsləndirirlər. Və təəssüf ki, bu fikirlərin səsləndirilməsində Azərbaycanın da adı çəkilir. Azərbaycan insanının düşüncəsində radikallığa heç bir zaman yer olmayıb. Radikal düşüncələrin Azərbaycanda inkişaf perspektivi yoxdur, ola da bilməz. Azərbaycanlının dini təfəkküründə əsas yeri Allaha məhəbbət tutur. İslam dini azərbaycanlının düşüncəsində radikallıqla deyil, humanizmlə yer alır. Bu qruplar islam adı altında dağıdıcı fəaliyyətlə məşğul olurlar, bir çox azərbaycanlı gənci öz ətraflarına çəkərək cihad adıyla Suriyaya və İraqa döyüşlərə göndərə biliblər. Bu, təəssüf doğuran bir haldır. Bu gün dövlət qurumlarının qarşısında duran ümdə vəzifə radikal qrupların fəaliyyətini üzə çıxarmaq, onların maliyyə mənbələrini aşkar etməkdir. Çünki burda maddi mənafe də önəmli rol oynayır. Dünya miqyasında külli miqdarda vəsait xərclənir bu qrupların dağıdıcı fəaliyyətlərini reallaşdırmalarına, cərəyanların təbliğinə. Onlar Azərbaycanda da müəyyən qədər dəstək qazanıblar. Bu qruplar ölkəmizdə də dağıdıcı işlər aparmaq istəyirlər. Amma hüquq-mühafizə orqanları zamanında bu fəaliyyətlərin qarşısını ala bilirlər.

-Hacı, Sizin İranla, qonşu ölkənin din xadimləri ilə bağlılığınızın olması barədə də fikirlər səsləndirilir. “İranın sizin üzərinizdə təsiri var” – deyənlər də var. Bu barədə nə deyə bilərsiniz?

Mən xarici ölkədə dini təhsil almamışam. Düşünürəm ki, bu fikri radikal cərəyanların təmsilçiləri ortaya atırlar. Mənim hansısa xarici ölkənin təsiri alıtnda olmağım fikrini səsləndirmək gülüncdür. Çünki fəaliyyətim kifayət qədər şəffafdır. Xarici təsirləri neytrallaşdırmaq bizim fəaliyyətimizin əsas istiqamətlərindəndir. Azərbaycanda tarixən olan ənənəvi süni və şiə məzhəbləri olub. Biz özümüzü konkret bir məzhəb təmsilçisi kimi təqdim etməmişik. Bu da radikal cərəyanları narahat edir. Hər zaman çaışırıq ki, Azərbaycanda din xarici ölkələrin təsiri altında olmasın. Bu barədə konkret fakt ortaya qoyula bilməz. Əksinə, bunlar xaricdən istiqamətləndirilən insanların fikirləridir. Bu günki qloballaşma mühitində dövlətlərin bir-birinə təsiri qaçılmaşzdır. Dini mühitə də müəyyən təsirlər ola bilər. Biz həmişə ölkədə barışdırıcı mövqedən çıxış etmişik. Hansısa məzhəbin mövqeyindən çıxış etməmişik. Bu da radikal cərəyanların, qrupların təmsilçilərini ciddi şəkildə narahat edir.

-Niyə?

Hansısa din xadiminin adının hallandırılması fikirlərini məqsədli şəkildə ortaya atırlar.

-Hacı, Siz özünüzlə bağlı bu suala cavab verdiniz. Necə hesab edirsiniz, xarici ölkələrin müəyyən dairələri ilə bağlılığı olan ölkədə rəsmi dini fəaliyyətlə məşğul olan kəslər varmı?

Azərbaycanda xarici ölkələrin müəyyən dairələrinin təsiri altında olan rəsmi dini fəaliyyətlə məşğul olan insanların olmasına inanmıram. Amma din adı altında fəaliyyət görüntüsü yaradan bəzi şəxslərin xarici ölkələrin təsiri altında olmasını istisna etmək olmaz və zaman-zaman güc strukturları tərəfindən belə insanlar zərərsizləşdirilir. Bu da onu göstərir ki, xarici dövlətlərin Azərbaycanın dini mühitinə təsir etmək istəkləri var və bu istəkləri də məhdudlaşdırmaq bizim ümdə borcumuzdur.

"Diri-diri insanı qətlə yetirməyin dinə aidiyyəti yoxdur" 

-Ölkədə dini icmaların fəaliyyətinə nəzarət edən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Sizin də təmsil olunduğunuz Qafqaz Müsəlmanları Ruhani İdarəsi də fəaliyyət göstərir. Amma ölkədə ciddi maliyyə qaynağı tapa bilən, gəncləri ətrafına toplaya bilən, qruplaşa bilən şəxslər var, onları radikallaşdıran cərəyanlar fəaliyyət göstərə bilirlər. Bu şəxslərə, qruplara radikal addımlar atana qədər nəzarət niyə zəif olur?

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq şəraitində işləyirik. Bu məsələlər bizləri də çox narahat edir. Bu cərəyanlara qarşı mübarizədə din xadimləri öndə olmalıdırlar. Onlara qarşı nəzarət yalnız qanun müstəvisində aparıla bilməz. Dinin təbliği də bu situasiyada əsas faktor rolunu oynamalıdır. Azərbaycanda vəziyyət başqa ölkələrlə müqayisədə faciəli deyil. Onlar indiyə qədər ölkədə dağıdıcı fəaliyyət göstərə bilmirlər. Azərbaycanda hüquq-mühafizə orqanları bu işlə məşğul olurlar. Bu cərəyanların Azərbaycanda heç bir sosial bazası yoxdur.

-Ölkədə radikal cərəyanlara, qruplara nəzarət ürəyinizcədir?

Təbii ki, bizim arxayınlaşmağa ixtiyarımız yoxdur. Bu məsələdə nəzarət sərtləşdirilməlidir. Bütün dövlət qurumlarının, xüsusilə də, bizim bu məsələdə üzərimizə böyük məsuliyyət düşür.

-Azərbaycan gəncinin radikal cərəyanlarının düşüncəsinə, fikirlərinə ehtiyacı niyə yaranır? Niyə onlara çox qulaq asırlar? Radikal cərəyanlara qoşulma faktorunun arxasında təkcə maliyyə məsələsi dayanmır. Sizlərin də fəaliyyəti yetərincə deyil. Bu məsələlərlə bağlı düşüncələrinizi bilmək istərdik.

Gənclərin dinə marağı artır. Yerli din xadimləri tərəfindən bu maraq doldurulmadıqda insanlar başqa təsirlərə məruz qalırlar. Radikal cərəyanlar bu boşluqdan istifadə edirlər. Dinin təbliğinin səviyyəsi aşağı olduqda bundan istifadə edənlər tapılır.

-Niyə dinin təbliğinin səviyyəsi aşağıdır?

Aşağı olmasının səbəbi odur ki, bizdə din ənənə olaraq yaşanırdı. Elmi səviyyədə təbliğ zəif idi, dini təhsil verəcək təhsil ocaqları yox idi. Amma artıq bu məsələlər aradan qaldırılıb. Din xadimləri yetişir və onların təkmilləşdirilməsi üçün iş aparılır.

-İŞİD-ın Azərbaycanda maraqları olduğunu söyləmisiniz? Nəyə söykənərək bu fikri açıqlamısınız?

İŞID-ın əsas ideologiyası təkfirçilikdir. Təkfir küfr sözündəndir. Təkfirçiliyin də əsas xüsusiyyəti inkarçılıqdır. Təkfirçilər onlar kimi düşünməyəni kafir hesab edirlər. Etdikləri vəhşilikləri din adıyla bağlayırlar. İnsanların müqəddəs hisslərinə istinad edirlər. Vəhşilikləri cihad, müqəddəs savaş adlandırırlar. Ümumiyyətlə, diri-diri insanı qətlə yetirməyin dinə aidiyyəti yoxdur. Ən böyük faciə isə bütün bunların din adı ilə edilməsidir. Diri-diri baş kəsmə cəzası nə zaman islamda olub? Bu nə Qurani-Kərimdə, nə də hədislərdə yoxdur. Təəssüf ki, bəzən gəncləri öz təsirləri altına sala bilirlər. Onların məqsədi Azərbaycanda məzhəblər arasında qarşıdurma yaratmaqdır. Şiələri rafizlər adlandırırlar. Yəni dindən çıxmışlar. Onlar dəfələrlə sosial şəbəkələrdə çağırışlar edirlər ki, rafizlərlə haqq-hesab çəkəcəyik, evlərində qanına boyayacağıq, qadınlarını kəniz kimi götürəcəyik və s. Radikallıq əsasən savadsız insanları təsiri altına sala bilir. Həm də çox böyük maliyyə qaynaqları bu fəaliyyətlərdə rol oynayır. Necə Taliban yaradılmışdı, indi də bu qrupları yaradıb və dəstəkləyirlər. Burada əsas məqsəd islam haqqında yanlış fikir yaratmaq, yaymaqdır.

-Hacı Qamət deyib ki, zərurət yarandıqda insan ətini yemək halaldır. Bu fikirlə bağlı nə deyə bilərsiniz?

Qurani-Kərimdə müsəlmana donuz ətini yemək haram sayılır və zərurət yarandıqda az miqdarda yeməyə izn verilir. Amma ölmüş insanın ətini yeməklə bağlı hansısa hökm eşitməmişəm, fikrin yer aldığını deyə bilmərəm. Müasir dövrdə daha çox insanlara lazım olan sözləri söyləmək lazımdır. Hətta həqiqət olan bəzi sözləri söyləmək lazım deyil. Həqiqəti demək vacibdir. Amma hər həqiqət söylənilməlidirmi?

“Bəzi İslam alimləri cinsini dəyişən insanlara normal yanaşmağı tələb edir”

-İnsanların öz cinslərini dəyişməsi barədə fikirləriniz nədir? İslamda bu necə qarşılanır?

Bəzən bu fikirlər məqsədli şəkildə səsləndirilir. Bəzən olmayan bir fikir belə qabardılır və bunun ətrafında yanlış ajiotaj yaradılır. Bəzi insanlar var ki, onlar qüsurlu doğulur. İkicinsli insanlar var və onlar anormal hesab olunurlar. Bəzi din alimləri hesab edir ki, bu şəxslərin tibbi üsulla həqiqi cinsi müəyyən edilsin və o cinsə uyğunlaşdırılsın. Bu elmin nailiyyətidir və din də buna izah verməlidir. Bu hallara istisna hallarda icazə verilir. Amma bunu qəti şəkildə qəbul etməyən alimlər də var. Biz desək ki, bu qadağan olunsun, o zaman da deyəcəklər ki, din inkişafa qarşıdır.

-Dində kəbin haqqında nə deyilir? Elşad Miri dində kəbinin vacib olmadığını söyləyib.

Quranda qarşılıqlı razılıq əsasında ailə qurulması prinsipi irəli sürülür və ailə Allahın qüdrət nişanəsi olaraq təqdim edilir. Sonradan peyğəmbərə bu məsələdə müraciət ediblər. Onun tərəfindən kəbin irəli sürülüb. Hər iki tərəfin razılığı ilə əqd bağlanmalıdır. Dini qaydalar Allahın adının yada salınmasıdır.

-Din xadimləri bəzi hallarda rəsmi nikahları olmayan şəxslərdən pul alıb kəbin kəsirlər.

Bütün sahələrdə olduğu kimi, din xadimləri arasında da təəssüf ki, yanlış addım atanlar var.

-Dini kəbin kəsiləndə pul alınmalıdırmı?

Xeyr. Bizim məsciddə elan etmişik ki, kəbin üçün pul alınmamalıdır. Kəbin üçün pul şərt kimi tələb edilməməlidir. Amma kəbin kəsiləndə pul vermək məsələsi verən və alan arasında razılıqla olunubsa, buna qarışmırıq.

'Din bir neçə ailə qurmağa icazə verir'

-Hacı Qamət deyib ki, qaş alan qadın lənətlənib. Bununla bağlı, nə deyə bilərsiniz?

İnsanları fəsada çəkmək niyyətli fikirlər səsləndirilir. Bu məsələlərə yanaşma birmənalı deyil. Bəzi din alimləri buna icazə verir. Amma bəziləri də bu mövqenin əksini söyləyirlər. Ümumi fikir budur ki, insanları günaha çəkmək olmaz.

-Bir insanın məzarı torpağa qarışdıqdan sonra həmin torpağa yenidən ölünün dəfn olunması mümkündürmü?

Əgər dəfn olunan şəxsin bədəni tam olaraq torpağa qarışıbsa, o zaman olar.

-Namazda çaşmaq, duaları unutmaq halları ilə bağlı oxucuların sualları var.

Bəzi səhvlər var ki, onlar namazı batil edir. Namazda səhvə görə, sarsıntıya düşmək lazım deyil. Sadəcə, səhvi aradan qaldırmaq lazımdır.

-Dində çoxarvadlılıqla bağlı açıqlama verməyinizi istərdik.

Peyğəmbərimizin ailə qurmasının ictimai və siyasi səbəbləri olub. Tarix elmində nikah diplomatiyası adlanan məfhum var. O, tayfaları, qəbilələri barışdırmaq üçün qohumluq əlaqələri yaradıb. Bunu cinsi münasibətlər kimi qələmə vermək bağlamaq doğru deyil. Din bir neçə ailə qurmağa icazə verir. Amma bu dinin təşviq etdiyi və bəyəndiyi əməl deyil. Bu məsələdə ədalət prinsipi gözlənilməlidir.

-Yaxın insanını itirən zaman ağlamağa, çox acı çəkməyə münasibətiniz necədir?

Peyğəmbər övladını itirən zaman ağlayanda ondan soruşublar, o da deyib ki, ağlayıram, amma qəlbim Allahdan razıdır. Yaxınını itirəndə ağlamaq normaldır, amma üsyan etmək doğru deyil.

-Yas məclislərində verilən ehsanlarla bağlı verilən açıqlamalarda qadağaların tətbiq edilməsi fikri irəli sürülmüşdü. Amma heç nə dəyişmədi.

Ehsanlarda israfçılığa yol verilməməlidir. Ehsan rəqabətə çevrilməməlidir. Bu dinə ziddir. Başdaşları bu şəkildə qoyulmamalıdır. Müsəlman ölkələrində bizdəki kimi başdaşları qoymurlar. Quran israfı bizə qadağan edir. İsraf edənlər şeytanın qardaşlarıdır. Baxışları yeniləməliyik.

-Heç kim özündən başlamır. Bəlkə ilk addımları Siz atasınız?Bununla da, cəmiyyətə mesaj verəsiniz.

Çox doğru fikir səsləndirdiniz. Peyğəmbərimizin görüşlərinin bu günədək gəlib çıxmasının səbəbi odur ki, onun dedikləri ilə əməli üst-üstə düşürdü. Mən anam dünyadan köçəndə ona ehsan vermədim.

Söhbətləşdi:

Əfsələddin Ağalarov

Mətanət Əliyeva

OXŞAR XƏBƏRLƏR